«Biz bəzi işbazların və rüşvətxor məmurların qurbanına çevrilmişik»
Bir qrup dəmiryolçunun üzləşdiyi problem, həmçinin bu sistemdə baş verən qanunsuzluqlar, özbaşınalıqlar barədə xeyli vaxtdır ki, mətbuatda yazılır, etiraz aksiyaları keçirilir, amma səlahiyyət sahibləri sanki bütün bunları görmür, eşitmir. Şikayətçilər növbəti dəfə dövlət başçısı Ilham Əliyevə müraciət etmək qərarına gəliblər.
Dövlət başçısına ünvanlanan məktubda onlar uzun illərdir dəmiryolu sektorunda yaranmış vəziyyət, üzləşdikləri problemlərdən bəhs edirlər:
“Biz uzun müddətdir ki, dəmiryolu sahəsində çalışırıq. Son illər bəzi işbazların və rüşvətxor məmurların qurbanına çevrilmişik. Bu ilin yanvar ayından bəri etdiyimiz şikayətlərin, aclıq aksiyalarının heç bir nəticəsi olmayıb. Dövlət başçısı kimi, Sizə 70-ə yaxın teleqram, 30-dan çox məktub və müraciət ünvanlasaq ki, Prezident Administrasiyasının bircə cavabı olub: ”Şikayətinizə baxılması üçün ərizəniz “Azərbaycan Dəmir Yolları” QSC-yə göndərilir”.
Əlaqədar qurumlara müracit etsək də, gülünc vəziyyətlə qarşılaşırıq.
Cinayət xarakterli, rüşvətxorluq faktları haqda prokurorluğa müraciətimizə də həmin cavab verilib. Bu haqsızlığa qarşı etirazımızı bildirmək üçün Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan aclıq aksiyası üçün yer istəyəndə də onun cavabı eyni oldu. Dəmiryol idarəsinin rəisi Arif Əsgərovdan xahiş edilib ki, bu işi araşdırıb şikayətçiləri yola versin.
Edilən bütün şikayətimizə isə idarənin sərnişindaşıma departamentinin rəisi Elyar Muradov belə cavab verir: “Şikayətiniz əsassızdır. Bizdə heç bir qanun pozuntusu yoxdur”.
Bu yaxınlarda Gəncədə təməli qoyulan vaqondüzəltmə zavodunu işbazlar illər öncə dövlətin milyonlarla vəsaitini mənimsəyərək deponun nəzdində açıb, sonradan müəmmalı şəkildə bağlayıblar. Hər gün dəmiryolunda olan qəzalar nəticəsində dövlətə külli miqdarda ziyan dəyir. Uzun illər boyu bizə aid olan imtiyazlar, əlavə ödənişlər, çörək pulları mənimsənilib. Bunu faktlarla Sizə məktublarımızda da, Baş Prokurorluğa, Hesablama Palatasına, Daxili Işlər Nazirliyinə müraciətlərimizdə də çatdırmışıq.
Son olaraq, Sizə açıq məktub vasitəsilə müraciət edirik. Biz dövlətin ən qanuni orqanı olan məhkəməyə müraciət etsək də, Nəsimi rayon məhkəməsi bizi – 187 nəfər iddiaçının şikayətini get-gələ salaraq, qəbul etmək istəmir. Prezident olaraq bu işə son qoymaqda bizə kömək edin. Haqqımızı tələb etdiyimiz bu yolda bizə dəstək olmağınızı xahiş edirik. Haqsızıqsa, qoy bizi cəzalandırsınlar. Əks təqdirdə, öz hüquqlarımızdan istifadə edərək kütləvi şəkildə aclıq aksiyası keçirəcəyik və yaxud bu ölkənin vətəndaşlığından kütləvi şəkildə imtina edəcəyik”.
Sosial şöbə