Müsavat Partiyasından qurultaydan sonra istefa verən Samir Kazımlı öz facebook səhifəsində təşkilatın hazırkı başqanı Arif Hacılının onun barəsində söylədiklərinə münasibət bildirərək bir sıra ittamlar səsləndirib. S.Kazımlının yazdıqlarını təqdim edirik:
“Müsavat Partiyası mövzusuna qayıtmaq istəmirdim. Amma Müsavat Partiyasının yeni başqanı, cənab Arif bəy Hacılının Azadlıq Radiosunun efirində barəmdə dediklərinə cavab vermək məcburiyyətində qaldım. Cənab Hacılı deyib ki, tapşırıq verib və mənim barəmdə partiyada araşdırma aparılır, hansı rayon təşkilatında üzv olmağımı müəyyənləşdirmək istəyirlər. Bundan sonra adımı hardasa tapsalar və ya tapmasalar nə olacaq? Düzü, mənim də yadımdan çıxıb, yoxsa deyərdim hansı rayon təşkilatdır))). Bundan başqa o, bildirib ki, Samir Kazımlı uzun zamandır Müsavat Partiyasına qarşı təbliğatda kifayət qədər aktiv iştirak edib. Arif bəy mənim barəmdə danışmaq istəmədiyini desə də, bir saatlıq verilişin 4-5 dəqiqəsini mənə həsr edib. Canlı efir üçün bu vaxt az da deyil. Bundan əlavə partiyanın təşkilat şöbəsinin rəhbəri, (Partiya Patrul Xidmətinin fəalı) əslində isə partiyada dinevalni (Əsgərlikdə qapının ağzında komandiri qarşılayan əsgər. Razim bəy də həmişə başqanı qarşılayır) funkusiyasını yerinə yetirən cənab Razim Əmiraslanlı isə mətbuata açıqlamasında deyib ki, güya mən partiyanın üzvü deyiləm və 10 il öncə partiyadan çıxmışam. Belə oldusa, araşdırmalarını aparsınlar və sonda onlara hər şeyi sübut edəcəm. Razim bəyi isə səbrli və məsuliyyətli olmağa çağırıram.
Bildirmək istəyirəm ki, partiyadan istefa vermək mənim hüququmdur və bundan istifadə etmişəm. İstefa haqda yaydığım bəyanatda (ərizədə) Arif bəy barəsində heç bir söz də yazmamışam, istefamın səbəblərini bildirmişəm, partiyanı və əsasən onun köhnə başqanı İsa bəy Qəmbər haqda bəzi tənqidi fikirlər yazmışam. Cənab Hacılı başqan seçiləndən bir neçə saat sonra mən partiyadan istefa vermişəm və bəyanatımda onun barəsində heç nə yazmamışam. Amma o, məni yazmağa məcbur etdi. Bu mövzuya qayıtmaq mənim üçün xoş deyildi. Arif bəy jurnalist Natiq Cavadlıya qarşı kobud davrananda bir dəfə sosial şəbəkədə jurnalist kimi onun barəsində tənqidi fikirlər bildirmişəm. Bir də ki, adamlarla ümumi söhbətlər, müzakirələr zamanı. Başqa heç vaxt onun barəsində KİV-də, sosial şəbəkədə heç nə deməmişəm. Əgər demişəmsə, indi xatırlamıram.
Arif bəyin xidmətləri olub və onların üstündən xətt çəkmək olmaz. Meydan hərəkatının iştirakçısı və istiqlalçı deputat olub, yüksək dövlət vəzifəsi tutub, üzün illər müxalifət düşərgəsində fəaliyyət göstərib, aksiyalarda polis zorakılıqları ilə üzləşib, bir neçə dəfə günahsız olaraq həbsdə yatıb. Eyni zamanda onun barəsində mənfi fikirlər də səsləndirilib. Onu müxalifət və Müsavat daxilində intiriqa yaradan adam kimi adı çox hallanıb. Bundan əlavə “AXC-Müsavat hakimiyyətdə olanda Arif Hacılı rüşvət alıb, icra başçıları qoyurdu” kimi fikirlər də eşitmişəm. Bunu mən iddia etmirəm, sadəcə belə söz-söhbətlər eşitdiyimi deyirəm.
“Böyük siyasətçi kimlər hesab edilməlidir” sualına və anlayışına öz yanaşmam var. Böyük siyasətçi mənim üçün ictimai rəyə ciddi təsir edən, ciddi ictimai-siyasi proseslər yaradan, dinc şəkildə hakimiyyətə gəlməyin yollarını, dövlət idarəçiliyini yaxşı bilən şəxsdir. İnciməsin, son 10 ildə (Əvvəllər ola bilər, bu proses yox, artıq tarixdir) Arif bəydə bunların heç birini müşahidə etmədiyim üçün onu böyük siyasətçi saymamışam.
Siyasətçi həm də savadlı, dözümlü və intiriqalardan uzaq olmalıdır. Yoxsa yazdığı bir balaca cümlədə “üzr” sözünü “üzür” kimi yazan Səxavət Soltanlı kimi şəxsləri başqan müşaviri, Məclis üzvü qoymaqla siyasətçi yetişdirmək olmaz. El dili ilə desək, Müsavatın başına onda daş saldınız ki, belə adamları cəmiyyətə siyasətçi kimi sırıdınız.
Əlbəttə, mənim yazdığım bu yazıda da texniki səhv tapa bilərsiniz. Bu təbiidir. Ən peşəkar jurnalistin yazısı da korrektor qələmindən keçir. Amma bir cümlədə səhv buraxan “siyasətçi” deməli yüz cümlədə yüz səhv buxara bilər. Bundan başqa hər il doğum və vəfat etdiyi günlərdə böyük Məhəmməd Əmin Rəsulzadənin, mərhum prezident Əbülfəz Elçibəyin məzarları üzərinə gül qoymaq, sonra ordan çəkilən fotoları facebookda yaymaq, siyasətlə məşğul olmaq deyil. Bəli, bu da lazımdır.
Arif bəydən fərqli olaraq İsa bəyi böyük siyasətçi hesab etmişəm. Amma İsa bəy burdan-bura Lənkərana gedə bilməyə-bilməyə Rüstəm İbrahimbəyovu Moskvadan Bakıya gələ bilməməkdə qınadı. O, dramaturqa qarşı çox komik görsənirdi)). Həm ağlamalı, həm də gülməli vəziyyət yaranmışdı.
Siyasətçi yaxşı və pis işləri də bacarır. 100 ildən çox yaşı olan bir partiyanı belə duruma – Dərnəgül partiyasına çevirmək də pis mənada bir siyasətçinin apardığı prosesdir. Cənab Qəmbər, Hacılı və onun yaxın ətrafı tarixi bir partiyanın bu hala düşməsinə görə tarix və vicdanları qarşısında cavab verməlidilər. O biri dünyanın olub-olmamasını dəqiq bilmirəm. Müsavatı hazırkı duruma saldığınıza görə, yəqin o biri dünyada (əgər varsa) M.Ə.Rəsulzadənin, onun silahdaşlarının, 16 oktyabr şəhidləri Həmidağa Zahidovun, Alqayıt Məhərrəmlinin ruhları qarşısında da cavab verməli olacaqsınız!
Görün partiyada vəziyyət necədir. Deməli A.Hacılı deyir ki, 20 ildir partiyanın təşkilat məsələləri ilə məşğul olub, amma Samir Kazımlının partiya üzvü olduğunu bilməyib və iddia edir ki, araşdırma aparıblar, mənim partiya üzvü olub-olmamağımı müəyyən edə bilməyiblər. Razim Əmiraslanlı isə lap qabağa gedib, deyib ki, S.Kazımlı 10 il öncə partiyadan gedib. Müsavatın sabiq başqanı İsa Qəmbər isə 2011-ci ildə, Müsavatın 100 illiyində S.Kazımlını önəmli xidmətlərinə görə təltif edib. Baxın, Müsavatda vəziyyət bu gündədir. Bir məsuliyyət hiss etmədən, hərəsi ağzına və ağlına gələni danışır. Sonra da deyirlər ki, 100 ilin partiyasıyıq. Məsuliyyət olmayan yerdə 800 ilin partiyası olsan da, xeyri yoxdur.
Aşağıdakı fikirlərə diqqət edin, Arif bəyin 17 may 2012-ci il tarixdə həbsdən prezident İlham Əliyevə yazdığı müraciətdən bir hissədir.
“Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbəsini, bu populyar yarışmanın ölkəmizdə keçirilməsini dövlətimiz və millətimiz üçün mühüm hadisə hesab edirəm. Məncə, biz bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamdan xalqımızın və dövlətimizin nüfuzunun artması, dünya birliyində yerinin möhkəmlənməsi üçün bir fürsət kimi istifadə etməyə borcluyuq. Bu fürsətin necə əldən verildiyini həbsxana divarları arxasından kədərlə izləyirəm. Təsadüfi deyil ki, yalnız ermənilərlə məhdudlaşmayan bədnam qonşularımız “Eurovision” yarışması ərəfəsində öz çirkin niyyətlərini həyata keçirmək üçün daha intensiv və daha aqressiv fəaliyyətə keçiblər…”
Cənab Hacılı bu müraciəti yazandan biz (kampaniya üzvləri) siyasi və vicdan məhbusları olan ölkədə “Eurovision”un keçirilməsinə etiraz edirdik və tələb edirdik ki, “Eurovision” mahnı müsabiqəsi keçirilən günə qədər siyasi və vicdan məhbusları, o cümlədən günahsız həbs edilən Arif bəy azad edilsin. Bunun üçün “Demokratiya naminə oxu” kampaniyası (“Sing for Democracy”) başlanılmışdı. O zaman hakimiyyətin dedikləri ilə Arif bəyin müraciətindəki fikirlər bir-birlərinə çox yaxın idi. Həmin vaxt hakimiyyət bəyan edirdi ki, “Demokratiya naminə oxu” kampaniyasını həyata keçirənlər ermənilərin və Azərbaycanı istəməyən xarici qüvvələrin təsiri altında olan adamlardır. Arif bəy də qeyd olunan müraciəti ilə o vaxt hakimiyyətin quru çörəyinin üstünə kərə yağ çəkmiş oldu. Həmin kampaniyanın əsas təşkilatçılarından üçü – dəyərli hüquq müdafiəçiləri Leyla xanım Yunus, (hazırda ölüm təhlükəsi ilə üz-üzədir) Anar Məmmədli, Rəsul Cəfərov hakimiyyət tərəfindən qondarma ittihamlarla həbsə atılıblar. Emin Hüseynovun təşkilatı dağıdılıb, özünün isə harda olduğu bilinmir. Maraqlısı odur ki, hakimiyyət adları çəkilən bu şəxsləri xarici qüvvələrə işləməkdə ittiham edir.
Arif bəyin məlum müraciəti bizi ruhdan salmadı, işimizə davam etdik. Kampaniya çərçivəsində hazırlanan və üzərinə Sing for Democracy yazılan maykaları Müsavatın qərargahında Arif bəyə və digər siyasi məhbuslara dəstək üçün aclıq aksiyası keçirən xanımlara və bəylərə də verdik. Sağ olsunlar, onlar da kampaniyada yaxşı iştirak etdilər. Həmin maykanın birini isə İsa bəyə verdim. O vaxt həmin mayka çox modda idi, hamı geyinirdi, kimə mayka çatmırdısa, onlar da bizdən inciyirdilər. Amma ölçüsü əyninə olsa da, İsa bəyin nədənsə siyasi məhbuslarla bağlı hazırlanan maykanı bir dəfə də olsun əyninə geyindiyini görmədim. Nə isə…
Arif bəy iddia edir ki, mən həmişə Müsavata qarşı fəal kampaniya aparmışam. 2012-ci ilin avqust ayının sonunda M.Ə.Rəsulzadənin Sabirabad rayonundakı büstü hakimiyyət tərəfindən götürüldü. Amma Rəsulzadənin yaratdığı Müsavat Partiyasından (mərkəzdən) bir səs çıxmadı. Bununla bağlı facebook-da partiya haqda tənqidi fikirlər yazdım. Mən yazandan sonra partiyanın gənclər təşkilatı adından etiraz bəyanatı yayıldı. Bundan başqa Müsavat rəhbərliyini həmişə facebook-da tənqid edirdim ki, hamınızın qərargahda otaqlarınız var, heç olmaya bir otağı M.Ə.Rəsulzadəyə ayırın, muzey kimi bir otaqlıq bir yer düzəldin, onun barəsində kitablar, fotolar və s. təbliğat materialları qoyun ora. Dedim ki, partiyaya yeni gənclər, xarici qonaqlar gələndə, həmin otağa aparıb, partiyanın tarixi və Rəsulzadə haqda faktlarla məlumat verərsiniz. Partiya fəalının biri mənə cavab yazdı ki, buna ehtiyac yoxdur. O, bildirdi ki, bunun üçün Müsavat fəalı, tədqiqatçı alim Nəsiman Yaqublunun qərargahda otağı var və orada lazımı olan kitablar, fotolar da var. Bir sözlə o boyda qərargahda Rəsulzadəyə bir otaq ayırmadılar. Mən bunları yazmışam, cənab Hacılı. Əgər Siz bunu Müsavata qarşı kampaniya hesab edirsinizsə, bir daha düşünmək üçün Sizi vicdanınızla baş-başa buraxıram.
Bəli, mən Müsavatın YAP-ın qərargahına gedərək, elə bugünlərdə Azərbaycandakı anti-demokratik hakimiyyətə siyasi və vicdan məhbuslarını həbsə atdığına görə sanksiya mesajı verən Avropa Parlamentinin əleyhinə YAP-la birlikdə bəyanat imzalamasına etiraz etmişəm və fikirlərimi sosial şəbəkədə yazmışam. Digər tənqidi fikirlərim isə İsa bəyin özü və fəaliyyəti ilə bağlı olub. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən heç vaxt Müsavata qarşı kampaniya aparmamışam və heç vaxt da aparmayacam. Bu gün də özümü MÜSAVATÇI hesab edirəm. Mənim üçün İ.Qəmbər, A.Hacılı Müsavat olmayıb və bundan sonra da olmayacaq.
Birdən elə bilərsiniz ki, istefamı və yazdıqlarımı kimlərinsə təsiri altında edirəm. Əgər belə düşünürsünüzsə, yanılırsınız. İstefam və yazdıqlarım haqda qərarı özüm müstəqil şəkildə vermişəm, başqa kimsə mənə təsir etməyib.
Deyirsiniz ki, fəal olmamışam. Bəli, bunu bəyanatımda səbəbləri ilə birlikdə yazmışam. Mətbuata təzyiqlərlə bağlı dörd gün Müsavatın qərərgahında aclıq aksiyası edəndən və aclığı dayandıran axşamın səhərsi gün – 27.10.2010-cu il tarixdə jurnalist kimi 4-5 saat Yasamal rayonunu İ.Qəmbərlə birlikdə onun seçki kampaniyasından reportaj hazırlamaq üçün qapı-qapı gəzmişəm. Siz də aclıq edən şəxs kimi bilirsiniz ki, aclığı dayandıran adam ilk günlər az qida qəbul etməlidir. Bir neçə gün davamlı olaraq saatlarla Yasamalı qapı-qapı gəzərək İ.Qəmbərin seçki kampaniyasından yaxşı reportajlar yazdım, “Yeni Müsavat” qəzetində. O zaman İ.Qəmbər demək olar ki, tək qalmışdı, ətrafında 5-10 adam və bir də mən idim. Anlayıram, həmin vaxt parlament seçkiləri idi və çox adamın başı öz seçki işinə qarışmışdı. Həmin vaxt İ.Qəmbərin seçki işlərinə rəhbərlik edən qardaşınız Vaqif Hacıbəyli belə bir məqamda İsa bəyə dəstək olduğum üçün mənə dəfələrlə təşəkkür edib. Müsavat, İ.Qəmbər üçün başqa nə etməli idim, göyə fişəng atmalı idim? Deyə bilərsiniz ki, bu jurnalist kimi mənim işim idi. Amma 4 gün aclıq edən jurnalistə ən azı fiziki baxımdan belə işi heç kim tapşırmazdı. Mənə də bunu kimsə məcbur etməmişdi. Vicdanımın səsi ilə bunu etmişəm. Və indi də heç bir minnət qoymuram, sadəcə xatırladıram. Bu bir misal idi. Amma İ.Qəmbər və A.Hacılı isə minlərlə belə vicdanlı işlərin arxasında dayanmağı bacarmadılar, özləri də uduzdular, onların arxasınca gələnləri də məyus etdilər. Arif bəy deyib ki, onu M.Ə.Rəsulzadəyə bənzədirlər. Təəssüf ki, İ. Qəmbər və A.Hacılı əməlləri ilə Rəsulzadəyə oxşaya bilmədilər. Ancaq İ.Qəmbər A.Hacılıya, A.Hacılı isə İ.Qəmbərə oxşaya bildi.
Eşitdiyimə görə, A.Hacılı başqan olandan sonra onun kəndçisi, mənim də bir neçə cəhətlərinə görə hörmət etdiyim dostumuz Əfqan Muxtarlı facebookda və digər söhbətlərdə yeni başqan haqda tənqidi fikirlər deyənləri hədələyir, təhqir edir. Məsələn, jurnalist Natiq Cavadlı belə bir halla üzləşib. Budur Sizin demokratiyanız? Əgər belədirsə, onda bir sərəncam imzalayın və Ə.Muxtarlını partiyanızın adam hədələmək, söymək, yeri gələndə döymək məsələləri üzrə müşaviri təyin edin. Mən hesab edirdim ki, Azərbaycan boyda olmağa layiq bir partiyanı Dərnəgül partiyası etmisiniz. Yanılmışam, bağışlayın. Sən demə, qocaman Müsavatı Tala (A.Haclının kəndinin adıdır) partiyası etmisiniz artıq.
Bəzi ağzıgöyçəklər deyə bilərlər ki, mən istefa verməkdə və sonra belə yazılar yazmaqda özümü gündəmdə saxlamaq, məşhurlaşmaq istəyirəm. Diqqətinizə çatdırmaq istəyirəm ki, bəziləri kimi az qala əsnəmək haqda mətbuata açıqlama verərək ala itdən məşhur olmaq mənim arzularım sırasına daxil olmayıb və olmayacaq da. Özümü təbliğ etmək niyyətim olsaydı, ölkənin ən populyar media orqanlarında çalışanda bunu edərdim. Amma həmişə belə məsələlərdən uzaq olmuşam.
Son dəfə sizlər – İsa Qəmbər və Arif Hacılı ölkədə demokratiyanın, insan haqlarının durumunu ayda ildə bir dəfə görünən Vəhdət Partiyasının sədri Tahir Kərimli, VİP sədri Əli Əliyev və bu kimi digər adamlarla müzakirə edəndə, mən bu mövzunu AŞPA sədri Ann Brassörla müzakirə etmişəm. Odur ki, artıq harda və kimlərin yanında olduğunuzu anlamanız lazımdır. Bu gün İsa bəyin, Sizin və mənim mövqeyim ictimaiyyətə bəllidir. Anlayın, mən artıq sizlərlə bir təşkilatda ola bilməzdim. Arif bəy, Siz həbsdən çıxandan sonra İlham Əliyevi adı ilə tənqid etdiyinizi görmədim. Deyirsiniz ki, partiyada mənimlə bağlı araşdırma aparırsınız. Arif bəy, məni kənara qoyun. Bu hakimiyyətin araşdırılası o qədər qanunsuz hərəkətləri var ki, gedin, onları araşdırın ee.
Deyirsiniz ki, hakimiyyət sizi TV-lərə buraxmır. Razıyam, elədir. Amma internetə daxil olub, hakimiyyət haqda (ad çəkməklə) bir status yazmaq, bir stəkan su içmək kimi bir şeydir. Bəs niyə bu hakimiyyətin qanunsuz əməllərindən ad çəkərək yazmırsınız? Lütfən əvvəllər neçə çıxış etdiyinizi deməyin. Söhbət bu gündən gedir. Hərdən İsa bəyin facebook səhifəsinə baxıram, adama elə gəlir ki, sanki bəy facebook səhifəsinin parolunu itirib, heç nə yazmır. Amma nədənsə piti yeməyə gedəndə, facebook səhifəsinin parolunu tapır və piti yeməyi haqda status yazır. Nuş olsun.
Son olaraq demək istəyirəm ki, bütün bu baş verənlərə görə mənim sizlərə qarşı heç bir kinim, düşmənçiliyim də yoxdur. Bu sadəcə sizlərə qarşı ictimai-siyasi baxışlarımdır. Uğurlar”.