AXCP Sabirabad rayon təşkilatının üzvü Murad Ədilovun vəkili Yalçın Imanov hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasına dair vəsatəti təmin etməyən Nərimanov Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verib. Bu barədə məlumat verən vəkil bildirib ki, Nərimanov rayon məhkəməsinin sözügedən qərarı əsassız və qərəzlıdır.
Yalçın Imanov onu da qeyd edib ki, iki gün əvvəl Kürdəxanı istintaq təcridxanasında vəkil həmkarı Fəxrəddin Mehdiyevin iştirakı ilə Murad Ədilovun barəsində ekspertiza rəyi elan edilib. Ekspertizanın rəyi müsbət olub. Rəyə əsasən, Murad Ədilovun narkotik asılılığı, həmçinin məcburi müalicəyə cəlb olunmağa ehtiyacı yoxdur.
Xatırladaq ki, Murad Ədilov avqustun 11-də həbs olunub. Onlarla əli silahlı və mülki geyimli polis Ədilovların yaşadığı evə basqın edərək, onu Sabirabad Rayon Polis Şöbəsinə gətirib. Saxlanılan zaman guya, evlərindən tapıldığı iddia olunan narkotik ona məxsus olması haqda ifadə verməsi üçün Murad Ədilov işgəncələrə məruz qalıb. O, Sabirabaddan Bakıya Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə (bandotdel) gətirilib, günlərlə vəkilsiz qalıb.
Murad Ədilov beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu elan olunub, o həmçinin Saxarov Mükafatı laureatıdır.
Murad həbs olunarkən ona açıq-aşkar bildirilib ki, həbsi qardaşı, “Azadlıq” qəzetinin və peyklə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Natiq Ədilovun hökumətə qarşı tənqidçi fəaliyyətilə bağlıdır.
Informasiya şöbəsi