Inflyasiya göstəricisində saxtalaşdırma həyata keçirilir
Azərbaycanda son bir ildə istehlak mallarının qiyməti 1,5 faiz artıb. Bu, 2013-cü ilin noyabrından 2014-cü ilin noyabrına kimi olan dövrü əhatə edir.
Dövlət Statistika Komitəsinin hesablamasına görə, qeyri-ərzaq malları üzrə 3,5 faiz, ərzaq mallarında 1,1 faiz, pullu xidmətlərdə 0,4 faiz bahalaşma olub.ÿIllik inflyasiya oktyabr ayında 1,6 faiz, sentyabrda 1,5 faiz, avqustda 1,4 faiz təşkil edib. 2014-cü ilin əvvəlinə nisbətən son aylarda illik qiymət artımının aşağı düşməsi müşahidə edilir. Ilin əvvəlində illik qiymət artımı 2,2 faiz, martda 2 faiz olub.
2014-cü ilin noyabrında Bakıda illik bahalaşma 1,6, Abşeron iqtisadi rayonunda 3,4, Gəncə-Qazax regionunda 2,1, Şəki-Zaqatala regionunda 2,5 faiz olub. Cənub regionunda isə bu artım 3,2, Quba-Xaçmazda 3,6, Aranda 1,6, Dağlıq Şirvan regionunda 1,3 faiz təşkil edib.
Azərbaycanda ümumi bahalaşma əyalətlərlə bağlıdır.
Paytaxtda daha çox qeyri-ərzaq malları bahalaşıb – 3,8 faiz. Bildirilir ki, Bakıda qeyri-ərzaq mallarında qeydə alınan göstərici respublika üzrə ən yüksək göstərici deyil. Abşeronda qeyri-ərzaq malları son bir ildə 6,4, Gəncə-Qazaxda 4,3, Quba-Xaçmazda 6,3, Dağlıq Şirvanda 4,1 faiz bahalaşıb.
Məsələ barədə fikirlərini “Azadlıq”a bölüşən iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki,inflyasiya göstəricində bir qayda olaraq saxtalaşdırma həyata keçirilr. Ekspert bu məsələni hökumətin ən həssas nöqtəsi hesab edərək bəzi məqamlara diqqəti çəkir. Belə ki, Statistika Komitəsi bir tərəfdən əhalinin pul gəlirlərini hesablayaraq onlara artım verir, digər tərəfdən də qiymətlər artır. Maaş və təqaüdlərin, ümumiyyətlə, gəlirlərin artırılması istiqamətindəki tədbirlər, ekspertin diliylə desək, çox dişsizdir :
“Ölkə bazarlarında baş verən qiymət artımlarının fonunda bu gəlirlər əriyib yox olur. Inflyasiya göstəricisi ümumi artımlarda olan faizi üstələyirsə, bu artıq hökumətin gəlirlərin artırılması istiqamətindəki tədbirlərini heçə endirir. Odur ki, rəsmi tərəf bir qayda olaraq manipulyasiya aparır. Əhalinin pul gəlirlərinin göstəricisini süni şəkildə qaldırır, ya da inflyasiya göstəricisini olduqca aşağı şəkildə təqdim edirlər”.
Ekspert Statistika Komitəsinin bir qayda olaraq siyasi sifarişləri həyata keçirdiyini söyləyir. Qiymətlərin bahalığı son dövrlərdə böhranlı vəziyyət yaradıb. Əhalinin aldığı maaşının nə isə əldə etməyə yetərli olmadığını deyən həmsöhbətimiz, bu pulla ehtiyacların qarşılanmasının mümkün olmadığını söyləyir. Maaşların azlığının müqabilində qiymətlər yüksəkdirsə, bunu ört-basdır etməyin də mənası yoxdur. Odur ki, Statistika Komitəsinin elan etdiyi rəqəmlər simvolik olmaqla, real gerçəkliyi ifadə etmir:
“Gerçəklikdə qiymətlər o qədər yüksəkdir ki, əhalinin pul gəlirlərini yüksəltmək istiqamətində hökumətin həyata keçirdiyi tədbirlərin hamısını effektsiz edir. Real göstəriciləri bir kənara qoyan hökumət vacib tədbirlər görməlidir. Hökumət insanlara qarşı manipulyasiya və xaltura etmək yolunu tutmamalıdır”.
Nigar