Gerçək bir tənqidi söyləyən kimi ağıllı və dürüst bir adam görkəmi alıb, “məgər bu ölkədə qaradan başqa rəng yoxdurmu?!” deyənləri bir daha yada salın. Indi həmin adamlar buyurub desinlər, onların da oğlu şərlənib həbsə atılsa, bir qutu rəngli karandaş arasından hansını seçər və qarşısındakı ağ vərəqi hansı rənglə boyayar? Bəlkə həmin kağızda göy qurşağı çəkər bir körpənin başı üstə? Hesab edin ki, bizim ölkədə qaradan başqa da rəng tapılıb və onun hansı rəng olmasını deyin bizə. Amma aşağıdakı olayı oxuduqdan sonra.
…Rafiq Daşdəmirlini illərdir tanıyıram, hər cəhəti ilə sayğıya layiq olan bu insan qədərincə sadə və gülərüzdür. Nədəndirsə, həmişə öz təbəssümü ilə insanda xoş ovqat oyadır. Ən pis durumda belə ona şux görünmək istəyirsən, çalışırsan ki, qarşılıq olaraq sən də ona yalnız xoş ovqat bəxş edəsən. Yorulmaz, zəhmətkeş, heç kimə, heç nəyə baxmadan daim öz işi ilə məşğuldur…
Indi bilmirəm bu adamı görəndə özümü necə aparacağam. Əvvəlki kimi gülüşlə, təbəssümlə, yoxsa sifətimdə bir qəzəb olmalıdır. Elə düşünməyin ki, başa verənlərə görə o sızıldayacaq, biz də ona qoşulub ağlansınmaq istəyirik. Ortadakı qəhərli bir faciə də deyil. Amma ortadakı böyük qəzəb yaradacaq bir olaydır. Həm də bir toplumun faciəsidir. Atanın qisasını oğuldan almaq dövlətin siyasətinə çevrilib.
Birinci dəfə baş vermir, amma bu qədər açıq və özbaşınalıqla həyata keçirilməyib. Polis AXCP təşkilat şöbəsinin sədri olan Rafiq bəyin oğlunu saxlayıb, terroristlər girovlara görə necə sövdələşmə aparırsa, onunla eynən məhz elə danışıq aparıblar. Bu sadə, fədakar, vicdanlı insan daha böyük hədələrə baxmayaraq, geri çəkilməyib. Keçəcəyi vicdan idi, ondan da keçməyib.
Nəticə də budur ki, Rafiq Daşdəmirlinin oğlu (Sənan siyasi fəaliyyətdən tamam uzaq olan bir gəncdir) işdən evə qayıdarkən onu girov götürüblər, atası ilə danışıqlar alınmadığı üçün narkotik ittihamı ilə haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Azərbaycanda siyasi fəalların, ictimai fəaliyyətlə məşğul olanların yaxınlarının incidilməsi, təzyiqlərə məruz qalması, işdən çıxarılması, hətta həbs edilməsi bu iqtidarın ilk gündən yürütdüyü siyasətdir, amma artıq bu siyasət halından da çıxıb. Adamın övladını aşkar girov götürüb, onunla siyasi sövdələşmə aparırlar.
Rafiq Daşdəmirli niyə hədəf seçilib? O, AXCP təşkilat şöbəsinin rəhbəridir və yaxın dönəmdə Milli Şuranın iki mitinqinin əsas təşkilatçısı isə AXCP idi. Görünür, bu mitinqlərin təşkilinə görə Rafiq bəyin rolu hakimiyyətdə narahatlıq doğurub və onu sıradan çıxarmağa qərar veriblər. Hələ son mitinq zamanı ona hədələr gəlmişdi.
Onun öz sözləri: “Bundan əvvəl də xəbərdarlıq xarakterli təxribatlarla üzləşmişdim. Oğlumun həbsindən bir az əvvəl ”Facebook” profilimi ələ keçirib, adımdan dostlarıma yalan məlumatlar göndərilmişdi. Bundan başqa da xəbərdarlıq kimi qiymətləndirə biləcəyim müəyyən təxribatlarla üzləşmişdim. Yəqin bütün bu təxribatlardan sonra da fəaliyyətimdən geri çəkilmədiyimi görüb, oğlumu həbs etməklə məni cəzalandırmağa qərar veriblər. Mən oğluma inanıram. O, nəinki narkotik, heç ən yumşaq pis əməllə də məşğul ola bilməz”.
Həyata keçirilən bu əməliyyatın amansızlığı, haqsızlığı bir yana, görün necə dar təsəvvürə əsaslanıb. Birincisi, Rafiq Daşdəmirli siyasətdən çəkilsə, AXCP-də onu əvəz edəcək adamlarmı yoxdur?! Ikincisi, adam geri çəkilmədi!
Yəqin ki, indiyədək olanlardan sonra bu olaya da təəccüblənməli deyilik. Amma bizim ölkədə qaradan başqa da mövcud olan rəngin adını da nəhayət bilməliyikmi?!