Dünən Bakıda Dünya Gömrük Təşkilatının keçirdiyi iclasın ingilis dilində aparılması yerli jurnalistlərdə çaşqınlıq yaradıb.
Öncə jurnalistlər nitqlərin tərcümə olunmadan ingilis dilində səslənməsini texniki problem kimi qarşılayıblar. Lakin onlara izah edilib ki, iclasın ingilis dilində aparılması Dünya Gömrük Təşkilatının tələbidir. Bu izahı qaneedici saymayan media işçiləri isə belə halla ilk dəfə rastlaşdıqlarını və redaksiya tapşırığını necə icra edəcəklərindən narahatlıqlarını bildiriblər.
Jurnalistlərə bir daha izah edilib ki, tədbirin təşkilatçısı Azərbaycan tərəfi yox, Dünya Gömrük Təşkilatıdır, üstəlik, iclas bu təşkilatın Bakıdakı regional ofisində keçirilir. Sonda media işçiləri Dövlət Gömrük Komitəsinin hazırladığı press-pelizlə kifayətlənməli olublar.
Qeyd edək ki, dekabrın 8-də Bakıda DGT-nin Avropa Regionunun Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin iclası işə başlayıb. Iki gün davam edən iclasda Azərbaycan da daxil olmaqla, 21 iştirakçı ölkənin, o sıradan, Ukrayna, Belarus və Rusiya kimi slavyandilli dövlətlərin nümayəndə heyətləri iştirak ediblər. Iclasda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də nitqini ingilis dilində söyləyib.
Bu günlərdə Isveçrənin Bazel şəhərində keçirilən GUAM-ın toplantısı da ingilis dilində aparılıb. Təşkilatın iclaslarının rus yox, ingilis dilində aparılmasını isə GUAM-da sədrliyi qəbul edən Ukrayna təklif edib və təklif qəbul olunub.
Müşahidəçilərin sözlərinə görə, Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları fonunda beynəlxalq və ya regional toplantılarda rus dilinin sıxışdırılmasını təsadüfi hesab etmək olmaz. Görünür, Qərb Rusiyanı “bütün cəbhə boyu atəşə tutmaq” qərarına gəlib…
Informasiya şöbəsi