Hər dəfə Azərbaycana inkişaf etmiş ölkələrdən, xüsusilə də Avropadan rəsmi qonaqlar gələndə, onların qarşısına çıxan yerli məmurlara görə adam sıxılır… Müasir və tərəqqipərvər avropalılar zövqsüz və gerilikçi Azərbaycan məmurları ilə görüşdən sonra haqqımızda nə düşünür, Allah bilir?
Yenə də nazirlik və komitə rəhbərlərinə şükür, ancaq yerli icra hakimiyyətləri başçılarının əyalətçiliyi, özünün və sözünün yerini bilməməsi, qaba və nəzakətsiz tərzi ölkəmizə utanc gətirir. Məsələn, “Avroviziya-2012″ musiqi yarışması ilə bağlı mərasimdə Bakının icra başçısının məlum çıxışını hələ də unuda bilmirəm… Paytaxt rəhbərinin mədəni-intellektual səviyyəsi, görkəmi budursa, onda yerdə qalan şəhər və rayon icra başçılarından nə gözləyəsən?
Avropalıların Azərbaycana gəlib yerli məmurlarla görüşməsi az imiş kimi, hələ bizim şəhər və rayon icra başçıları da dəstə-dəstə Avropaya səfər edirmişlər… Kim bilir, orda necə davranır, ölkəmizi necə təmsil edirlər…
Bu yaxınlarda rəsmi mətbuatda, bir qrup rayon icra hakimiyyəti başçısı ilə Italiyadan qayıdan Füzuli rayon icra başçısının səfər qeydlərinə rast gəldim. “Getdik, gəzdik, gördük…” başlıqlı məqalədə bizimkilərin Italiyada nəyi görüb, nəyi götürdüklərinə maraq etdim, ancaq heç nə öyrənə bilmədim.
Müəllif özü qeyd edir ki, dövlət başçısının tapşırığı əsasında reallaşan bu səfərdə məqsəd Italiyanın yerli təcrübəsini öyrənmək və Azərbaycanda tətbiq etmək olub. Özü də bir yox, iki yox, bir neçə şəhər gəziblər: Roma, Milan, Neapol, Vatikan… Bu, hələ müəllifin vurğuladığı kimi, gəzdikləri, gördükləri coğrafi məkanların tam olmayan siyahısıdır?!
Ancaq qəzet səhifəsinin yarısını tutan məqalənin də yarısından çoxu adı çəkilən şəhərlərin və ya Italiyanın yox, Füzuli rayonunun timsalında Azərbaycan təcrübəsinə (?!) həsr olunub… Məqalənin əvvəlində isə müəllif yalnız Italiyaya dair “maraqlı faktları” – bu ölkənin adının yunan sözündən əmələ gəlməsi, burada pişiklərə həssas yanaşılması, ilk pizzanın satıldığı yer, spagettinin 140-dan artıq növü və s. bu kimi məlumatları sadalayır… Bunların sonunda da diqqətə çatdırır ki, “biz, sözün həqiqi mənasında, Italiyadan çox şey öyrəndik, çox şey götürdük”. Məqaləni bir də yuxarı-aşağı nəzərdən keçirirsən, ancaq “öyrənilən, götürülən” barədə bircə cümləyə rast gəlmirsən…
Italiya təcrübəsi barədə yazmağa xəsislik edən müəllif, əvəzində, qeyri-təvazökarlıqla “…doğma Azərbaycanımızda da nümunə götürüləsi, öyrəniləsi cəhətlər çoxdur”, – deyə bildirir. Həm də bu özündən razılıq məqalənin sonunda təkrarlanır: “Onları inandıra bildik ki, doğma Azərbaycanımızda da öyrəniləsi, nümunə götürüləsi cəhətlər çoxdur?!”
Bəs, məqalədə Azərbaycan təcrübəsi haqda nə yazılır: Heydər Əliyev parkı, Heydər Əliyev mərkəzi, Mədəniyyət sarayı, Gənclər mərkəzi, Şahmat məktəbi, YAP rayon təşkilatının, Polis və Təhsil şöbələrinin inzibati binaları və s. Yəni son 4 ildə Füzuli rayonunda tikilib-istifadəyə verilən obyektlər… Son vaxtlarda isə Füzuli Rayon Icra Hakimiyyəti üçün tikilən yeni inzibati bina, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev parkının 2 hektar genişləndirilməsi və s.
Məqalənin sonu isə lap bayağıdır: “Səfər zamanı bir daha yəqin etdik ki, Azərbaycanın sürətli inkişafı, bir qayda olaraq, qlobal böhranlardan kənarda qalması başqa ölkələrdə olduğu kimi, Italiyada da maraq və heyranlıqla izlənilir…” Bu, əslində italiyalıları borclu çıxarmaq, onların boynuna qoymaq kimi bir işdir.
Bir yandan italiyalıları “inandırıblar” ki, Azərbaycanda da öyrəniləsi çox şey var, bir yandan da yəqin ediblər ki, Azərbaycanın sürətli inkişafı Italiyada da “izlənilir”… Izlənilirsə, daha neyçün inandırmaq lazım gəlir?
Vallah ayıbdır, etik deyil! Axı, adamdan soruşarlar ki, siz Avropaya öyrənməyə gəlmisiniz, yoxsa öyrətməyə?! Azərbaycan belə inkişaf edibsə, onda, Avropadan istədiyiniz nədir?!
Sanki bizim məmurlara tapşırılıb ki, gedin öyrənin, ancaq özünüzü tox tutun, qayıdan da gördüklərinizi açıb-ağartmayın… Başa düşüləndir: iqtidar qəzetləri və telekanallar Avropanın böhrandan əziyyət çəkdiyini, dağıldığını, yıxıldığını… car çəkdiyi bir vaxtda, xalq soruşmaz ki, bəs, sizin oralarda nə işiniz var?
Bir də, dövlətin-xalqın pulunu belə səfərlərə xərcləməyə dəyməz. Onsuz da məmurlarımız, üstəlik, arvad və uşaqları il boyu Avropanı gəzir, oralarda dincəlir, biznes qurur, təhsil alır, müalicə olunur və s. Yəni məmurlarımızın avropalaşması, avropalılardan görüb-götürməsi üçün hər cür imkanları var… Ancaq inkişaf edirlərmi?!
Şövkət Məmməd