İctimaiyyət maraqlı proseslərin şahidi olacaq
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dekabrın 10-da “Azadlıq” qəzetini məhkəməyə verib. Bu barədə Rauf Arifoğlu report.az saytına müsahibəsində bildirib. Xatırladaq ki, “Batumi qalmaqalı”ndan az sonra Rauf Arifoğlu “Azadlıq” qəzetini və AXCP-ni məhkəmə ilə hədələmişdi. Baş redaktoru iddia edirdi ki, “Azadlıq” onu təhqir edib.
“Azadlıq” qəzeti bu məhkəmədən narahat deyil. Çünki qəzetdə Rauf Arifoğlu barədə hər hansı təhqiramiz material yer almayıb. Əksinə “Azadlıq” hesab edir ki, bu məhkəmə kifayət qədər maraqlı olacaq və bir sıra qaranlıq məqamlara aydınlıq gətirəcək. Bu məhkəmə ilə bağlı bir neçə maraqlı məqam da var ki, onu oxucuların diqqətinə çatdırmaq istəyirik. Birincisi, Rauf Arifoğlunun “Azadlıq”ı məhkəməyə verməsi hakimiyyətin KIV-lərlə bağlı yeni mürtəce qanun layihəsini gündəmə gətirməsilə eyni vaxta təsadüf edir. Qeyd edək ki, yeni layihəyə görə il ərzində məhkəmə məsuliyyətinə cəlb olunmuş KIV-in fəaliyyətinin dayandırılması barədə iddia qaldırıla bilər. Əvvəldən məlum idi ki, bu mürtəce layihə söz azadlığının artıq yeganə qalası olan “Azadlıq”ı susdurmaq üçün düşünülüb.
Ikinci maraqlı məqam isə bundan ibarətdir ki, “Azadlıq”ın məhkəməyə verildiyi ərəfədə Müsavat Partiyasının başqanı Arif Hacılı Rauf Arifoğlu ilə görüşüb və “Yeni Müsavat”a dəstək ifadə edib. “Yeni Müsavat”ın uğuru bizim uğurumuzdur”,- deyə Arif Hacılı bildirib. Maraqlıdır görəsən Rauf Arifoğlunun “Azadlıq”ın məhkəmə məsuliyyətinə cəlb olunmasına nail olsa, Arif Hacılı bu uğuru da onunla bölüşəcəkmi?
Üçüncü maraqlı məqam, “Yeni Müsavat” qəzetinin təsisçisi olmuş, indi də Rauf Arifoğlu ilə həmrəy olduğunu gizlətməyən Müsavatın keçmiş başqanı Isa Qəmbər bu məsələyə hansı münasibət sərgiləyəcəyidir. Isa Qəmbər “Azadlıq”ın məhkəməyə cəlb olunmasına xeyir-dua verəcək, yoxsa..?
Başqa bir maraqlı məqam, milli azadlıq hərəkatının öncüllərindən olan Pənah Hüseynin oğlunun Azərbaycanda milli şüurun oyanmasında, xalq hərəkatının qalib gəlməsində müstəsna xidməti olan “Azadlıq” qəzetinə qarşı vuruşması olacaq. Axı Pənah Hüseynin oğlu “Yeni Müsavat”ın hüquqşünasıdır.
Rauf Arifoğlu bir neçə dəfə həbs olunub. Sifarişli məhkəmə qərarları əsasında. Indi onun sifarişlə işləyən Azərbaycan məhkəmələrindən “Azadlıq”a “ədalət” umması da maraqlıdır. “Azadlıq”ın qarşılıqlı iddia qaldırıb-qaldırmayacağına gəlincə, Rauf Arifoğlunun təhqirlərinə baxmayaraq qəzetin belə bir niyyəti yoxdur. “Azadlıq” həm “Yeni Müsavat”ın təhqirlərinə cavab olaraq dərc etdiyi materialları, həm də Rauf Arifoğlunun qəzetində yazılanları, onun öz təbirincə desək media kapitanlarının ixtiyarına buraxacaq. Qoy onlar kimin təhqir yazdığına qərar versinlər.