Vahid Məhərrəmov: «Həmin gübrələrin tətbiqi nəticəsində bitkidə insan orqanizmi üçün zərərli maddələr toplanır»
Neft-Kimya Prosesləri Institutunun direktoru Vaqif Abbasov Azərbaycanda yeni gübrə növünün yaradıldığını söyləyib. “Lent.az”ın məlumatına görə, o bildirib ki, yeni gübrədə karbon, fosfor, hidrogen, azot və oksigendən başqa ayrı bir element yoxdur.
Gübrə ilk dəfə olaraq qarğıdalı əkin sahəsində tətbiq edilib və nəticələr uğurlu olub: “Azot, fosfor gübrələri birgə istifadə edildikdə qarğıdalıda 12 ədəd qılça, bizim yeni yaratdığımız gübrə istifadə edildikdə isə 17 ədəd qılça olur. Hətta dənlərin sayında da ciddi fərqlər qeydə alınıb. Bundan əlavə, hər hektarda yeni gübrədə 150 manat dəyərində mənfəət var”.
Vaqif Abbasov qeyd edib ki, gübrələrlə bağlı müəyyən tədqiqatlar aparılıb. Onun sözlərinə görə, ancaq yeni gübrənin bitkilərə təsiri mexanizmi, hansı bitkidə necə təsir edəcəyi, əkin sahəsində bitkiyə nə qədər verilməli olması ilə bağlı müəyyən tədqiqatların aparılmasına ehtiyac var.
Institut direktoru daha sonra bildirib ki, bu gün Azərbaycanda 1 milyon 200 hektara yaxın suvarılan torpaq var. O, ötən il ölkəyə 98 min ton gübrə gətirildiyini, lakin Azərbaycana gətirilən gübrələrin əksəriyyətinin dünyada imtina olunan gübrələr olduğunu vurğulayıb: “Belə gübrələrin də torpaqda istifadəsi bir çox mənfi hallara gətirib çıxarır. Ümumilikdə isə Azərbaycana bir milyon tona yaxın gübrə lazımdır”.
Dünyanın imtina etdiyi gübrənin Azərbaycanda istifadəsi sözsüz ki, fəsadlara yol aça bilər. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsində istifadə edilən belə gübrələrin istehlakçılara zərəri isə onu ölkəyə gətirənlərin marağında deyil.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov “Azadlıq”a açıqlamasında bildirib ki, Azərbaycanda gübrələr də inhisarda, yəni, “xüsusi əllərdə” olduğu üçün müvafiq qurumlar həmin maddələrin bitki və insan üçün zərəri, törətdiyi fəsadlar bağlı ictimaiyyətə heç bir məlumat vermirlər. Ekspert gübrəçilik sahəsini kənd təsərrüfatı sektorunun digər problemləri sırasına aid edərək, müəyyən nəzarətin təşkil olunmadığını deyir: “Azərbaycana gətirilən gübrələrin tətbiqi nəticəsində bitki orqanlarında və meyvələrdə insan orqanizmi üçün zərərli maddələr toplanır. Hətta normal şəraitdə belə, fotosintez prosesi gedərkən bitki həmin mineral maddələri üzvi maddələrə çevirə bilmir. Buna görə də həmin maddələrin bir qismi bitki orqanında və meyvəsində toplanır. Bir sözlə, yaranan zərərli maddələrin insan orqanizmi üçün ciddi fəsadlar yaratması barədə geniş məlumatlar var”.
Vahid Məhərrəmov son zamanlar Azərbaycan əhalisində yod çatışmazlığının da məhz bu səbəbdən inkişaf etdiyini bildirir. Çünki meyvələrin, alınan məhsulların tərkibində nitritin çox olması nəticəsində belə problemlər yaranır. Ekspert fəsadların artıq özünü çoxdandır göstərdiyini vurğulayaraq, ölkəyə idxal olunan gübrədən istifadə zamanı fermerlərin onun tərkibində hansısa qatqılardan şikayətləndiyini deyir: “Onlar gübrələrə digər maddələrin qarışdırıldığını deyərək, əslində, bunun məhsuldarlığa hansısa formada təsir etmədiyini, məhsuldarlığı artırmadığını bildirir. Gübrələrin keyfiyyəti çox bərbad vəziyyətdədir və o, ciddi nəzarətə götürülməlidir. Bizim kifayət qədər xammalımız var ki, özümüz keyfiyyətli gübrə istehsal etməklə məhsuldarlığı artıra bilərik. Heç kimə lazım olmayan və təsiredici qüvvəsi normalara uyğun olmayan gübrələri Azərbaycana daşıyıb gətirməklə fayda əldə etmək bəzi qüvvələrin marağındadır. Buna qarşı vacib tədbirlər görülməlidir”.
Nigar