Sizə verilən müddət başa çatdı…
Rahim Şalıyev
Hörmətli kreslo sahibləri! Hamınız haqda ayrılıqda yazmaq istəsəm də, sayınızı sayıb qurtara bilmədiyimdən alınmadı… Insanlar sizi seçib güvəndikləri halda nəyə görə sizi seçən insanları deyil də, kreslonuzu sevdiyinizi anlamıram. Sizləri kreslonuza qədər yüksəldən insanları isə başa düşürəm. Axı siz həmişə kreslonuza çatana qədər mələk ola bilirsiz.
Yumşaq dəri üzərində əyləşəndə isə dünya dəyişir, qanadlarınız itir, quyruğunuz çıxır, qulaqlarınız və burnunuz uzanır. Bircə qır qazanınız çatmır. Içinizdən hansı hisləri keçirdiyinizi də təsəvvür edirəm. Xasiyyətiniz bir növ tənbəl, durduğu yerdə pul qazanmaq istəyən dilənçilərin xasiyyətinə bənzəyir. Dilənçilər dil-ağız töküb pul qopardıqları insanlara acıqlı qaldığı kimi, siz də seçkilərdə səs diləndiyiniz insanlara acıqlı qalmısız.
“Şəhərimizdə yeni iş yerləri açılacaq. Şəhərimizi gözəlləşdirəcəm. Xanımlar və cənablar, sizi əmin edirəm ki, korrupsiya və rüşvəti kökündən kəsəcəm”. Adətən bu cür şablon cümlələrlə başlayırsız çıxışlarınıza. Başlığı da belə olur. “Əgər mənə səs versəniz…” Bu müqəddəs şərtinizi mütləq, tez-tez qeyd edirsiz. Düzü, bu çıxışlarınıza neçə aylarla (bəlkə də illərlə, ömür imkan yaratsaydı əsrlərlə də demək olardı.) hazırlaşdığınızı bilmirəm. Amma çox inandırıcı olursuz mikrofon arxasında. Yaradan bu istedadı sizin aranızda necə sosial adalətlə bölüşdürübsə, onun da marksizmi təbliğ edənlərdən olduğuna inanmağım gəlir.
*Hörmətli kreslo sahibləri, biz sizə səs verdik və siz də seçilmişlər cərgəsinə qoşulduz. Amma siz hələ də seçkiöncəsi reklamınız üçün pul borc aldığınız sələmçilərə borclarınızı necə qaytaracağınızı düşünürsüz. Amma biz artıq əzbərləmişik ki, siz o borcları aldığınız quru maaş hesabına qaytara bilməyəcəyiniz üçün ya həmən sələmçilərə vergidən yayınmağa imkan yaradacaqsız, ya da məhv etməyə söz verdiyiniz korrupsiya və rüşvətxorluğun başına keçib himayə edəcəksiz. “Korrupsiya və rüşvətxorluq!? Necə də gözəl səslənir…
Elə deyilmi? Bəlkə də dünyanın belini qıran əkiz qüllələr kimidirlər. Nə vaxtsa sizin də, bizim də sonumuzu gətirəcək. Bəs qazanan kim olacaq? Bizim sizin, sizin isə sələmçilərin axmaqları olduğunu hələ də bilmirsinizmi, hörmətli kreslo sahibləri? Sələmçilər sizi özündən asılı salaraq sizin vasitənizlə bizi də öz biznes qullarına çevirəcəklər. Siz isə kütlə qarşısında dediyiniz, bəzən isə bağırdığınız xoşgörümlü cümlələrdən sonra məzuniyyətə çıxacaqsız yaxın dörd-beş il ərzində. Arabir pulla aldığınız mətbuat orqanlarında çıxışlarınız olacaq, bir-iki lent kəsəcəksiz və yenidən sevimli kostyumunuzda müqəddəs kreslonuza qayıdacaqsız.
*Hörmətli kreslo sahibləri! Düşünürəm ki, sizlər beyin təkamülü fonunda ortaya çıxan yeni irqsiz. Lakin, sizin “Təkamül karikaturaları”ndakı kimi irəli, ya da geri getdiyinizi ayırd edə bilmirəm. Yəqin sizin zaman və məkandan ayrı yolunuz var. Bəzən də arı pətəyində lotuluq edən eşşək arısına bənzəyirsiz. Heç bir iş görməyib pətəkdəki balı tükədib, sonra isə əməksevər arıların kütləvi hücumunda ya öldürülür, ya da başqa pətəyə qaçmağa məcbur olursuz. Balı pətəkdən çəkib, yerinə süni şirə qoyacaq sələmçilərdən isə heç birimizin xəbəri olmur. Hər kəsə zəif baxdığınız, yalnız hakimiyyət hərisliyinizi üstün tutduğunuz halda, sadə insanlar tək yaşamayaraq əslində nələri, bir hissin hərisliyi qarşılığında neçə gözəlliyi itirdiyinizin fərqində deyilsiz. Ailə də, uşaqlar da, sevgi də, hər şey çoxlu səs qazanıb saxta qürur hissinizi bəyan etməkdən ibarətdir.
*Hörmətli kreslo sahibləri, kreslonuzun başında duran üzləri sayıb qurtara bilmirəm. Siz bu üzləri modabaz qadınların brend firmaların paltarlarıyla dolablarını doldurub gündə birini istifadə etdiyi kimi istifadə edirsiz. Bu üzləri yəqin ki, özünüzdən daha böyük və bahalı kreslo sahiblərindən oğurlamısız. Bax, ən sağdakı qəmgin üzü faciə anlarında taxıb ağlayacaqsız. Axırdan ikinci, gözləri bərəlmiş, sifəti dartılmış üzlə qələbə bayramı günü vətənpərvər çıxışlarınızla insanları hipnoz edəcəksiz. Bir az aşağıdakı təəssüf hissindən dartılmış üzü siyasi rəqiblərinizin intim videolarını media əlaltılarınızın adından paylaşıb münasibət bildirəcəksiz.
Hörmətli kreslo sahibləri, bağışlayın ki, mən sizin bütün üzlərinizi saymağa vaxt edə bilməyəcəm. Amma, dünyaya bir daha gəlsəniz kino və teatr sahəsində uğurlu ola biləcəyinizi əminliklə bəyan edə bilərəm. Sizin əsl yeriniz Hollivud və Bolivuddur.
*Hörmətli kreslo sahibləri, sizin diktatorluq eşqinə düşdüyünüzü bilirəm. Əgər Marks və Engels sizi tanısaydı, yazdıqlarını yandırardı. Necə ki, Enşteyin atom bombasını “Kreslo uşaqları”nın əllərinə verdikdən sonra peşman olub digər kəşflərini yandırmışdı. Dini kitabları gətirən mələklər yerə enməz, tanrının məktublarını kosmosun dərinliklərinə buraxardı. Peyğəmbərlər sizi necə məhv etməyin yollarını açıqlayardı. Isa yalnız sizin günahlarınıza görə çarmıxa çəkilərdi.
Təki sizin əmrləriniz keçsin deyə öz doğmalarınızı da itlərə yem etməyinizi də anlayıram. Amma, düşünürəm ki, çox geridə qalmısız. Ayılın! Bu real həyatdır. Sizin kimilər üçün gözəl video oyunları da kəşf olunub. Orada bir bomba atmaqla bütün bəşəriyyəti dağıdıb tez bir zamanda arzunuza çata, bunu dəfələrlə təkrarlayıb daha çox həzz ala bilərsiz. Həm də bu müddət ərzində biz də öz xəyallarımızdan əl çəkməli olmayacayıq.
*Hörmətli krelo sahibləri, ölkəmiz pis vəziyyətə düşəndə bütün günahları Israil və Amerikanın, heç vaxt üzünü görmədiyimiz Masson və Illiminuati kimi təşkilatların üzərinə atmağdan bezmədinizmi? Bəzən mənə elə gəlir ki, gizli, aravuran təşkilatlar sizin şizofrenik təxəyyülünüzün xəyal məhsullarıdır. Özünüzü bu yalanlara inandırdığınız üçün bizə də söylədikləriniz inandırıcı görünür.
Bilirsiniz, artıq vaxtdır. Sizə verilən müddət başa çatdı. Pəncərədən aşağı baxın. Gördüyünüz, sizi yüksəklərə qaldıran kütlə indi yuxarı qalxıb sizi elə bu pəncərədən aşağı atmağa, əylənməyə, özünü böyük iş gördüyünə inandırmağa hazırdı. Polisi, ordunu işə qatmağa hazırlaşmayın. Məncə, heç cəhd də göstərməyin. Təslim olun. Onsuz da siyasi brekdans oynamaqdan qaça bilməyəcəksiz.