Haaqa tribunalı Liviya diktatorunun həbsinə order verdi
NATO-nun Müəmmər Qəzzafi rejiminə qarşı əməliyyatları davam edir. Koalisiya qüvvələrinə məxsus qırıcılar Liviya ordusunun kəşfiyyat xidmətinin mənzil-qərargahına hava zərbələri endirib. Hücum zamanı diktatorun əmrindəki ordu generalı Milad Hüseyn həlak olub. General Milad Hüseyn Müəmmər Qəzzafinin inqilabi komitəsinə daxil olub və eyni zamanda, bir neçə hərbi vəzifə tutub. Onun, hətta xalq üsyanlarının yatırılmasında iştirak etdiyi də bildirilir.Bu arada, Haaqa Məhkəməsinin prokurorluğu Liviya diktatoru Müəmmər Qəzzafi, onun oğlu və kəşfiyyat xidməti rəhbərinin həbsi üçün order verilməsini tələb edib.
Hollandiyanın Haaqa (Lahey) şəhərində yerləşən beynəlxalq məhkəmənin baş prokuroru Luis Moreno-Okampo bildirib ki, Liviyada fevralın 15-dən bəri insanlıq əleyhinə baş verən cinayətlərə görə daha çox məsuliyyət daşıyan 3 yüksək vəzifəli şəxsin həbsi üçün order verilməsi barədə məsələ qaldıracaq: “Baş Prokurorluq, bilavasitə Qəzzafi tərəfindən verilən əmrlər, onun oğlu Seyfülislam Qəzzafinin göstərişilə muzdluların toplanılması və kəşfiyyat rəisi Abdulla əs-Sənussinin nümayişçilərə hücumlarda iştirakına dair birbaşa sübutlar əldə edib”.
Beynəlxalq məhkəmənin qaydalarına əsasən, məhkəmə öncəsi palatanın hakimləri baş prokuror tərəfindən irəli sürülən ittihamları təsdiqləyə, inkar edə, yaxud da baş prokurordan əlavə sübutlar təqdim olunmasını tələb edə bilər.
Liviya hökuməti isə Haaqa Məhkəməsinin hökumətin bir neçə yüksək rütbəli rəsmisinin həbsilə bağlı orderi tanımadığını bəyan edib.
Informasiya şöbəsi