Müdafiə Komitəsi: İstintaqın aksiyaçılara qarşı heç bir sübutu yoxdur
“Gərək Siyavuş Novruzovla Mübariz Qurbanlını tutsunlar”
2 aprel aksiyasına görə tutulanların hüquqlarının müdafiə komitəsi mətbuat konfransı keçirilib. Komitəyə rəhbərlik edən Vidadi Mirkamal artıq 2 aya yaxındır ki, müdafiə işini apardıqlarını bildirib. V.Mirkamal deyib ki, 2 aprel aksiyasına görə cinayət işi qaldırılanların sayı 15-ə çatıb. Onlardan 14-ü haqda həbs qətimkan tədbiri seçilib. Vidadi Mirkamal hüquq müdafiəçisi Vidadi İsgəndərli ilə Şahin Həsənlinin də, birbaşa 2 aprel aksiyasına görə açılmış cinayət işi üzrə olmasa da, məhz aksiyalara görə həbs edildiyini bildirdi: “İstintaq hələ ki, uzanır. 2 aprel məhbuslarının saxlanılması üçün heç bir əsas yoxdur. Onların günahkar olduğunu sübut edəcək faktlar yoxdur”.
V.Mirkamal dedi ki, vəkillər dayanmadan hüquq müstəvisində mübarizəni davam etdirirlər. Komitə sədri bildirdi ki, vicdan məhbuslarına azadlıq adı altında imza toplama kampaniyasına başlanılıb.
Müdafiə komitəsinin sədr müavini Vaqif Hacıbəyli də dedi ki, aparılan cinayət işlərinin heç bir məhkəmə perespektivi yoxdur. V.Hacıbəyli hakimiyyətdən cinayət işinə xitam verilməsi və saxlanılanların azadlığa buraxılmasını istədiklərini bildirdi.
V.Hacıbəyli dedi ki, 2 aprel aksiyasına görə həbs edilənlərdən Arif Hacılının zaminə buraxılması üçün sabiq və indiki deputatlar müraciət ediblər: “İndiki deputatlardan İqbal Ağazadə və Sabir Rüstəmxanlı ayrı-ayrılıqda müraciət ediblər ki, Arif Hacılını zaminə götürmək istəyirlər”.
Müdafiə Komitəsinin digər üzvü Gülağa Aslanlı da qeyd etdi ki, istintaq prosesində tutulanların heç birinin təqsiri sübuta yetirilməyib: “Biz deyirdik ki, video görüntülərdə şüşə sındıranlar var. Onlar da Elnur Məcidlini həbs etdilər ki, şüşə sındıranlardan biri bu olub. Halbu ki, Elnur Məcidli sadəcə aksiya yerində olub. Orda isə yüzlərlə adam olub. Siyavuş Novruzov, Mübariz Qurbanlı da orda olub. Gərək onları da tutsunlar”.
Elmin