Batumi olayı, ardınca həqiqəti deyən ictimai fəallara (Zöhrab Ismayıla, Xədicə Ismayılaÿvə başqalarına) yeni böhtanlar yağdırılması, sonda isə jurnalist və keçmiş döyüşçü Əfqan Muxtarlıya gülüş doğuran ittiham – bütün bunlar iyrəncdir və nifrət doğurur. Amma gördünüzmü haqq nazilir, üzülmür.
Əvvəla, vətənşüvənliyin arxasında və ermənipərəst damğasının hədəfində nəyin dayandığı bir daha təsdiq olundu. Bilindi ki, bu, təkcə bir dünyagörüşü məsələsi deyil, bunu heç də sadə azərbaycanlılar, savadsız adamlar etmir. Nə də bunu yanaşma səhvlərindən, bilməməzlikdən etmirlər. Bunun arxasında yal dalınca rəqs edə-edə sürünən yaltaqlar ordusu dayanır. Burada məqsəd yalnız və yalnız bu hakimiyyətə xidmət etməkdir. Bunu ağlı başında olan, amma əxlaqı yerində olmayan adamlar fayda götürmək üçün edirlər. Bu, hakimiyyətin xüsusi üsuludur və öz müdafiəçilərini onunla silahlandırırlar. Mən eyni adamların eyni damğası ilə üzləşmişəm – ermənipərəstlikdə ittiham olunmuşam, sadə və vicdanlı adamlar buna görə münasibətini dəyişmədi, əksinə, onu edənlərə nifrətini artırdılar. Indi də belədir, bilməyənlər gördülər ki, fərarilərin ittiham etdiyi Əfqan hətta bir döyüşçüdür. Reaksiyalar göstərdi ki, ox daşa dəydi.
Ikincisi, Batumi olayı hakimiyyətə xidmət edənlərin yeni dairəsini açıqca göstərdi, ifşa etdi. Hakimiyyət burada bir çox yarımgilzi qüvvələrini tamamilə yandırdı. Onlar tam ifşa olundular. Vüqar Bayramovun, Rauf Arifoğlunun, Sabit Bağırovun və bir çoxlarının haradan hara gəldiyi hamıya və tamamilə aydın oldu. Hakimiyyət isə onları çox ucuz istifadə etdi – siyasi məhbus şəkillərini cırdırmaq və onları müdafiə edən təşkilatı ermənipərəst adlandırmaq asan başa gəlmədi. Xalid Bağırov və Ülvi Həsənli öndə olmaqla, vicdanı yerində olan hər kəs onların bu oyununu açıb tökdülər. Haqq nazildi, üzülmədi.
Üçüncü bir məsələ var. Batumi olayları göstərdi ki, Azərbaycan hakimiyyəti elədiklərini artıq beynəlxalq miqyasda ört-basdır etməyə qadir deyil. Heç qəbul da etmirlər. Kimi yollayırlarsa, yollasınlar. Bu qədər adamı şərləyib həbs etməklə hələ vətənpərvər və dürüst də olmaq istəyirlərmiş?! Hələ başqa əməlləri bir yana qalsın. Təbii ki, tərkibləri xeyli dəyişiblər. Həbslər, təqiblər öz işini görüb, vətəndaş cəmiyyətini darmadağın ediblər. Xeyli adamı da ələ alıblar. Amma vətəndaş cəmiyyəti olmasa da, vicdan cəmiyyəti durur və duracaq.
Məhbəsdəki nikbinlik
Avropa Şurasının Insan Haqları KomissarıÿNils Muiznieks oktyabr ayında Bakıya oktyabr səfər edib və qayıtdıqda “Facebook” sosial şəbəkəsində şərh yazıb. O, Azərbaycandakı durumdan dəhşətə gəldiyini deyib: “Avropa Şurasına sədrlik edən ölkələrin çoxu bu zaman kəsimindən demokratik nüfuzunun təbliği üçün yararlanıb. Ancaq Azərbaycan sədrliyi dövründə hüquq müdafiəçilərinə görünməmiş təzyiqlərlə tarixə düşəcək”.
Nils Muzinieks hüquq müdafiəçiləriÿAnar Məmmədliÿvə Rəsul Cəfərovla görüşlərindən bəhs edir və olduqca maraqlı bir məqama toxunub: “Anar həbsxanada vaxtının çoxunu idmanla məşğul olur, politologiya, fəlsəfə və tarix kitabları oxuyur. O, Avropa Şurasının Azərbaycanda QHT-lərə hüquqi dəstək işinə həbsxanadan necə töhfə verə biləcəyi ilə maraqlanırdı. Rəsul Cəfərovla da görüşdüm və ürəkləndim… O, QHT qanununu pozmaqda ittiham olunsa da, sağollaşanda dedi ki, məhbuslar arasında insan haqları QHT-si yaratmağı planlaşdırır”.
Məhbəsdəki bu nikbinlik də sübut edir ki, Azərbaycan azadlıq ideyaları ilə vidalaşmayacaq. Haqq nazilsə də, üzülməyəcək!