Ölkənin üzdə olan fəal və intellektual kəsiminin önəmli bir hissəsi yollarımızı Kürdəxanıya aparır. “Cinayət maddələri” fərqli, həbs motivləri bənzər yüzdən çox düşüncə adamımız yatır indi orda. Doğrudur, burada iş dayanmır, onlarla eyni fikirləri paylaşan insanlar çalışıb-vuruşur, yazıb-pozur. Amma Azərbaycan böyük ölkə deyil ki, onların yeri görünməsin. Elə götürək bizim Seymur Həzini… Indi onun boşluğu necə hiss olunur buralarda!..
Seymurun maddəsini bilirsiniz – xuliqanlıq. Deyəsən ona qarşı ittiham irəli sürüləndə yarım litrlik plastik su qabını da soyuq silah kimi aktlaşdırıblar. Dünyada çox xuliqanlıq hadisələri haqqında oxumuşam. Ancaq inanın ki, beləsini ilk dəfə yaşadığım ölkədə gördüm. Əslində, mənşəcə kökünü bir irland familiyasından götürdüyü deyilən bu “xuliqanlıq” məsələsinin cinayət maddəsinə çevrilməsinin də öz tarixçəsi var. Əsasını iki əsr əvvəl Londonda yaşayan fırıldaqçı və oğru Patrik Hooliganın adından aldığı ehtimal edilən bu ifadəyə ilk dəfə Sovet Ittifaqında hüquqi qanun pozuntusu kimi istinad olunub. Xuliqanlıq ilk dəfə burada orta dərəcəli cinayət kimi təsdiqlənib və qeydə alınıb.
Indi Seymuru onunla eyni motivli “cinayət” işləmiş məşhurların həyatı çox maraqlandırar hər halda. Xatırlatma üçün deyim ki, belə məşhurlardan biri olimpiya medalçısı Vasili Xmelevski olub. O, 1979-cu ildə maskaradda iştirak edən bir şəxsin üzünü əlindəki məşəllə işıqlandırdığına görə xuliqanlıq maddəsi ilə 5 il həbs cəzasına məhkum edilib. Lakin tarixdə, bəlkə də, ən böyük xuliqanlığı 18 yaşlı alman pilot Rust Matias edib. O, 1987-ci ildə öz kiçik təyyarəsi ilə qadağan olunmuş şəkildə Moskvada Qızıl Meydana enib. Təyyarəsi vurulmayan alman pilot xuliqanlığa görə Lefortovo zindanında bir il “qonaq” saxlanıb. Əslində, 4 il yüksək rejimli islah-əmək düşərgəsində xidmət etməli olsa da, heç vaxt ora getməyib. Hadisədən bir il sonra Qorbaçovla Reyqan arasında nüvə silahlarının ləğvi ilə bağlı danışıqların ardınca azad edilib. Rust bu enişi xoş məqsədlə, Şərqlə Qərb arasında “sehrli körpü” qurmaq və soyuq müharibə rüzgarlarını ilıqlıq gətirmək məqsədi ilə etdiyini bildirib hər dəfə. Bir maraqlı fakt daha… Almaniyaya döndükdən sonra qəhrəman Rust mətbuata heç bir açıqlama verməyib. Mətbuat onu “psixoloji problemləri olan, tərki-dünya biri” kimi qələmə versə də, o, yenidən hamını heyrətləndirib. Qısa zamanda ailəsinin böyük fürsəti qaçırmadan, onun başına gələnləri eksklüziv olaraq yüz min marka müqabilində “Stern” jurnalına satdığı üzə çıxıb…
Bizdə qanun-qaydalar hələ də sovet ənənələri əsasında davam etdiyinə görə, Seymurun “xuliqanlığı”nda cəzanın necə müəyyənləşəcəyini demək çətindir. Axı Xmelevskinin alovu və Rustun təyyarəsi ilə müqayisədə onun plastik su şüşəsi o qədər də qorxulu hesab edilməməlidir. Işin məğzini onun peşə fəaliyyətinin üstünə gətirib, başqa bir qarmağa bağlasaydılar, bəlkə daha inandırıcı olardı. Hamımız gözəl bilirik ki, məlum maddənin, ümumiyyətlə, Seymurla bağlı məsələyə dəxli yoxdur. Onun indiyə qədər kiminləsə qaba danışdığını belə görən olmayıb. Burada motiv adlarını çəkdiyimiz “məşhur xuliqanlar”ın işindən tam fərqlidir. Doğrudur, ortada olimpiya məsələsi də var, meydan məsələsi də, amma xuliqanlıqdan söhbət gedə bilməz. Məqsəd olsa-olsa, yaya planlaşdırılan olimpiada öncəsi meydanı təmizləməkdir…