Şəbəkənin təftişi nə vəd edir?
Qəzetimizin ötən sayında “Elnur Aslanovun marketləri əlindən alınır?” yazısından sonra həmin marketlər şəbəkəsi haqda ilginc məlumatlar almışıq. Şəbəkədə çalışmış mənbəmiz bildirir ki, həqiqətən də “Rahat market”lər şəbəkəsi PA-nın keçmiş Siyasi Təhlil və Informasiya Şöbəsinin müdiri Elnur Aslanovun xeyr-duası ilə fəaliyyət göstərib. Elnur Aslanov PA-da vəzifədən alındıqdan sonra ona məxsus sayt və qəzetlər, ticarət mərkəzləri təftiş olunmağa başlayıb.
Göbələk kimi şəhəri başına götürən “Rahat market”lər ticarət şəbəkəsi xırda ərzaq dükanlarının bəlasına çevrilib. Ətrafdakı mini-marketlər “Rahat market”lərlə rəqabətə tab gətirməyərək sıradan çıxıb və qapılarını biryolluq bağlanmaq məcburiyyətində qalıb. Bu səbəbdən də çox sayda insanlar işsiz, ailələr isə dolanışıqlarından məhrum olub.
“Rahat market” ANC-MMC kimi tanınan şəbəkə, bizi məlumatlandıran şəxsin dediyinə görə, məşhur “Papanin” deyilən ərazidə (hərbi-qospitalla üzbəüz) “Rahat market”in tək icarə haqqı 10.000 manatdır və üstəgəl 40 nəfərə yaxın işçilərə verilən məvacib, kommunal xərcləri də əlavə etsək, bir market üçün böyük məbləğdə “rasxod” əmələ gəlir.
Hazırda Bakı şəhərində 5 ərazidə “Rahat market”lər, ticarət mərkəzi fəaliyyət göstərir.
Çoxlu sayda ailələrin çörəyinə bais bu şəbəkə əvvəllər “Almalı” kimi fəaliyyət göstərən ticarət mərkəzini əvəzləyib. Iş adamı Araz Ağalarova məxsus “Almalı”lar “quda”lar arasında gedən narazılıqlardan sonra fəaliyyətinə son qoydu. Xırda sahibkarlar təzə-təzə əl-qol açmışdılar ki, şəhərdə “Rahat market”lər açılmağa, bununla da kiçik ərzaq dükanları sahiblərinin qara günləri başladı.
Indi gəlin görək “Rahat market” ANC MMC-nin açması nədir?
1.A – Adnan kürd əsilli Türkiyə vətəndaşıdır.
2.N – Namiq əvvəllər Rusiyada kiçik bizneslə məşğul olub.
3.C – Cəlal əvvəllər polisdə, sonralar hansısa məmurun cangüdəni olub.
Bu “üçlüyün” adına qeydiyyatdan keçmiş ANC MMC-dir. Əlbəttə, bu cür ticarət şəbəkələri, gizli iqtisadiyyat yolu ilə fəaliyyət göstərən sexlər vasitəsilə doldurulur. Çirkli pulların yuyulmasında əvəzsiz rol oynayır. Adının çəkilməsini istəməyən firma işçisinin dediyinə görə, onlar “Rahat market”i ərzaq malları ilə təchiz edərkən 30% qazanclarından keçməli olurlar. Mühasibatlığın hesabatında “Rahat market”ə təchiz olunmuş malın ümumi dəyəri 30.000 olduğu halda firma ayın axırında bunun qarşılığında 3.000 manatı şəbəkənin kassasında qoyaraq əlvida demiş olur. Deməli, şəbəkə fəaliyyətində firmalardan aldığı faizə önəm verir. Bu da vergidən yayınmanın növlərindən biridir.
Son məlumatda bildirilir ki, Elnur Aslanovun tapşırığına əsasən şəbəkə rəhbərliyi 6 ay öncə təhlükəni hiss edərək Biləcəri aşırımında yerləşən, “milyonçular məhəlləsi”ndə fəaliyyət göstərən “Rahat market”in adını dəyişdirərək “Salam market” qoyub. Şəbəkə rəhbərləri “Salam market”ə “Balaca Arif” ayamalı birisini təyin ediblər…
Şakir Həsənsu