Nabatəli Qulamoğlu: «Öz səhvlərini etiraf etsəydilər, daha yaxşı olardı»
Dərs ilinin nə vaxt başlayıb, nə zaman da başa çatması son dövrlərdə ara-sıra gündəmə gələn mövzulardan idi. Bir müddət əvvəl rəsmi səviyyədə bildirildi ki, proqramın çatdırılmaması, eləcə də bayram təqvimlərilə əlaqədar dərslərin bitmə vaxtı uzadılacaq.
Təhsil Nazirliyi Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dərs ilinin müddətilə bağlı edilmiş dəyişikliklərdən bəhs edərək, qeyd olunan normativ aktı çərçivə sənədi sayır. Nazirlik buna uyğun olaraq, dərs ilinin nə vaxtdan uzadıldığını özünün səlahiyyəti adlandırır.ÿBeləliklə də, Nazirlər Kabinetinin qərarı dərs ili başlandıqdan sonra qəbul edildiyi üçün cari tədris ilində dərslərin mayın 31-də başa çatacağı bildirilir.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə təsdiq etdiyi dəyişikliklərə görə, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Bu gün Azərbaycanda təhsil sahəsində bitib-tükənməyən ciddi problemlərin fonunda dərs ilinin nə vaxt başlayıb, nə vaxt sona çatması elə də önəmli məsələ deyil. Çünki dərsliklərin məzmunundan tutmuş, forma və keyfiyyətinə, hər dərsliyə dair bir neçə əlavə vəsaitin nəzərdə tutulmasına, tədrisin kefiyyətinin aşağı olması qədər xeyli həlli vacib problemlər var. Hazırda məktəblərdə tətbiq edilən kitabların tədrisi və mənimsənilməsi üçün bir dərs ili deyil, heç iki dərs ili də çatmaz. Əgər həmin dərsliklərin mənimsənilmə keyfiyyətindən söhbət gedirsə…
Dərsliklər və proqramın yüklənməsindən çıxış yolunu dərs ilini uzatmaqda görən rəsmi qurumlar daha uyğun variant düşünsəydi, daha yaxşı olardı. Lakin Təhsil Nazirliyi o qədər önəm kəsb etməyən məsələlərə diqqət yetirməklə köklü problemlərə əhəmiyyət vermir.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, təhsil müddətinin uzadılmasına heç də ehtiyac yoxdur. Ekspertin sözlərinə görə, ölkənin orta ümumtəhsil məktəblərinin dərsləri iyunun 15-nə kimi uzatmağa sadəcə, şəraiti yoxdur: “Orta məktəblər kondisioner və soyuducu cihazlarla təmin olunmayıb. Bu baxımdan gec də olsa, səhvlərini başa düşüb qərarlarını geri oxudular. Amma bəhanələrlə qərarlarını geri götürdülər. Bəhanə də budur ki, guya, Nazirlər Kabinetinin qərarı çərçivə qanunudur və bundan sonra məsələyə Təhsil Nazirliyi özü baxacaq. Öz səhvlərini açıq şəkildə etiraf etsəydilər, daha yaxşı olardı”.
Nigar