“Media forum” saytı bildirir ki, 2015-ci ilin parlament seçkisi noyabrın 1-də keçiriləcək. Bu, ana qanunun tələbidir. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinə görə, Milli Məclisə seçkilər beş ildən bir noyabr ayının birinci bazar gününə düşür. 2015-ci ildə noyabr ayının ilk bazar günü noyabrın 1-də olacaq.
Azərbaycanda qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Milli Məclis 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə seçilirlər.
Milli Məclisin çağırışının səlahiyyət müddəti 5 ildir.
Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə parlamentin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərarı MSK-nın müraciətinə əsasən Konstitusiya Məhkəməsi qəbul edir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə 4 parlament seçkisi olub: 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də.