Bu gün Nəsimi rayon məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə hüquq müdafiəçisi Leyla Yunusun Respublika prokurorluğunun təqdimatı əsasında həbs -qətimkan tədbirinin uzadılması ilə bağlı məsələyə baxıb. Qapalı keçirilən məhkəmə Leyla Yunusun daha 4 ay, fevralın 28-ə qədər həbsdə saxlanılmasına dair qərar çıxarılıb. Daha sonra vəkillər Leyla Yunusun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti rədd edib. Qeyd edək ki, Leyla Yunus özü də məhkəmədə iştirak edib.
Leyla Yunusun vəkili Elçin Qənbərov AzadlıqRadiosuna deyib ki, hüquq müdafiəçisi oktyabrın 23-də Kürdəxanı istintaq təcridxanasında Avropa Şurası insan haqları Komissarı Nils Muizniekslə görüşüb və bu görüşdən məmnun qaldığını bildirib.
Elçin Qənbərovun sözlərinə görə, Leyla Yunus siyasi məhbusların problemlərini həll etmək məqsədilə yaradılan «İnsan hüquqları üzrə Birgə Qrup»u «oyuncaq», «teatr» adlandırıb. O bu qurumun siyasi məhbus problemini həll etməyəcəyi qənaətindədir.
azadlıq.info