Son 1 il hakimiyyətin ifşasını reallaşdırdı
Artıq Ilham Əliyev 11 ildir ki, ölkəyə rəhbərlik edir. Ilk dönəmlər “o gəncdir”, “xarici dil bilir”, “Avropa təhsili alıb” kimi arqumentlərlə cəmiyyətə ümid verildi və Ilham Əliyevin tam fərqli olduğu görüntüsü yaradıldı. Biz, bu 11 ilin son 1 ilini nəzərdən keçirmək istəyirik. Bəli, 2013-cü ilin 9 oktyabr seçkilərindən 1 il ötür. Əslində, Ilham Əliyevin ən böyük məğlubiyyəti də bu tarixdən başladı.
Əvvəla, Milli Şuranın vahid namizədi Cəmil Həsənli bütün məntəqələr üzrə qalib gəldi və sübut etdi ki, xalq Ilham Əliyevə səs verməyib. Daha sonra beynəlxalq təşkilatlar bu seçkiyə mənfi rəy verdi, ATƏT-in seçki missiyası seçkiləri 58 faiz pis və ya çox pis kimi qiymətləndirdi, həmkarları Əliyevi seçkilərdən 1 ay sonra təbrik etdi. Bir sözlə, 9 oktyabr seçkilərdindən sonra Əliyev hakimiyyəti “demokratiyaya doğru bir addım” komplimentindən məhrum oldu.
Amma “qara günlər” bununla da yekunlaşmadı. Ilham Əliyev prezidentliyinin 11-ci ilini də siyasi məhbus “istehsal”ına həsr etdi. Qanunların çəkisi daha da azaldı, məhkəmələr daha da oyuncaq quruma çevrildi, həbslər daha qondarma ittihamlarla həyata keçirildi. Mühacirətə gedənlərin sayı artdı, əhalinin gəlirləri azaldı, intiharlar rekord həddə çatdı. Hətta, elə bir vəziyyət yarandı ki, insanlar haqqını almaq üçün özünü yandırdı, körpüdən atdı, ölüm aclığına başladı. Iqtisadiyyatın bütün sahələrində monopoliyalar gücləndi, sahibkarlıq fəaliyyəti daha da məhdudlaşdırıldı, əhali yüksək kredit faizlərinin girovuna çevrildi. Təhsilin keyfiyyəti sürətlə aşağı düşdü, imtahanların nəticəsi “2″ rəqəmini önə çıxardı, səhiyyəyə inam tamam yox oldu, ölkə vətəndaşları müayinə və müalicə üçün ölkə xaricinə axın etdi. Cinayətkarlıq artdı, kriminal vəziyyətin səviyyəsinə görə ölkəmiz dünyada 3-cü yeri tutdu.
Ən böyük problemimiz olan “Qarabağ” məsələsində heç bir irəliləyiş olmadı. Əksinə, əsgərlərimiz həlak oldu, orduda xoşagəlməz hallar artdı və “lazım”ın gəlişi təmin edilmədi.
Hüquq müdafiəçiləri, jurnalistlər, intellektual gənclər misli görünməmiş şər-böhtanla həbsə atıldı, AXCP-nin qərargahı partladıldı, real müxalifətin sıradan çıxarılması üçün bütün qeyri-qanuni vasitələrdən istifadə olundu. Azad mətbuatın çökdürülməsi sürətlə davam etdi.
Ilham Əliyev son 1 ildə xarici siyasətdə də “nokaut” vəziyyətinə düşdü. Beynəlxalq təşkilatlar Azərbaycanla bağlı tənqidi hesabatlar yaydı, “kürü diplomatiyası” iflasa uğradı, Avropa Şurasında Ilham Əliyev sual atəşinə tutuldu, Bakıda keçirilən beynəlxalq tədbirlərdə hakimiyyətin antidemokratik addımları açıq şəkildə ifadə olundu. Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi və sanksiyaların tətbiqi gündəmə gəldi. ABŞ prezidenti çıxışında Azərbaycanı demokratik dəyərlərə hörmət etməməkdə suçladı.
Bütün bunlardan sonra Ilham Əliyev Azərbaycan xalqını “qoyun” adlandıran Jirinovskini hörmətli qonaq kimi Bakıda qəbul etdi və etiraf etdi ki, dövlətin, millətin qüruru qətiyyən önəmli deyil.
Bəli, bu illər ərzində Ilham Əliyev və onun yaxın ətrafı daha da varlandı, ölkəni şəxsi mülkiyyətə çevirdilər və bu “ənənə”ni davam etdirmək üçün istənilən qanunsuzluğa əl atdılar.
Bir sözlə, Ilham Əliyevin 11 illik hakimiyyəti Azərbaycanı demokratiyadan uzaqlaşdırıb, diktaturaya yaxınlaşdırdı. Eyni zamanda 11-ci ilin sonunda rejimin maskası cırıldı.
Akif