Hökumət isə baş verənlərə aydınlıq gətirməkdə maraqlı görünmür
Xeyli müddətdir ki, Azərbaycandan xarici ölkələrə döyüşməyə gedənlər haqqında müxtəlif məlumatlar yayılır. Gah Suriyaya döyüşməyə gedənlərdən, gah IŞID-in dəstəsində döyüşənlərdən, gah da IŞID-ə qarşı döyüşənlərdən xəbərlər eşidirk. Bugünə qədər xeyli sayda Azərbaycan vətəndaşının bu döyüşlərdə həlak olması da təsdiqini tapıb. Hətta, Azərbaycandan gedənlərin video müraciətləri də yayılıb.
Son olaraq isə “Əbu Abdullah əl-Azərbicani” ləqəbli azərbaycanlı kamikadzenin Iraqın Səlahəddin əyaləti ərazisində terror aktı törətməsi xəbəri yayıldı. Sosial şəbəkədə yerləşdirilmiş məlumata əsasən, Iraqın Səlahəddin əyalətində ordu qüvvələri Beyci şəhəri istiqamətində irəliləyərkən əl-Həmrə adlanan bölgədə əsgərlərə qarşı kamikadze əməliyyatı həyata keçirilib. Əməliyyatı “Əbu Abdullah əl-Azərbicani” ləqəbli bir “mücahid”in içərisində iki ton partlayıcı olan “Hummer” hərbi maşınını parlatmaqla həyata keçirdiyi bildirilir.
Azərbycandan xaricə döyüşməyə gedənlər və bu adamların Azərbaycanda müxtəlif dairələr tərəfindən təlimat alması haqda məlumatlar olsa da, bugünə qədər dövlət səviyyəsində hər hansı müdaxilə müşahidə olunmayıb. Yəni bu təhlükəli tendensiya aidiyyəti orqanları narahat etmir və sanki baş verənlər sıradan bir hadisədir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda yüzlərlə dini icma qeydiyyatdan keçib və bu icmaların ünvanları mənzildir. Yəni hər dini təşkilat bir mənzildə qeydiyyata alınıb və bunların fəaliyyətini izləmək mümkünsüzdür. Heç kim iddia edə bilməz ki, yüzlərlə dini icmanın fəaliyyəti yüksək səviyyədə nəzarətdədir. Ona görə heç kim zəmanət verə bilməz ki, xaricə döyüşməyə gedənlər Azərbaycanda təlimatlandırılmır.
Onu da qeyd etmək yerinə düşər ki, bugün hansısa vətəndaşın gömrükdən 5 toyuq, 3 dəst mebel, 5 kilo banan keçirmək imkanı da yoxdur. Yəni ölkəyə daxil olan xırda mallar da yoxlanılır və bu mallar monopliyadadır. Ancaq Azərbaycanın ən məşhur yarmarkalarında, ticarət mərkəzlərində santexnika, parfümeriya, oboy və digər malların monopoliyası da zərərli dini təriqət nümayəndələrinin nəzarətindədir. Təbii ki, həmin şəxslər böyük ticarət dövriyyəsini tək idarə edə bilməzlər. Deməli, bu prosesin arxasında iri məmurlar dayanır. Və belə olduğu üçün də Azərbaycandan xaricə döyüşməyə gedənlərlə bağlı müfəssəl araşdırma aparılmır, həmin şəbəkələr aşkar edilmir.
Deməli, bu adamlara nəzarət edilirsə də, nəzarət mümkün deyilsə də, bunun məsuliyyəti hakimiyyətin üzərinə düşür. Çünki, bu şəbəkələrə “pasport” verən də, onların fəaliyyətinə “yaşıl” işıq yandıran da hakimiyyətdir.
Bir sözlə, Azərbaycanda qorxulu təbliğat aparılır.
Əvvəla, bu təbliğatın nəticəsində vətəndaşlarımız həyatını itirir. Digər tərəfdən, bugün Iraqa, Suriyaya döyüşməyə gedib, özlərini canlı bomba edənlərin Azərbaycanın altına düzülmüş mina olmadığına da heç kim zəmanət verə bilməz. Yəni bu adamlardan istənilən vaxt Azərbaycana qarşı da istifadə edə bilərlər.
Akif