Yaxud bütün söküntüləri necə “sığorta”lamaq olar?
Mövcud hakimiyyətin tikinti sevgisindən hamınız xəbərdarsınız. Fasadı bahalı daşlarla bəzədilən binaların təmirdən sonra sökülməsi, 1 il öncə istifadəyə verilmiş parkın yenidən təmirə dayanması, 30 il zəmanət verilən körpünün 2 ildən sonra məhv olması adi hala çevrilib və yenisini tikmək üçün büdcəmizin cibləri daim hərəkətdədir.
Maraqlı məqam ondan ibarətdir ki, bütün sahələrin inkişafı “tikinti ixitira”sı ilə assosasiya olunur. Sanki bütün nazirliklər, icra hakimiyyətləri, komitələr “tikinti briqadası”dır və bütün orqanlara tikmək həvalə olunub.
Vəziyyət o həddə çatıb ki, hər kəs başında durduğu sahənin inkişafını tikinti ilə gözə soxmaq istəyir.
Səhiyyə naziri səhiyyədəki uğurları xəstəxana tikintisində, təhsil naziri təhsilin inkişafını, məktəblərin, bağçaların tikintisində, neft şirkəti bu qurumun gücünü yeni tikiləcək 38 mərtəbəli binada, idman naziri idmanın inkişafını idman komplekslərinin tikilməsində görür. Hətta, Maliyyə Nazirliyi, Əmlak Komitəsi, Kənd təsərrüfatı nazirliyi, rayon icra hakimiyyətləri də hansısa tikintini həyata keçirdikləri üçün qürrələnirlər. Bugünlərdə Elmlər Akademiyasının prezidenti bildirdi ki, elm çəhərciyi tikiləcək. Əslində, bu çox absurd və fəaciəvi tendensiyadır.
Yaxşı xəstəxananın tikilməsi, hələ yaxşı səhiyyənin olması demək deyil. Yeni xəstəxanalar çoxaldıqca, xaricə gedən xəstələrin sayı artıb. Çünki, o yeni təmirli xəstəxanada düzgün diqanoz tapmaq müşkülə çevrilib.
Yeni məktəblərin sayı artdıqca, imtahan nəticələri aşağı düşməyə başlayıb. Çünki, tələbəyə, şagirdə əmtəə kimi baxılır, müəllim ehtiyac içində yaşayır, “repetitor” zərurəti yaranır.
Azərbaycanda samballı əsərlərin yazılmaması, Elmlər Akademiyasının bazara çevrilməsi, elmi adların tapşırıqla verilməsi, bu binanın köhnə olduğuna görə deyil, təfəkkürün geridə qaldığına görədir.
Təbii ki, yeni məktəblər də, xəstəxanalar da, elm şəhərciyi də olmalıdır. Ancaq, məqsəd bu sahələrin inkişaf etdilirməsi olmadığı sürəcə, o “yenilər” sadəcə büdcə oğurluğu olaraq qalacaq.
Bugün büdcənin əhəmiyyətli hissəsi tikintiyə xərclənir və sadaladığımız sahələrin “tikinti briqadası”na çevrilməsini zəruri edən də bu pullardı.
Hamı əsas işini unudub, büdcənin “etimad”ını qazanmış sahəyə üz tutub.
Nə qədər ki bütün sahələrdə bu “tikinti”lər gedəcək, bütün sahələrimizin söküntüsü davam edəcək.
Ölkə, sökmək üçün tikənlərin ümidinə qalanda, bütün dövlət orqanları “bənna”ya çevrilir.
Indi, bütün sahələrdəki geriləmələri büdcədən oğurlayıb tikməklə sığortalayırlar.
Akif