«Türkiyə çətin Qərbin tətbiq etdiyi sanksiyaların effektini aşağı salmağa razı olsun»
Nemət Əliyev: «Türkiyə Putinin qaz kəməri təklifi ilə bağlı yekun qərarı qəbul etməmişdən əvvəl bu barədə ciddi düşünməlidir»
Rusiyanın “Cənub Axının”dan imtina etməsindən sonra layihəyə ikinci nəfəsin Türkiyədə verilməsi kifayət qədər maraq doğurdu. Avropa Birliyinin təzyiqi ilə dayandırılan layihə ilə bağlı son müzakirələr Putinin Türkiyə səfəri zamanı müzakirəyə çıxarılıb. Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bildirib ki, “Cənub axını” qaz kəməri layihəsinin tikintisinin dayandırılması əslində Avropa bazarında işləmək üçün yeni modelin tətbiqi yönündə addımdır.
Virtualaz.org saytı xəbər verir ki, A.Miller prezident Vladimir Putinin Ankaraya səfəri zamanı elan etdiyi, hələ də beynəlxalq gündəmin əsas mövzularından biri kimi qalan sensasion qərarı “Vesti”yə şərh edərkən bu haqda bildirib.
A.Millerin sözlərinə görə, “Qazprom” təxminən “Cənub axını”nın gücündə yeni qaz kəmərini Türkiyəyə çəkəcək. Nəticədə Ukraynanın Rusiya qazının tranziti baxımından əhəmiyyəti sıfıra bərabər olacaq.
A.Miller həmçinin “Qazprom”un taktikasında ciddi dəyişiklik edildiyini, Rusiyanın qazı Avropada birbaşa istehlakçılara yox, Türkiyənin Yunanıstanla sərhədində satacağını bildirib. O deyib ki, yeni kəmərlə nəql olunacaq qaz Türkiyə-Yunanıstan sərhədində satılacaq.
“Qazprom”un rəhbəri xatırladıb ki, Rusiya qazının Avropaya istiqamətlənməklə yeni marşrutla Qara dənizin dibindən Türkiyəyə nəqli, “Cənub axını” kəmərinin marşrutunun dəyişdirilməsi iki prezidentin – Putinin və Ərdoğanın qərarıdır.
A.Millerin sözlərinə görə, “Qazprom” bu qərardan ziyana düşməyib. “Cənub axını” layihəsinə 4 milyard dollar yatırılıb, həmin vəsaitə qazın Krasnodar vilayətinə nəqli üçün kəmər və kompressor stansiyası tikilib. Bütün bu infrastruktur boşa getməyəcək və Türkiyəyə çəkiləcək yeni kəmər üçün istifadə olunacaq.
Amma Türkiyənin Avropa Birliyinin qarşı çıxdığı layihəyə “hə” deməsi bu dövlətə nə vəd edir? Çünki Ərdoğan hələ dövlət başçısı seçilən zaman bəyan etmişdi ki, Türkiyənin inteqrasiya istiqamətlərindən biri məhz Avropa Birliyi olacaq. Ona görə Türkiyənin Rusiya ilə son əməkdaşlığı maraq doğurur.
Baş verənlərdə Azərbaycan üçün maraqlı məqamlar da var. Çünki, Rusiya qazının Türkiyəyə yol tapması Azərbaycanı çətin vəziyyətdə qoya bilər. Azərbaycan qazına alternativin yaranması qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər.
Iqtisadçı Nemət Əliyev hesab edir ki, Türkiyə bir dövlət kimi enerji layihələrinin onun ərazisindən keçməsində maraqlıdır. Ona görə Rusiyanın qaz kəmərinin Türkiyə ərazisindən keçmə təklifi Ankara üçün cəlbedici görünə bilər. Amma hazırkı dövr çox mürəkkəbdir və kəmərin çəkilişinin hansı dövlətdən gəlməsinə də nəzər yetirmək lazımdır: “Rusiya Avropanın və ABŞ-ın çox iri sanksiyaları ilə üz-üzədir. Rusiya hazırda Ukraynaya qarşı təcavüzkar siyasət həyata keçirir. Dünya birliyi də haqlı olaraq Rusiyanı dayandırmaq məqsədilə bir sıra addımlar atır. Bu da Rusiyanın maraqları baxımından böyük itkilərlə nəticələnir. Təbii ki, sanksiya tətbiq edən ölkələrin də itkisi var. Amma daha çox itirən Rusiyadır. Rusiyanı milyardlarla vəsait tərk edib, rublun məzənnəsi düşür. Hazırkı tendensiya davam edərsə belə düşünülür ki, Rusiya iqtisadiyyatı sanksiyaların nəticəsində çökə bilər”.
Bu baxımdan N.Əliyev hesab edir ki, Türkiyənin dayandırılmış “Cənub Axını”nı yenidən həyata qaytarması ciddi nəticələrə səbəb ola bilər. Türkiyə yekun qərarı qəbul etməmişdən əvvəl bu barədə ciddi düşünməlidir. Rusiyanın ona yönələn sanksiyaları yumşaltmaq məqsədilə bu cür addım atdığını deyən N.Əliyev bildirdi ki, Ankaranın bu qərarı Qərbin diqqətindən yayınmayacaq: “Türkiyə Qərbin tətbiq etdiyi sanksiyaların effektini aşağı salmağa çətin razı olsun. Bu çox məsuliyyətli qərar olardı”.
Rusiya ilə Türkiyənin qaz sahəsində əməkdaşlıqlarını dərinləşdirməsinin Azərbaycana təsirinə gəlincə isə N.Əliyev bildirdi ki, Azərbaycanda neft hasilatı düşməkdə davam edir. Amma qaz hasilatında müəyyən artım yaşanır. Əgər Rusiya Türkiyəyə alternativ qaz kəməri çəkəcəksə əlbətdəki bu Azərbaycanın iqtisadi maraqlarına ziyan vurmuş olacaq. “Ən azı qiymət məsələsində rəqabət yaradacaq”, deyə N.Əliyev vurğuladı.
Xəyal