Qubad İbadoğlu: «Hökumət Neft Fondunun aktivlərinin daha səmərəli istifadə üsullarını tapmalıdır»
Azərbaycan hökuməti gələn ilin büdcəsində neftin qiyməti müəyyən edilərkən onun ucuzlaşmasına hazır olmalıdır. Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda prezident bu barədə danışıb. Dövlət başçısı söyləyib ki, büdcəmizin müəyyən hissəsi Neft Fondunun transfertləri hesabına təmin edilir. Neftin qiyməti aşağı düşdüyünə görə yəqin ki, hökumət büdcədə neftin qiymətini düzgün müəyyən etməlidir:
“Bir daha danışacağıq ki, büdcənin icrası ilə bağlı heç bir problem olmasın. Ümumiyyətlə, Azərbaycanda o qədər böyük iqtisadi və maliyyə potensialı yaranmışdır ki, inanmıram, neftin qiymətinin düşməsi bizə ciddi təsir göstərsin. Ancaq hər halda biz buna hazır olmalıyıq və planlarımızı buna uyğun şəkildə aparmalıyıq. Dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxmayıb. Digər amillər var ki, neftin ucuzlaşmasına təkan verir. Biz bütün bunları nəzərə almalıyıq və investisiya proqramlarımızı buna uyğun şəkildə tutmalıyıq. Yenə də qeyd etmək istəyirəm ki, artıq müvafiq göstərişlər verilmişdir. Ilk növbədə sosial məsələlər – sosial təminat, hərbi xərclər və infrastruktur layihələri tam şəkildə öz həllini tapacaq”.
Görəsən, neftin qiymətinin aşağı düşməsi dövlətin büdcəsinə necə təsir göstərəcək?
Məsələ barədə şərhini “Mediaforum”a bildirən iqtisadçı-ekspert Qubad Ibadoğlunun fikrincə, neftin qiymətindəki dəyişikliklər dövlət büdcəsinə, Neft Fondundan transfertlərə yenidən baxılmasını zəruri edir. Ekspertə görə, iqtisadiyyatı neftdən asılı olan ölkələr belə təhlükələri nəzərə almalıdır və onların iqtisadi proqnozlar heç də həmişə optimist olmamalıdır: “Gözləntilərin əksinə neftin ucuzlaşması, o cümlədən alternativ enerji mənbələrinin payının çoxalması riskləri artırır. Azərbaycan hökuməti böyük investisiya öhdəlikləri götürüb. Bu ilin yanvar ayına olan məlumata görə, neftdən gələn 81 milyard manatdan 56.5 faizi investisiyaya yönəlib. Buna baxmayaraq böyük investisiya ehtiyacları hələ də qalır. Yəni neftin qiyməti investisiya proqramlarına da təsir göstərəcək. Prezidentin çıxışı həm də müvafiq dövlət qurumlarına bir tapşırıqdır ki, öz xərc smetalarında dəyişiklik etsin. Azərbaycan hökuməti ilk olaraq investisiya xərclərində dəyişikliyə gedəcək”.
Qubad Ibadoğlu hökumətin atmalı olduğu addımlar barədə də danışıb. O qeyd edib ki, hökumət Neft Fondunun aktivlərinin daha səmərəli istifadə üsullarını tapmalıdır: “Çox təəssüf olsun ki, Neft Fondu əvvəl başladığı səhv kursu davam etdirir, gəlirlərin bir hissəsi yenə də Rusiya bazarlarına yönəldilir. Rusiyada sanksiyalardan sonrakı vəziyyət göstərir ki, son nəticədə neft gəlirlərindən əldə olunan mənfəət azalacaq. Investisiya xərclərinin səmərəliliyi artmalıdır, yəni daha çox şəffaf, hesabatlı olmalıdır. Kifayət qədər şişirdilmiş layihələrə pul ayrılması neft pulunun azalmasına səbəb olur. Sahibkarlığa münbit şərait yaradılmalı, monopoliya aradan qaldırılmalıdır”.
Nigar