Yaxud ifşa olunmuşların utanmazlığı
Milli Şuranın 12 oktyabr mitinqindən 4 gün keçməsinə baxmayaraq, hakimiyyət hələ də “Məhsul” stadionunda “gəzişir”. 12 oktyabr mitinqində minlərlə insan “siyasi məhbuslara azadlıq” çağırışı etdi və 2 saat müddətində tədbir yekunlaşdı. Ancaq 12 oktyabr tarixi Milli Şuranın mitinqi ilə yanaşı, hakimiyyətin növbəti ifşası kimi tarixə düşdü. Məlum oldu ki, mitinq öncəsi Milli Şura milli bayraq, hakimiyyət isə IŞID bayrağı almaqla məşğul olub. Əslində, möhtərəm və möhtəşəm hakimiyyətimiz meydana YAP bayrağı da çıxarda bilərdi. Və bununla o mesajı verərdi ki, xalq yalnız YAP-ı dəstəkləyir. Ancaq uzaqgörən rejim real vəziyyəti düzgün qiymətləndirib və bu nəticəyə gəlib ki, IŞID-in bayrağı daha məntiqli görünür. Bəli, bu çoxbilmişlər ilk növbədə YAP-ın bayrağını, IŞID-ə uduzdurdular.
Milli Şuranın mitinqində isə yüzlərlə milli bayraq olduğu üçün, hökumətin IŞID təxribatı da anında dəfn olundu. Daha sonra bu “IŞID sevər”lərin kimliyi üzə çıxdı, əvvəlcədən öyrədilmiş adamlar olduqları təsdiqləndi və bəzilərinin adı da cəmiyyətə açıqlandı.
Bütün bunlardan sonra rejim qəzetləri utanmadan Milli Şuranı IŞID-ə bağlamaqdan əl çəkmir. Bu qədər ifşadan sonra, yenidən IŞID arqumentinə əl atmaq üçün “daşlaşmış sifət” lazımdır. Görünür, hökumətin səngərində belə “daşlaşımış sifət”lər çoxdur.
“Yeni Azərbaycan”, “Səs” və digər oxucudan məhrum olmuş qəzetlər mitinq şokundan ayrıla bilmir. Bu adamları utanmadan yalan yazmağa məcbur edən nədir?
Görünür, insan nəfsinə qul olanda, başı mədələşəndə, tamahı vicdanına rəhbərlik edəndə, böhtan istehsal etmək peşə borcuna çevrilir.
Mitinqdən bir neçə saat sonra xeyli adam zəng edərək AzTV-lərin “IŞID repertuar”ından danışırdı. Sevindirici hal ondan ibarətdir ki, zəng edən adamlar “niyə IŞID-in bayrağını qaldırmısınz” deyə sual etmirdi. “Indi də sizə IŞID damğası vururlar” deyə təəssüfünü bildirirdi.
Indi sosial şəbəkələrdə, xəbər portallarında yayılan video görüntülər sübut edir ki, IŞID bayrağını qaldıranları zərərsizləşdirənlər, IŞID damğası vurmağa çalışdıqları cəbhəçilərdi. “Ermənipərəst”, “narkoman”, “xuliqan” ittihamları nəticə vermədiyinə görə, hakimiyyət fantaziyasını zorlayaraq “IŞID fenomen”i tapdı. Bu yeni “silah” isə atəş aça bilmədi. Daha doğrusu öz cəbhəsini “güllə”lədi.
Xatırlayırsınızsa, bir müddət əvvəl AXCP sədri Əli Kərimli “Əl-Qaidə” və “Hizbullah”la əməkdaşlıqda ittiham edilirdi. Sonra Əbülfəz Elçibəyi zəhərləməkdə ittiham olundu. Ənənəvi olaraq xaricdən maliyyələşmə ittihamı da var. Hələ Əli Kərimlinin cibindən tank əleyhinə qumbara çıxması, cəbhəçilərin Saatlıda qəbir daşlarını sökməsi kimi “eksklüziv” ittihamlar da səslənib. Son olaraq isə “IŞID fərziyyə”sinə əl atıblar. Əgər indiyə qədər irəli sürülən ittihamlar sübuta yetirilsəydi, Əli Kərimli və onlarla cəbhəçi 70000 il həbs cəzası almalıydı. Nə hikmətdirsə, 20 ildir cəbhəçilərin törətdiyi “cinayət”lərin üstü açılmır. Əslində, ümumi mənzərəni nəzərdən keçirəndə, hakimiyyətin nə qədər qeyri-ciddi və cılız olduğu aydın görünür.
Yəni bütün ittihamların inandırıcı olmadığını, tezliklə ifşa olunacaqlarını bilə-bilə eyni səhvi təkrarlayırlar. Əslində, hakimiyyətin rəqiblərinə qarşı apardığı mübarizə metodu müxalifətin haqlı olduğunu təsdiqləməyə xidmət edir. Təsəvvür edin ki, 20 ildən artıq sənə çamur atırlar və bu çamur sənə yapışmır.
Sonda demək istəyirəm ki, Jirinovskinin Bakıda hörmətli qonaq kimi qarşılanması, deputat mandatı verdiyiniz Etibar Hüseynovun xalqı təhqir etməsi IŞID bayrağının qaldırılmasından daha utanclı hadisədir.
Biz nə edək ki, bu hakimiyyət utana bilmədiyindən bütün havalara oynayır.