Yaxud «Assosiasiya sazişi» niyə qorxuludur?
Azərbaycan hakimiyyəti üçün “Assosiasiya sazişi” zəhərli ilan kimi görünür. Məhz buna görə bütün vasitələrlə bu sazişdən yayınmağa, mənasız əməkdaşlıq formaları təklif etməyə üstünlük verirlər. Çünki, “Assosiasiya sazişi”nin imzalancağı təqdirdə, demokratik islahatlar qaçılmaz olacaq. Azərbaycan hakimiyyəti isə azad sahibkarlığa, hüququn aliliyinə, vətəndaşın söz sahibinə çevrilməsinə imkan vermək istəmir.
YAP-ın orqanı olan “Yeni Azərbaycan” qəzeti də “Assosiasiya sazişi”nin zərərli olmasının təbliğatına başlayıb və “Assosiativ üzvlük Ukraynanı hara aparır” başlıqlı məqalə dərc edib.
Məqalədə vurğulanır ki, bu saziş imzalandan sonra Ukraynanın daxili siyasi səhnəsində bir sıra ziddiyyətli məqamlar özünü göstərməyə başlayıb və Ukraynanın AB-yə gerçəkdə assosiasiya olunacağı sual doğurur. “Maraqlıdır ki, Ukraynanın daxilində də imzalanan sazişə münasibət birmənalı deyil. Cəmiyyətdə sənədin iqtisadi hissəsinin 1 il gecikdirilməsi narazılıq yaradıb. Hətta bəzi rəsmi şəxslər P.Poroşenkonun qərarına etiraz edərək istefa da verib. Əgər əhali yaşayış səviyyəsinin aşağı düşməsinə dözə bilsə, Avropaya inteqrasiya alına bilər. Əks halda, hər şeyin alt-üst olması ehtimalı az deyil. Son aylar Ukraynanın cənub-şərqində baş verən hadisələr göstərdi ki, Moskvanın bu ölkəyə təsir imkanları genişdir. Deməli, bundan sonra da Rusiya faktoru Ukraynanın daxili siyasi, sosial və iqtisadi-mədəni həyatında ciddi rol oynaya bilər”,- deyə məqalədə bildirilir.
Daha sonra bildirilir ki, Ukraynanın ərazi bütövlüyünə zəmanət yoxdur və Ukrayna Qərb-Rusiya qarşıdurmasının ön cəbhəsi olacaq.
Sanki Azərbaycan hakimiyyəti Ukraynaya məsləhət verməyə başlayıb.
Ancaq reallıq onu göstərir ki, Ukrayna bu prosesdə udan tərəfdir və bütün dünya Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Rusiya isə, ağır sanksiyalarla üz-üzə qalıb. Azərbaycan hakimiyyətinin fikrincə, Ukrayna “Qoşulmayanlar bloku”na qoşularaq, ölkəni keçmişə doğru aparmalıdır. Ya da, Rusiyanın caynaqları altında təslimçiliyi qəbul etməlidir.
Çünki, Azərbaycan hakimiyyəti ölkənin 20 faizinin işğal olunmasında, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının törədilməsində əsas rol oynayan Rusiyanın “çadır”ına girməyə qərar verib. Bu hakimiyyət üçün dövlətin qüruru, vətəndaşın məhrumiyyəti önəm kəsb etmir. Ukrayna xalqı isə Yanukoviçi devirməklə sübut etdi ki, kölə olmaq, avtoritar idarəçilikdə yaşamaq istəmir.
Azərbaycan hakimiyyəti isə, ölkə vətəndaşlarını demokratiya arzusundan yayındırmaq üçün Ukraynanın uğurunu bədbəxtlik kimi təbliğ edir. Görünür, bu da yeni “taktika”dır. Indi, demokratiyanı gözdən salmaq üçün, qonşu dövlətlərin uğurunu gözdən salmaq lazımdır.
Akif