Hakimiyyət ard-arda sərt bəyanatlar qarşısında; vəziyyətdən çıxış yolu axtarılır
Fransanın Xarici Işlər və Inkişaf Nazirliyi araşdırmaçı jurnalist Xədicə Ismayılın həbsi ilə bağlı bəyanat verib. Nazirlik bildirir ki, jurnalistin həbsindən narahatdır:
“Fransa Respublikasının Prezidenti Azərbaycana may ayında səfəri zamanı Xədicə Ismayıl ilə görüşüb. Fransa Azərbaycanın hökumət orqanlarını Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının qarşısında götürdüyü öhdəliklərə riayət etməyə, o cümlədən mətbuat azadlığına, ədliyyə sisteminin müstəqilliyinə, müdafiə hüquqlarına və təqsirsizlik prezumpsiyasına riayəti təmin etməyə çağırır”, – deyə nazirliyin bəyanatında deyilir.
Nazirlik bildirir ki, Xədicə Ismayılın situasiyasını diqqətlə izləyəcəklər.
Qeyd edək ki, bundan ABŞ Dövlət Departamenti Xədicə Ismayılın həbsilə bağlı sərt bəyanat vermişdi. Avropa Parlamenti də Azərbaycandakı həbsləri, xüsusilə Xədicə Ismayılın həbsini tənqid atəşinə tutub. Artıq hökumət də fərqindədir ki, “qırmızı xətti” keçib və Qərblə münasibətlərin normallaşması yalnız və yalnız ciddi islahatlar nəticəsində ola bilər.
Hakimiyyət artıq beynəlxalq təşkilatlarla deyil, dövlətlərlə üz-üzədir. Əgər beynəlxalq təşkilatlara “ermənipərəst” damğası vurmaq olurdusa, dövlətləri bu ittihama məruz qoymaq hakimiyyətin vəziyyətini daha da ağırlaşdırar. Bu baxımdan iqtidar düşərgəsində narahatlıq var. Məlumatlara görə, hakimiyyət təzyiqlər nəticəsində siyasi məhbusları azad etmək istəməsə də, vəziyyətdən çıxmaq üçün başqa yol da tapa bilmir.