84 nəfərin içində dördcə siyasi məhbus var; Xalqın və dünyanın gözlədikləri “içəri”də qaldı
Ölkə başçısı Ilham Əliyev növbəti əfv fərmanı imzalayıb. Fərman 84 nəfərə şamil edilib. Onlardan yalnız 4-ü siyasi məhbus kimi tanınan şəxslərdir – Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və Həsən Hüseynli. Baxmayaraq ki, Azərbaycanda 100-dən çox siyasi məhbus var. beynəlxalq “Amnesty International” bu siyasi məhbusların əksəriyyətini vicdan məhbusu kimi tanıyır.
“Bu fərman humanizm aktı kimi qəbul oluna bilməz”
Əfv fərmanına müxalifət düşərgəsindən ilk reaksiya neqativ olub. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Facebook” səhifəsində dəyərləndirmə apararaq, yazır ki, bu fərman da siyasi məhbus problemini həll etmədi və heç də humanizim aktı kimi qəbul oluna bilməz. F.Qəhrəmanlı mövqeyini belə əsaslandırıb:
1.Əfvə adı salınan siyasi məhbuslar fiziki və psixoloji təzyiq altında ərizə yazmağa vadar ediliblər və bu yolla da törətmədikləri cinayəti etiraf edərək bəraət almaq iddiasından (həm də haqqından) imtinaya məcbur olublar.
2.Bu sənəd Qərbin siyasi məhbuslar probleminə görə Azərbaycan iqtidarına artan təzyiqləri qarşılığında imzalanıb və iqtidar bu yolla Qərbdən gələn təzyiqləri yumşaltmağa çalışır.
3.Cəmiyyətə göstərmək istəyirlər ki, azadlığa çıxmaq üçün mütləq Ilham Əliyevdən sədəqə kimi əfv diləmək lazımdır. Əks təqdirdə özünü günahkar hesab etməyənlərə, əfv ərizəsi yazmağı özlərinə sığışdırmayanlara qarşı qəddar münasibət davam edəcək.
4.Müraciəti alınmış siyasi məhbuslardan bir neçəsinin adının bu fərmana salınmaması o deməkdir ki, iqtidar bu yolla Qərblə müzakirələrdə geriyə çəkilmək üçün imkan saxlayır və növbəti addım kimi ehtiyatda olan bu şəxslərdən istifadə olunaraq yeni bir əfv fərmanı verilə bilər.
5.Əfv fərmanına adları salınan siyasi məhbuslar ədalətsiz məhkəmə qərarı ilə azdlıqdan məhrum ediliblər və günahsız olduqları üçün onlara əfv deyil, bəraət vermək lazımdır.
“Rejimin boyuna ölçülmüş ittiham aktı”
Tanınmış vəkil, Milli Şura üzvü Namizəd Səfərov məsələyə belə münasibət bildirib: “Siyasi dustaqlara yazdırılmış əfv ərizələrinin hər biri hakimiyyətin özünün tərtib etdiyi və rejimin boyuna ölçülmüş Ittiham aktlarıdır. Şübhəsi olanlar bu ərizələri bir daha nəzərdən keçirsinlər”.
Vəkil Anar Qasımlı isə “Facebook” səhifəsində bunları qeyd edib: “Bu əfv sərəncamı konkret mesajdır: beynəlxalq təşkilatlara güvənilməməli, kollektiv və diplomatik ərizə yazılmamalı, konkret əfv istənilməli”.