Azərbaycan, Türkiyə və Gürcüstan üçün böyük strateji əhəmiyyətə malik Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Türkiyə hissəsinin tikintisinin dayandırıldığı, yaxud ləng getdiyi barədə xəbərlərdən sonra Qars valisi jurnalistləri yığaraq tikinti sahəsinə yollanıb.
Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Qars valisi Günay Özdemir tikintinin faktiki olaraq dayandığını jurnalistlərlə birlikdə yerində təsbit edib. Belə ki, podratçı şirkət tikintinin dayanmadığını bildirsə də tikinti sahəsində cəmi 1 ekskavator və 4 yük maşını gözə dəyirdi. Bu isə böyük həcmdə torpaq işlərinin görülməsini tələb edən layihədə işlərin getmədiyini təsdiqləyir.
Bakı-Tiflis-Qars dəmiryolunun 79 kilometrlik hissəsinin tikintisi Türkiyənin payına düşür. Lakin nə sirdirsə, Türkiyə tərəfi bu sahənin tikintisini 6 ildir başa çatdıra bilmir. İndiyədək tikintiyə 1 milyard türk lirəsi xərclənib, 3 dəfə podratçı şirkət dəyişdirilib, ancaq tikintini planlaşdırıldığı kimi, bu ilin sonuna qədər başa çatdırmaq qeyri-mümkün işdir.
Bakı-Tiflis-Qars dəmiryolunun Türkiyə hissəsinin tikintisinin dayanması haqda xəbərlər bu ölkənin parlamentində də müzakirə olunub. Bundan sonra Qars valisi tikinti sahəsinə gedib.
Vali G.Özdemir bildirib ki, baş nazir Əhməd Davudoğlu tikintinin ən geci 2015-ci ilin sonlarına qədər başa çatdırılmasını tapşırıb. Buna baxmayaraq podratçı şirkətin təmsilçiləri valini tikinti sahəsində işin getdyinə inandıra bilməyiblər. Çünki “iş gedir” kimi göstərilən sahələrdə cəmi 1 ekskavator və 4 yük maşını gözə dəyirdi.
Vali “yay-qış demədən çalışılacaq və tikinti vaxtında bitiriləcək” deyə qısa açıqlama verərək tikinti sahəsindən ayrılıb.