«Oğlumun ölkəmiz üçün, demokratiya naminə hansı işlər gördüyünü bilirdim»
Həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədliyə Vatslav Havel Sülh Mükafatı verildi. Mükafat oktyabrın 1-də Praqada onun atası Asəf Məmmədova təqdim olundu. Asəf bəylə müsahibəmizə elə bu mükafatın verilməsi xəbərindən başladıq.
– Asəf bəy, öncə mükafatla bağlı danışaq. Havel mükafatının Anara verildiyini eşidəndə ilk təəssüratınız necə oldu?
– Bu mükafatın Anara veriləcəyini dəqiq bilmirdim, ancaq ümid vardı. Strasburqda AŞ PA-nın zalında Ann Brassör çıxışın ortasında Anarın şəkli ekrana gəldi. O da başladı Anar haqda danışmağa. Bundan sonra bildim ki, mükafatı oğluma verdilər. Bu mənim üçün çox sevindirici oldu. Ilk dəfə idi belə mötəbər tədbirdə iştirak edirdim, buna görə də bir az həyəcan vardı. Tədbirdə rus dilində 3-4 dəqiqə çıxış etdim. Çıxışımda özüm və Anarın adından şifahi olaraq bu mükafatı ona verilməsində rolu olanlara, təşkilat komitəsinə, AŞ PA-ya və digər beynəlxalq müdafiə təşkilatlarına təşəkkürümü bildirdim. Bu mükafatın təkcə Anara deyil, Azərbaycanda həbsdə olan hüquq müdafiəçiləri, o sıradan siyasi və vicdan məhbuslarına dəstək olduğunu bildirdim. Çıxışımdan sonra mənə bir sıra ölkələrin deputatları və beynəlxalq təşkilatların nümayəndələri yaxınlaşıb təbrik etdilər. Onlar Anar və başqa siyasi məhbusların vəziyyətilə maraqlandılar. Azadlığa çıxması üçün əllərindən gələni edəcəklərini dedilər. Avstriyadan, Estoniyadan, Litvadan, Ukraynadan, Türkiyədən, Çexiyadan, Almaniyadan və başqa ölkələrdən deputatlar və təşkilatların nümayəndələriylə söhbətimiz oldu. Məni təbrik edənlərin arasında Türkiyənin məşhur siyasətçisi Dəniz Baykal da vardı. Mükafatdan sonra Avropa Şurasının Baş Katibi Torbyor Yaqland, AŞ PA-nın prezidenti Ann Brassörlə, Avropa Şurasının digər rəsmiləriylə görüşüm oldu. Onlar Anar Məmmədlini və digər siyasi məhbusların durumuyla maraqlandılar. Azərbaycandakı vəziyyət haqda məlumatları var. Anar Məmmədli və digər vicdan məhbuslarının həbsdə olmasından narahatlıqlarını bildirdilər. Azadlığa çıxması üçün çalışacaqlarını söylədilər. Ann Brassör mənə dedi ki, Ilham Əliyevlə görüş zamanı Anar Məmmədlini və digər siyasi məhbusların məsələsini müzakirə edib. Görüşdüyüm rəsmi şəxslər də mükafatın Anara verilməsindən məmnun olduqlarını bildirdilər. Onlar hesab edirlər ki, Anar Məmmədli göstərdiyi fəaliyyətlərə görə bu mükafata layiqdir.
– Bu mükafatın ötənilki qalibi, belaruslu hüquq müdafiəçisi Oles Belyatskiylə görüşdünüz?
– Bəli, mən onunla görüşdüm. Maraqlı söhbətimiz oldu. O da təbrik etdi. Mükafatın Anara verilməsindən sevindi. Dedi ki, o da bu mükafatı alarkən Anar kimi həbsdə olub. Iki ay sonra həbsdən azad olunub. O ümid edir ki, Anar da yaxın zamanlarda azadlığa çıxacaq və bunu çox arzuladığını bildirdi. Anarı yaxından tanıdığını dedi və hesab edir ki, mükafatın ona verilməsi ədalətli və düzgündür. Strasburqda mükafatın təqdimatından sonra Praqaya – Havel mükafatını təsis edən təşkilatın ofisinə getdik. Beynəlxalq hüquq müdfafiəçilərin konfransı keçirildi. Avropa ölkələrindən hüquq müdafiəçiləri, diplomatlar iştirak edirdi. Orada Azərbaycandakı insan haqları, demokratiyanın durumu müzakirə edildi. Bildirildi ki, insan haqları, demokratiya sahəsində problemlər mövcuddur və bunun aradan qaldırılması haqda da çıxışlar edildi. Strasburqda və Praqada olarkən bizə marağın böyük olduğuna şahid oldum. Bir neçə tanınmış media orqanlarının əməkdaşları müsahibə aldılar. Mən onlara Anar Məmmədli, Bəşir Süleymanlı və başqa siyasi məhbuslar haqda məlumat verdim.
– Mükafatdan sonra Anarla görüşmüsüz?
– Mən onunla görüşəndə artıq mükafat alması haqda vəkillərindən məlumat almışdı. Anar bu mükafatın ona verilməsini yüksək qiymətləndirir. Biz hesab edirik ki, belə bir nüfuzlu mükafatın verilməsi oğlumun cinayətkar yox, təmiz, şəffaf fəaliyyət göstərdiyini sübut edir. Ziyalı bir insandır. Bunu təkcə biz yox, sivil dünya mükafatı Anara verməklə dedi.
– Anarın hazırkı durumu necədir? Saxlanma şəraitindən narazı deyil?
– Anar saxlanma şəraitindən heç bir narazılığı yoxdur, əhval-ruhiyyəsi çox yüksəkdir. Gününü daha çox kitab oxumaqla keçirir. Özünü günahkar saymır və hesab edir ki, məhkəmə barəsində ədalətli qərar çıxarmayıb. Yaxın zamanlarda ədalətin bərqərar olacağına inanır. Özü, Bəşir Süleymanlı və digər günahsız həbs olunan siyasi məhbuslar azadlığa çıxacaq. O bunu arzulayır və hesab edir ki, ölkəmiz üçün müsbət hal olar.
– Anar Məmmədlinin həbs ediləcəyini gözləyirdiniz? Sizə nəsə deyirdi?
– Anarın nə işlə məşğul olduğunu, ölkəmiz üçün, demokratiya naminə hansı işlər gördüyünü bilirdim. Ancaq onun işlərinə qarışmırdım. O tam müstəqil adamdı. Bu yol çətindir. Nə vaxtsa həbs olunacağını da bilirdim.
– Bunları bilə-bilə oğlunuzu yolunuzdan çəkindirmək istəmisiz?
– Müstəqil şəxsdi, işiylə, fəaliyyətiylə bağlı qərarları özü verir. Ona nəsə deməyə ehtiyac yoxdur.
– Anarın uşağlığı necə keçib?
– Uşaqlıqda əsasən futbol və kitablarla maraqlanırdı. Qarabağ müharibəsi zamanı o, 10-cu sinifdə oxuyurdu. Dostlarıyla birlikdə könüllü olaraq cəbhə bölgəsinə əsgərlərə ərzaq aparırdı. Xarici Dillər Universitetinə qəbul olundu. Ancaq universitetə qəbul olunmazdan öncə də ictimai-siyasi prosesləri izləyirdi. Ən çox sevdiyi böyük şəxsiyyətlər isə Rəsulzadə və Elçibəydi. Onlar haqda qarşısına nə çıxırdı oxuyurdu. Ən böyük arzularından biri də Avropada təhsil almaq idi. Bu arzusuna çatdı. Ancaq həbsi ona imkan vermədi. Həbsindən az öncə Avropa universitetlərindən birinə qəbul olundu. Həbsə düşməyi onu təhsildən məhrum etdi. Səhhətindəki bəzi problemlərlə bağlı müalicə almalı idi. Ancaq həbsi buna da imkan vermədi. Anara dəflərlə xaricdə yaşamaq, orada fəaliyyət göstərmək təklif olunsa da, o bunlardan imtina edib və vətəni sevdiyi üçün Azərbaycanda qalmağı üstünlük verib.
Ramin DEKO