Gürcüstanın keçmiş islahatçı iqtisadi inkişaf naziri Kakha Bendukidze 58 yaşında vəfat edib.
O, 2003 «Qızılgül İnqilabından» sonra Gürcüstanın antikorrupsiya siyasətini idarə edən və liberal iqtisadi islahatlar həyata keçirən əsas fiqurlardan biri olub.
Bendukidze Londonda noyabrın 13-də dünyasını dəyişib. Ölümün səbəb kimi ürək çatışmazlığı göstərilib. Yaxınları onun bu yaxınlarda ürək əməliyyatı keçirdiyini bildiriblər.
Tbilisidə doğulan Bendukidze bioloq-biznesmen olub. 1990-cı illərdə öz biznesində uğur qazanıb. Bendukidze 2004-2007-ci ildə iqtisadi inkişaf naziri işləyib. Bu ildən Ukrayna prezidenti Petr Poroşenkonun formalaşdırdığı Ekspertlər Şurasının üzvü olub.
Dünya Bankının hesabatına görə, Bendukidzenin nazir olduğu dövrdə Gürcüstan ən çox islahat keçirib və dünyanın ən islahatçı ölkəsi olub. Bu müddətdə ölkə biznesin asan həyata keçirilməsi reytinqində 137-ci yerdən 11-ci yerə qalxıb.