Məlahət Mürşüdlü: “İntiriqalar, dedi-qodu, şər-böhtan, yalan vədlər, səriştəsizlik, sıfır təşkilatçılıq… Rəsulzadə partiyasının bugünkü vitrini budur”
Müsavat Partiyası Məclisinin keçmiş üzvü Məlahət Mürşüdlü yeni başqan seçkisi ilə keçən qurultayın nəticələri barədə fikirlərini qələmə alıb. Onun yazısı “musavat.com”da dərc olunub.
M.Mürşüdlü qeyd edir ki, Müsavatın qurultayında 14 illik fasilədən sonra “vitrin dəyişikliyi” baş verməliydi. Ən azından ona görə ki, bu, müxtəlif səviyyələrdə təhlillər apararaq “köhnə hamam, köhnə tas” deyənlərə tutarlı cavab olardı.
“Qurultayda 28 kişimi bunu istəmədi və ya başqa səbəblərmi vardı? Əlbəttə, səbəblər var idi ki, bu da birbaşa nəticəyə təsir etdi. Bu səbəblərdən bir neçə gündür ki, danışılır, yazılar çap olunur.
Adekvat olaraq “səslərin sayılması çox şəffaf keçib” deyənlər də var. Amma onlar iqtidarın keçirdiyi seçkılərdən sonra sevə-sevə təkrar etdikləri “məsələ qutuya qədər həll olunur” kəlamını çox tez unutdular.
Həmin o “əsas məsələ” seçki kampaniyasının qəbul edilmiş qaydalar əsasında aparılması idi. Qubad İbadoğlunu “hakimiyyətin adamıdır” adı ilə rayon təşkilatlarında bir anlaşılmazlıq, tərəddüd yaradaraq rəqib namizədi ləkələmək və yaxud da rayonlarda keçirilən “görüşləri təşkil etməmək” kimi göstərişlər vermək məncə, bu günkü qalib komandaya başucalığı gətirmir. Bu sözləri adlarının çəkilməsini istəməyən qərb və şimaldan olan nümayəndələr deyir. Bəlkə nə zamansa özləri deyəcəklər. Söz verdiyim üçün mən də çəkmirəm.
Q.İbadoğlu yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malikdir. O, tənqidə, plüralizmə, konsensusa açıqdır. Onun üçün sağ, sol anlayışı mövcud deyil, bölücülük onun xarakterinə yaddır. Kimliyindən asılı olmayaraq insan amili başlıca faktordur. Müxtəlif düşüncəli, görüşlü insanlarla işləmək bacarığına malikdir.
Tolerantlıq, ədalətlilik, obyektivlik, dürüstlük Qubad bəyin başlıca keyfiyyətlərindəndir. Biz 28 kişidən fərqli olaraq düşündük ki, məhz bu keyfiyyətlərə malik şəxs Müsavata rəhbərlik etməlidir.
Müsavat Partiyası reanimasiya stolunun üstündədir: daxili və xarici intiriqalar, dedi-qodu, şər-böhtan, yalan vədlər, səriştəsizlik, təşkilatçılıq 0 (sıfır)!
M.Ə.Rəsulzadə partiyasının bugünkü vitrini budur. Onu bu günə salanlar da bu vitrini düzəltməlidirlər. Əlbəttə, bacarsalar!”, – deyə M.Mürşüdlü yazır.