Qərbdən qaçmaq hakimiyyət naminə yalnız Qarabağı deyil, bütün Azərbaycanı ruslara satmaq perspektivi yaradır
Amerikalı politoloq, Karnegi Fondunun eksperti Tomas de Vaalın Azərbaycan mətbuatında da yer alan müsahibəsində Qərbin Dağlıq Qarabağla bağlı planları barədə ilginc açıqlamalar var. Tomas de Vaal region üzrə ekspertdir və ciddi informasiyalara malikdir. Müsahibədə Qərbin dağlıq Qarabağ münaqişəsinə aid mövqeyi əks olunub. Politoloq deyir:
“Kompromis masa üzərində olanlardır. Azərbaycan kiçik Laçın dəhlizi istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu geri alır. Dağlıq Qarabağ ermənilərinə özünü-idarəçilik hüququ verilir. Regionun statusu uzun müddət qeyri-müəyyən saxlanılır – 20-30 il sonraya referendum nəzərdə tutulur. Bu vaxt ərzində isə Azərbaycan Ermənistanla əlaqələr qurur. Azərbaycan iqtisadi baxımdan Ermənistandan irəlidədir. Azərbaycan Ermənistanla münasibətdə yumşaq gücdən istifadə edə bilər. Insanlar evlərinə qayıdar. Təhlükəsizlik durumu yaxşılaşar. Həyat yaxşılaşar. Azərbaycan istədiyi hər şeyi almayacaq – məsələn, ola bilsin, Xankəndində Azərbaycan bayrağı dalğalanmayacaq. Amma yerdə qalan hər şey olacaq”.
“Lazım”sız sülh variantı
Bu, Azərbaycan hökumətinin də “Lazım”ın gəlişindən əvvəlki variantda, yəni sülh variantında iddia edəcəyi ən ideal kompromissdir. Üstəlik, politoloq bildirir ki, 20-30 il sonra keçiriləcək referendimda Azərbaycanın mənafeləri baxımından udmaq şansı çox böyükdür. Çünki Azərbaycan varlı ölkədir və Dağlıq Qarabağ sakinlərinə – həm ermənilərə, həm də azərbaycanlılara daha yaxşı perspektivlər vəd edə bilər. Cənab Vaalın proqnozlarına daha bir neçə məqamı əlavə etmək olar. Birincisi, Dağlıq Qarabağ münaqişəsi həll edilərsə, regionda Rusiyanın destruktiv təsiri minimuma enir və hətta Ermənistanda da Rusiyanın müəyyənləşdirdiyi hakimiyyətin əvəzinə Qərbpərəst hakimiyyət formalaşar. Ikincisi, 20-30 il ərzində Rusiyanın təsirini minimuma endirmiş Zaqafqaziyanın Avropaya inteqrasiyası burada nəinki sərhəd mübahisələrini, hətta bütövlükdə sərhəd dirəklərinin özünü belə əhəmiyyətsizləşdirə bilər.
Rusiya nə təklif edir?
Bu, Qərbin təklif etdiyi həll planıdır. Ermənistan bu varianta razılıq vermək imkanında görünmür. Ona görə ki, Ermənistan, ümumiyyətlə Rusiyanın iradəsindən kənarda olan variantlara hazır deyil. Rusiyaya isə münaqişənin həlli yox, uzadılması gərəkdir. Bu münaqişə Rusiyanın hər iki ölkəyə təsirinin həlledici səviyyədə saxlanılmasını təmin edir. Buna görə də Rusiya münaqişənin yalnız dondurulmasını təklif edir, Ermənistanı havayı, Azərbaycanı isə pul müqabilində silahlandırmaqla sivil inkişafın deyil, hərbi üstünlüklərin rəqabətini yaradır.
İlham Əliyev Qarabağ münaqişəsini necə həll etmək istəyir?
Amma yalnız Ermənistan deyil, Azərbaycan hakimiyyəti də Dağlıq Qarabağ probleminin həlli variantına razı deyil. “Lazım gələrsə torpaqlarımızı güc yolu ilə azad edəcəyik” tipli bəyanatlar isə həm yerli ictimaiyyəti müharibə perspektivi ilə qorxutmaq, həm də beynəlxalq ictimaiyyəti hərb təhlükəsi ilə şantaj etmək üçün verilir. Əslində isə, Azərbaycan hakimiyyəti Qarabağ münaqişəsinin həll olunmasından qorxur. Bu, yuxarıda qeyd edildiyi kimi, regionda Rusiyanın təsirini minimuma endirir və bu da o deməkdir ki, Azərbaycan birmənalı olaraq Qərbyönümlü inkişaf yoluna qədəm qoyur. Bu halda demokratiya mexanizmi işə düşməli, siyasi hakimiyyətin qurulması baş verməli, ölkə hakimiyyəti də seçki yolu ilə müəyyən edilməlidir.
Ilham Əliyevin hökuməti (özü başda olmaqla) Qarabağ münaqişəsinin həll edilməməsini öz hakimiyyətinin uzanmasının başlıca təminatlarından biri hesab edir və yanılmır.
Qərb kimin tərəfindədir
Nəzərə almaq lazımdır ki, Ermənistanı Tomas de Vaalın da təkrarən dilə gətirdiyi sülh modelinə razı salmaq üçün Qərb strukturları ona həmişə, xüsusilə də son zamanlar təzyiqlər etməkdədirlər. Məsələn, NATO Ermənistanı işğalçılıqda ittiham edən bəyanat yayıb. Avropa Birliyi Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə günahlandıran iki rəsmi bəyanat verib. Hətta AŞ PA da bu günlərdə “Ermənistan işğalçı ölkədir” deyərək öz mövqeyini açıqlayıb. Bu o deməkdir ki, Azərbaycan hakimiyyətinin Qərbi, xüsusilə də Qarabağ münaqişəsinin həlli üçün səy göstərməməkdə, onu ikiüzlü siyasət aparmaqda ittiham etməsinin heç bir əsası yoxdur. Əslində, Qarabağ münaqişəsinin həllində maraqlı olan və olduqca ciddi təkliflər verən Qərbin yanından qaçıb, bu münaqişənin həllində ümumiyyətlə maraqlı olmayan Rusiyanın yanında durmaq ikiüzlülükdür.
İkiüzlülük məsələsi
Bu ikiüzlülük isə Qərbdən uzaqlaşmaqla Azərbaycanda siyasi repressiyaların dərinləşdirilməsində daha çox nəzərə çarpır. Azərbaycan hakimiyyəti Qərbdən sadəcə olaraq uzaqlaşmır, həm də ölkədə Avropa demokratiyasının genişlənməsi, insan haqları və söz azadlığı kimi dəyərlərin təminatı uğrunda fəaliyyət göstərən vətəndaşları həbsə atmaqla ölkədə ümumiyyətlə bu dəyərlərin daşıyıcılarının qalmamasını istəyir. Yəni, Ilham Əliyev özü Rusiyaya sığınmaqla kifayətlənməyib ölkə əhalisini də təhlükəli və radikal ideyaların təbliğatçılarının sərəncamına verir. Bəllidir ki, indi Azərbaycanda əsasən demokratik dəyərlər uğrunda mübarizə aparanlar repressiyaya məruz qalır. Amma ictimai fikrin boşalmış meydanında IŞID sıralarına döyüşçü toplayan emissarlar at oynadır. Bu isə yalnız Azərbaycan üçün təhlükəli deyil, elə Ilham Əliyevin özü və çevrəsi üçün daha çox təhlükə vəd edir. Indi Qərblə münasibətlərin soyuqlaşdırılması şəraitində daha çox ölkə daxilində sərmayə yatırmaqla əmlakının təhlükəsizliyinə, guya qarantiya qazandıran oliqarxiya hakimiyyəti ölkəni gözləyən xaosun ilk sırada dayanan qurbanı ola bilər. Ola bilər ki, Ilham Əliyevin komandası radikal dini ekspansiyanın tüğyan edəcəyi zaman özünü xilas etmək üçün Rusiyadan xilas kəməri istəsin. Bu, Rusiyanın Azərbaycanda hərbi mövcudluğunun bərpası ola bilər. Amma Krımın uğursuz işğalından sonra özünə yer tapa bilməyən Rusiyanın Zaqafqaziyaya yeni hərbi güclər çıxara biləcəyi ağlabatan görünmür.
Tomas de Vaal bu məsələyə də toxunur və bildirir:
“Rusiya və Iran problemdir, amma onlardan heç biri Azərbaycana birbaşa müdaxilə etmək niyyətində deyil. Heç biri rejim dəyişikliyi arzulamır. Onların prezident Əliyevlə normal münasibətləri var. Risklər ikidir. Birincisi budur ki, demokratik müxalifətin həbsə atılması və marginallaşdırılması ilə meydan boşalır. Bu meydanı radikal müxalifət dolduracaq. Bu sıraya cihadçılar, hazırda Suriya və Iraqda IŞID sıralarında döyüşən azərbaycanlı sünnilər daxildir ki, onlar bir gün vətənə qayıdacaqlar. Bu mənada hökumət müxalifəti radikallaşdırır”.
(Yeri gəlmişkən, bəzi azərbaycanlı “politoloqlar” Tomas de Vaalın Rusiya və Iran faktorları ilə bağlı bu fikirlərini çırpışdırıb öz adlarından cəmiyyətə təqdim etməklə bir az eybəcər görünürlər).
Ölkə müxalifətinin Qərbin qorxusundan radikallaşdırılaması mülahizələri isə Azərbaycan siyasilərinin illərdir vurğuladığı bir həyəcanlı perspektivdir, indi həmin perspektiv lap yaxındadır, Türkiyə sərhədlərinə qədər irəliləyib.
Azad Akifoğlu