«Sovetski»dən köçmək istəməyən və evinin sahəsi az olan sakinlər incidilir?
Bakının “Sovetski” küçəsindəki (indi N.Nərimanov prospekti) 128 saylı evin sakini Məsumə Zeynalovanın başına gələnlər haqda yazmışdıq. Lakin üstündən 3 ay ötsə də onunla maraqlanan, problemini həll edən olmayıb.
Xatırladaq ki, 63 yaşlı bu ana öz evindən çıxmaq istəmir. Ancaq onu məhrumiyyətlərlə baş-başa qoyublar. Səbəbi budur ki, sahəsi 14 kv.m olan evinə görə ona 21 min manat təklif olunur. Bu pulla isə Bakıda yeni mənzil əldə etmək mümkün deyil.
M.Zeynalovanın həyat yoldaşı 10 ildir ki, vəfat edib. Bu evdə özü, qızı və nəvəsilə yaşayır. Həyətindəki 4 qonşu köçdükdən sonra indi o tənhadır. Üstəlik, qonşuların evləri uçurulduğu üçün onun evi tamamilə açıq hava altında qalıb. Bu isə onsuz da 4 dəfə oğruların hücumuna məruz qalan evini daha da təhlükəli edir.
Məsumə ananın yaşadığı ünvana yenidən baş çəkərkən, doğrusu, onun hökumətdən ədalətli kompensasiya alıb artıq evini tərk etdiyini düşünürdük. Ancaq, necə deyərlər, köhnə hamam, köhnə tas… Hətta vəziyyət daha da ağırlaşıb.
Iki aydır ki, suyunu, işığını kəsiblər. Ev sanki ada vəziyyətindədir, ətraf tikililər sökülüb. Yalnız Məsumə ana köçməyə razı olmadığından onun evinə toxunmayıblar. Lakin burada yaşamaq mümkün deyil. Dediyinə görə, nə rayon və şəhər rəhbərliyi, nə də hökumət səviyyəsində onunla maraqlanan olub. Mənzil-istismar sahəsindən isə aşağılayıcı təklif alıb: evinin əvəzində maksimum 30 min manat və… Yasamal rayonunda yataqxanada yer?!
“Bu ev baba mülkümdür, burada doğulmuşam, indi ömrümü yataqxanada başa vuracam ?!”, – deyə həyəcanla bildirən M.Zeynalova zəngin Azərbaycan dövlətinin köməksiz bir anaya laqeyd münasibətindən, onunla halallaşmağa pul tapmadığından heyrətlənir? “Yazı, yayı, payızı gözlədim, qışı da gözləyəcəm, evimi tərk etməyəcəm” – deyir Məsumə ana.
M.Zeynalovanın evindən bütün əşyaları oğurlanıb. Polisə 4 dəfə müraciət etsə də, maraqlanan yoxdur. Üstəlik, ərazidə videokameralar quraşdırıldığı halda, oğurluq hallarının qarşısının alınmaması təəccüb doğurur.
Sonda onu da xatırladaq ki, avqustun ortalarında baş nazirin müavini Abid Şərifov mətbuata açıqlamasında “Sovetski”də inventarlaşma prosesinin bir ay-ay yarıma başa çatacağını və bundan sonra ərazidə sahəsi kiçik olan evlərə baxılacağını bildirmişdi. Ancaq 3 ay ötsə belə, problem həll olunmayıb… Istər baş nazirin müavini, istərsə də Yasamal rayon icra başçısı “Sovetski” camaatı ilə məlum görüşdə ərazidən kimsənin zorla köçürülməyəcəyini, evinin müəyyən edilmiş şərtlərlə sökülməsinə razı olmayan sakinlərin öz evində qalıb yaşaya biləcəyini təntənəli şəkildə bəyan etsələr də, reallıqda isə insanları məhrumiyyətlərə düçar etdilər.
Maraqlıdır, onlar özləri xarabalıq içində, susuz, işıqsız, qazsız yaşayardılarmı?!
Sosial şöbə