Müsavat başqanı Arif Hacılı jurnalist Xədicə İsmayılın həbsini Azərbaycan hakimiyyətinin Qərblə Rusiya arasında bərpa olunan soyuq savaşda ikincinin yanında yer aldığının nümayişi adlandırıb. Bu barədə o, özünün facebook səhifəsində yazıb.
“Xədicə İsmayılın həbsi onun jurnalist fəaliyyəti ilə bağlı olmaqla yanaşı, həm də ciddi siyasi hadisədir. Bəzilərinin iddia etdiyi kimi, düşünülməmiş bir addım deyil. Əksinə düşünülmüş və Azərbaycanın Milli Təhlükəsizliyi üçün qorxunc prespektiv vəd edən siyasətin tərkib hissəsidir.
Azərbaycan hakimiyyəti Krımın işğalından sonra ABŞ və onun müttəfiqləri ilə avtoritar Rusiya arasında bərpa olunan soyuq müharibədə Rusiyanın yanında yer alır. Bu gün Azərbaycaın rəsmi dairələri tərəfindən aparılan antiqərb təbliğatı Rusiyanin bu istiqamətdəki təbliğatı ilə eynilik təşkil edir.
Bu siyasətin mahiyyəti hakimiyyətin mövqeyinin formalaşmasında həlledici fiqur olan Ramiz Mehdiyevin son məqaləsində əks olunmuşdu. Xədicə İsmayılın həbsi isə bu siyasətin yalnız sözdən ibarət olmamasının, əməli fəaliyyətin davamının, qətiyyətin nümayişidir”, – deyə o yazıb.