Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Bir neçə gün əvvəl bəşəriyyət bir zamanlar kimsənin ağlına gətirməyəcəyi, tarixi bir hadisəyə şahidlik etdi: Avropa Kosmik Agentliyi bir komet üzərinə tədqiqat zondu endirməyi bacardı. Bir anda dünya gündəmi dəyişdi, müvəqqəti də olsa insanlığın üz qarası olan IŞID, Ukrayna ətrafında baş verənlər unuduldu.
Bəli, tarixdə ilk dəfə idi ki, insanın yaratdığı aparat kometin üzərinə enirdi.
On ildən bəridir böyük intizar və həyəcanla gözlənilən bu uğur dünyanın yaradılışı ilə bağlı bir çox sualların cavabını tapmaqda kömək edəcək.
Indi isə gəlin böyük zəka və zəhmət hesabına başa gələn bu hadisəyə müsəlman reaksiyasını oxuyaq: “Kosmiik tədqiqatlara boş yerə bu qədər pul xərclənir. 100 min dollar versinlər hər şeyi söyləyim” (Cübbəli Ahmet Hoca, Türkiyənin dini camaatlarından birinin öndəri).
Eyni reaksiyanı yalnız bir dini camaat lideri versəydi, üstündən sükutla keçmək olardı. Təəssüf ki, islami coğrafiyanın az qala hər yerində buna oxşar ovqat hakimdir. Dünyəvi elm, onun uğurları ələ salınır, hər şeyin onsuz da Allahın kitabında yazıldığı əsas gətirilir.
Hər hansı mollanın, camaat öndərinin istənilən sualın doğru cavabını istənilən alimdən yaxşı bildiyinə inanılır.
Elə bu səbəbdən də öyrənməyə, araşdırmağa, sorğulamağa ehtiyac görülmür. Onsuz da Cübbəli Ahmet Hocalar istənilən elmi tədqiqat mərkəzlərindən, universitetlərdən, araşdırma institutlarından daha çox bilirsə, hər şey onlara məlumdursa, daha öyrənmək, tədqiqi etmək nə üçündür?!
Islami coğrafiyalarda hakim olan bu zehniyyətdir IŞID-ləri, əl-Qaidələri yaradan. Bu zehniyyətin nəticəsidir ki, həmin coğrafiyalarda hələ də zopanın zəkadan, biləyin beyindən, dəyənəyin dərrakədən daha güclü olduğuna inanan toplumlar özünüifadəni, özünütəsdiqi terrorda, qanda, ölümdə, baş kəsməkdə görürlər.
Öyrənməyən, öyrənməyə nifrət edən, öyrənmək vərdişi olmayan xalqların isə hürr yaşamaq, rifah içində yaşamaq lüksü yoxdur.
Belə xalqlar üçün, məsələn, yalnız dünyanın necə yarandığını bilmək, öyrənmək maraqlı deyil ki?
Öyrənmək vərdişi olmayan xalqlar onları idarə edənlərin çirkli əməllərini, oğurluqlarını, talanlarını, zülmlərini bilməyə də həvəsli olmurlar. Onlar üçün söylənilən yalanlar kafidir. Əsl reallığın, həqiqətin necə olduğu isə heç bir əhəmiyyət kəsb etmir.
Şübhəsiz ki, bundan itirən elə həmin xalqların özləridir. Qazanan isə krallar, şeyxlər, əmirlər, sultanlar olur. Onlar hakimiyyətlərinin ömrünü, sərvətlərinin həcmini artırdıqca xalqları daha sürətlə səfalət bataqlığında boğulmağa, cəhalət qaranlığında yox olmağa davam edirlər.
Elmə və mədəniyyətə kürəyini çevirən bununla həm də bir ovuc adamın, bir aşirətin, bir tayfanın onları istədiyi kimi idarə etməsinə, istədiyi istiqamətə yönləndirməsinə “yaşıl işıq” yandırmış olurlar. Çünki öyrənməmək vərdişi onların axtarışçı, təşəbbüskar olmalarını da əngəlləyir. Onlar öyrənməyin, bilməyin qüdrətinə inansalar, illər boyu hansı axmaq, əcaib yalanlarla yuxuya verildiklərindən, özləri qəflətdə ikən haqlarının necə əllərindən alındığından, ciblərinin necə soyulduğundan da agah olar, xəbər tutar, bu şəkildə idarə edilməyə layiq olmadıqlarının fərqinə varar, çağdaşlığın, modern, hüquqi demokratik dövlət olmağın faydalarını dərk edər, beləcə, haqq, ədalət, rifah axtarışına çıxardılar.
Amma bir halda ki, öyrənmək, axtarmaq, araşdırmaq, sorğulamaq vərdişi içi biz qarışıq, bəlli coğrafiyalardakı bütün xalqlar üçün yaddır, onlar hər şeyin düzünü ancaq bir nəfərin (bu Cübbəli Ahmet Hoca da, hər hansı başqa bir yobaz da ola bilər, bu bir kral da, bir şeyx də ola bilər) bildiyinə inanır, həyatlarını və həyata baxışlarını həmin bir nəfərin ağzından çıxanlar üzərində qururlar, o zaman üzləşdikləri səfalətin, çəkdiklərin zillətin günahını başqasında, başqalarında axtarmasınlar.
Elmin olmadığı yerdə zülm qaçılmazdır.