Müqayis Verdiyevin işi ilə bağlı verilən ifadələrdə ziddiyyətlər üzə çıxıb
Goranboy rayonundan olan iş adamı, hazırda 2 saylı Gəncə İstintaq Təcridxanasında saxlanılan Müqayis Verdiyevin vəkili Adəm Məmmədov “Azadlıq”a maraqlı məlumatlar verib. Vəkil Müqayis Verdiyevə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya istafetmə) maddəsi ilə ittiham irəli sürüldüyünü xatırladaraq bildirib ki, iş adamının hərəkətlərində sözügedən maddədə nəzərdə tutulan cinayət əməli mövcud deyil.
Qeyd edək ki, sözügedən cinayət işi üzrə məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilir. Prosesə hakim Elbəy Allahverdiyev sədrlik edir.
Adəm Məmmədov əlavə edib ki, sonuncu məhkəmə prosesində “Fəqan Xidmət Təşkilatı” MMC-nin direktoru Fəyyaz Məmmədov ifadəsində göstərib ki, guya o, Müqayis Verdiyevə telefonla zəng vurub: “Guya onlar görüşüblər və gördüyü işlərin müqabilində ona ayrı-ayrı vaxtlarda 101.800 manat məbləğində pul verib. Amma onun dedikləri iş üzrə toplanmış sübutlarla təkzib olunur.
Məhkəmə istintaqı zamanı Fəyyaz Məmmədovun yalan ifadə verməsi tam sübuta yetirilib. O, heç vaxt Müqayis Verdiyevlə görüşməyib, ona pul verməyib. Müqayis Verdiyev əvvəllər ümumiyyətlə Fəyyaz Məmmədovu tanımayıb, onunla ilk dəfə istintaq zamanı üzləşmədə görüşüb və adıçəkilən şəxs ona heç vaxt pul verməyib. Buna digər sübut isə Baxış Abdullayevin verdiyi ifadədir. Fəyyaz Məmmədov ifadəsində göstərib ki, guya pulu Baxış Abdullayevin tapşırığı ilə ona verib. Lakin Baxış Abdullayev onun dediklərini təkzib edib. İfadəsində göstərib ki, Fəyyaz Məmmədova heç vaxt Müqayis Verdiyevə pul verməsi ilə bağlı göstəriş verməyib, onun yanında Fəyyaz Məmmədov Müqayis Verdiyevə pul ödəməyib. O, bu məlumatı Fəyyaz Məmmədovdan aldığını deyib”.
Vəkil daha sonra bildirib ki, Baxış Abdullayevlə Fəyyaz Məmmədovun ifadələri ziddiyyət təşkil edir: “Fəyyaz Məmmədov ifadəsində bildirir ki, pulu Baxış Abdullayevin yanında verib. Amma Baxış Abdullayev onun dediklərini təkzib edir. Belə çıxır ki, ola bilsin, Fəyyaz Məmmədov həmin pulu özü mənimsəyib, elə Baxış Abdullayevi və icra başçısını aldadaraq o pulu Müqayis Verdiyevə verməyini göstərir. Ya da ki, Baxış Abdullayev Fəyyaz Məmmədovu məcbur edir ki, o, Müqayis Verdiyevə qarşı yalan ifadə versin”.
Həmçinin Adəm Məmmədov ötən proseslərdə Fəyyaz Məmmədovla Müqayis Verdiyevin telefonlarının antenn dairəsi və zəngləri barədə məlumatların məhkəməyə təqdim olunması barədə vəsatət qaldırıb: “Məlumatlar təqdim olunandan sonra məlum oldu ki, Fəyyaz Məmmədovla Müqayis Verdiyev arasında heç vaxt telefon danışığı olmayıb, eyni zamanda Fəyyaz Məmmədov Müqayis Verdiyevə pul verməsini göstərdiyi vaxtlarda onlar müxtəlif yerlərdə olublar, bir dəfə də olsun görüşmək imkanları olmayıb.
Həmçinin biz xahiş etmişik ki, “Fəqan” MMC-nin görülən işlərlə bağlı maliyyə və tikinti sənədləri məhkəməyə təqdim olunsun. Baxmayaraq ki, bu iş üzrə hələ istintaq gedir. Fəyyaz Məmmədov adıçəkilən sənədləri arxivə vermək adı ilə məhv edib və bununla da sübutları gizlədib”.
Xatırladaq ki, iş adamı Müqayis Veridyevə qarşı sürülən ittiham odur ki, o, Goranboy rayonunda həyata keçirilən tikinti işlərində külli miqdarda pulu mənimsəyib, ayrı-ayrı şəxslərin əmlakını talayıb.
Onu da bildirək ki, Müqayis Verdiyevin həbsinin sifarişçisi kimi Goranboyun icra başçısı Nizaməddin Quliyevin adı çəkilir.