Bu ilin 10 ayı ərzində paytaxt ərazisində uşaqların iştirakı ilə 63 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 19 uşaq dünyasını dəyişib, 51 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Daxili Işlər Nazirliyi (DIN) Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinin Ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Bölmə rəisinin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə uşaqların iştirakı ilə baş verən yol qəzalarının, həmçinin bu qəzalar nəticəsində ölən və yaralanan uşaqların sayı artıb: “Bu, artıq həyəcan siqnalının verilməsi deməkdir. Uşaqlar bizim gələcəyimizdir. Yollarda uşaqların həyatlarının təhlükə altında olması hər birimizdə böyük narahatlıq doğurmalıdır”.
V.Əsədov qeyd edib ki, artıq 5 ildir bütün dünyada olduğu kimi, Azərbaycanda da noyabrın 21-də Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü qeyd edilir. Onun sözlərinə görə, noyabrın 21-də Bakının 46 saylı Məktəbdənkənar Tərbiyə Işi Mərkəzində Bakı şəhər Dövlət Yol Polisi Idarəsi və Bakı Şəhəri üzrə Təhsil Idarəsinin təşkilatçılığı ilə xüsusi tədbir keçiriləcək. Tədbirdə yol polisi əməkdaşları, millət vəkilləri, təhsil işçiləri, valideynlər və şagirdlər iştirak edəcəklər: “Məqsəd yol qəza hadisələri ilə əlaqədar məktəb yaşlı uşaqların həyat və sağlamlığının qorunması ilə bağlı təbliğat işinin aparılması və bu məsələyə ictimiayyətin diqqətinin artırılmasına nail olmaqdır”.
“Trend”