Biz nağıllarda divin çırtdana uduzduğunu, uduzub yalvaran duruma düşdüyünü görmüşdük. Indi biz bunu gerçəkdə də görürük: əliyevçi rejim “Azərbaycan”, “Yeni Azərbaycan”, “Səs”, xalqsız “Xalq” qəzetləri, AzTV-lərilə Amerikanın üstünə getdikcə, Amerika yalvara-yalvara geri çəkilir. Amerika qorxur, Amerika üşüdür, Amerika bunların ayağına düşür… di gəl, bunlar yumşalmaq bilmirlər. Bunun sonu necə olacaq, Amerika özünü bunların qarşısında necə doğruldacaq – kimsə bilməz. Görəsən, dünyada bu qorxulu gedişin haralara varacağını bilən varmı?
Varsa, niyə ortaya çıxıb bildiyini bizə bildirmir? Bilmək çətindir. Məncə, bunu bilsəydi əliyevçi rejimin başlıca arxa-dayağı, ürək-dirək verib, qorxmazlıq aşılayıb Amerikanın üstünə salan Putin (ax, Putin!) bilərdi, ancaq Amerika Putini böyük, qlobal biçimdə elə bir blokadaya-çıxılmaza salıb, indi o yalnız özünün qurtuluşu üçün çalışır. Bu qurtuluşun isə bir başarılısı, bir başlıca yardımçısı ola bilər – Amerika! Putinlə birgə Rusiyanı genəl blokadaya alıb çökürdən Amerika nəyə görəsə bizdəki rejimdən çox qorxur. Görünür, bizim bilmədiyimiz, ağlımızın bu yöndə kəsmədiyi, baş aparmadığı nələrsə var; yoxsa, Amerika kimi super dövlət bunlardan niyə qorxmalıdır?! Bəlkə, bunların bizə bəlli olmayan, getdikcə ucuzlaşan neftdən daha üstün, daha etkili-effektli yaraqları, 21 illik hakimiyətləri boyunca Azərbaycan xalqına diz çökdürdükləri kimi Amerikaya da diz çökdürə biləcək hansısa gizli gücləri var? Belədirsə, Qarabağı niyə qaytarmırlar? Qarabağı hansısa bağlılıqlara bağlı erməni sevgisindən qaytarmırlarsa, gerçəkdən elə böyük gücləri varsa, nə üçün Avropanı satın almaqdan ötrü Azərbaycanı soyub-yağmalayıb köprü, kilsə, kültür, daha nə bilim hansı adlar altında bu yandan o yana elə hey pul-para axıdırlar?!
Sağalması üçün başqalarının əl tutduğu, bunların üz döndərdiyi balaca Füruzə! Almaniyada özgələrinin ümidinə qalan Azərbaycan balası! Ortada “iqtisadiyat” adına gerçəklik yox ikən “Iqtisadıyat” adına yoxa çıxan, gerçəkdəsə mənimsənən 190 milyard var. “Regionların sosial-iqtisadi inkişafı Dövlər Proqramı” adına 51 milyardlıq yeyinti-mənimsəmə var ortada. Ölkədə Sağlamlıq, Təhsil ocaqları adına milyardlarla yeyinti-mənimsəmə faktları var. O adına “ocaq” deyilənlər də var, ancaq Sağlamlıq, Təhsil adına gerçək nəsnə yoxdur. Bütün bu yeyinti-mənimsəmə, dağıtma-aşındırma texnologiyalarının başında dura-dura “mənəviyat-mədəniyət manifesti” yazmaq, “Ikili standartların dünya nizamı və müasir Azərbaycan” kimi ortaya fenomenal anlaşılmazlıq örnəkləri qoymaq gerçəkdən fenomenal bacarıq, düşüncə yiyəsi olmaq deməkdir. Bir yandan Azərbaycanı Afrikanın ən geridə qalmış ölkələrinin sırasına qatasan, o biri yandan “Inkişafın Azərbaycan modeli” deyə, azacıq da qaypınmadan dünyanın üzünə durasan! Bütün bunlar gerçəkdən fenomenal görsənişlərdir – Azərbaycanı hər baxımdan çıxılmaza sürükləyən fenomenal görsənişlər!
ABŞ-ın Bakıdakı elçiliyi “Ikili standartlar dünya nizamı və müasir Azərbaycan” yazısına reaksiya verib. Qorxa-qorxa, çəkinə-çəkinə. Sözsüz, Amerika hökumətinin tapşırığını yerinə yetirən elçilik dövləti adından Azərbaycana indiyədək olduğu kimi, bundan sonra da çeşidli yönlərdən yardımlar edəcəyini bildirir. “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinə hər çağ arxa durub”, – açıqlamada bildirilir. Açıqlamada demokratiyanın, ekonomik gəlişmənin, güvənlik kimi alanların irəliləməsinin Azərbaycan üçün önəmi vurğulanır. Bu alanlarla bağlı əməkdaşlığın sürdürüləcəyi deyilir. Son olaraq Amerikanın limitsiz inamı ortaya qoyulur: “Azərbaycanın insan hüquqları, başqa alanlar üzrə üzərinə götürdüyü öhdəlikləri gerçəkləşdirəcəyinə, uğurun, özgürlüyün örnəyi olmaq üçün önəmli potensialından yararlanacağına” ümid edildiyi söylənir. Amerika Azərbaycandan danışır, bunlarasa Azərbaycanın deyil, bunların SUVEREN DIKTATURA hüquqlarını qoruyan, dövlət-güc gərəkdir – Putin Rusiyası kimi!