Səadət Cahangir
Keçənlərdə Türkiyə mətbuatında “Şakira” adlı ağ qarğanın hekayəsini oxumuşdum. Hesablamalara görə, 24 milyonda bir rast gəlinən bu albino qarğanı Rizədə tapan Feridun Albayrak onu Istanbula öz evinə gətirib. Səbəb odur ki, böyüyüb ağ olduğu görünən qarğanı sürüdən qovublar. Bu da səbəbsiz deyilmiş. Mütəxəssislərin fikrincə, qara qarğalar albino qarğanı ona görə aralarına buraxmırlar ki, ovçuların diqqətini çəkib onları təhlükəyə ata bilər.
Siyasətlə məşğul olan Albayrak bu “Şakira”ya o qədər vaxt ayırmaq zorunda qalıb ki, özü dediyi kimi, lap “qarğaloq” təcrübəsi qazanıb. Albayraq, hətta keçən il “Şakira”ya qulaq yoldaşlığı etmək üçün yaxınlıqdakı bağlardan bir bala qarğa da tutub gətirib. Amma səhər sübhdən onun evi böyük qarğa sürüsü tərəfindən mühasirəyə alınıb. Qarğa tayfasının hücumuna məruz qalan ev sahibi “girovu” buraxdıqdan sonra sürü səssizcə çıxıb gedib.
Albayrak “Şakira”nın Hindistandakı bənzərindən sonra dünyada ikinci albino olduğunu söyləyirdi.
Lakin bu hadisədən sonra bənzər ağ qarğanın Sakaryada tapıldığını, onun da “tayfası” tərəfindən qovulduğunu oxudum…
Təbii, bunları yazmaqla “qarğaloq peşəsi”ni davam etdirmək niyyətində deyiləm. Sadəcə, demək istədiyim odur ki, yaşadığımız cəmiyyətin qanun-qaydaları ilə bu “qarğa cəmiyyəti”nin qayda-qanunları necə də bir-birinə bənzəyir! Fərqli olmağın, qaradan başqa rəngdə görünməyin və görməyin çox ağır hesabları var. Qara qarğaların hücumuna tuş gələrsən, dimdik-dimdik edərlər səni, aralarına buraxmazlar. Nədən? Çünki real təhlükəsən, kənardan ilk olaraq gözə girirsən, “qaradan başqa rəng yoxdur” ehkamını alt-üst edir varlığın. Hər şey qara olmalıdır, qara! Qara olmasan, qaragün olarsan! Min cür əzab-əziyyət yaşayarsan, əzilərsən, daşlanarsan, qəfəsə salınarsan!
Hər şeyin qara qəlibə salındığı bir cəmiyyətdə rəng fərqi göstərmək əziyyət və məhrumiyyət deməkdir. O məhrumiyyətlərə məhkum edilən insanların nə işgəncələr yaşadığı bu günlər daha çox açığa vurur. Azərbaycan həbsxanalarında gerçək bir dəhşət yaşanır. Həbsxana işçisi tanınmış bir ictimai xadimə, məhbus qadına əl qaldırır. Heç kimdən də qorxmur. Niyə də qorxsun? Görünür, beli yuxarılardan bağlıdır. O kölə yalnız ağalarının sifarişini yerinə yetirir. Yoxsa, bu qədər rəzil hərəkətə qol qoymaq cəsarətini haradan alırdı ki? Bu gün ədalətsiz həbslərə və həbsxana qalmaqallarına yol verib, ölkəni dünyada rüsvay edənlər cəzasızmı qalacaq sanırsınız? Cəzasız qalmayacaqlarını onlar özləri hər kəsdən gözəl bilirlər, əslində.
Albayrağın söhbətində maraqlı bir məqam vardı. Deyirdi ki, “Şakira” özünü qara qarğalara bənzətmək üçün qəfəsində həmişə dimdiyi ilə suyu torpağa çiləyib, palçığı üstünə yaxırmış. Biçarə “Şakira”nın bunu gerçəkdən o məqsədlə edib-etmədiyini deyə bilmərəm. Amma çox şükür ki, bu gün bizim “ağlar” heç qəfəsdə tək qalacaq qədər də az sayda deyillər. Buraları demirəm. Hələ Kürdəxanı, Şüvəlan, Şəki, Ismayıllı dolub-daşır. Əsl gerçək də budur ki, təbiətdən olan ağ rəngi palçığa bulamaqla, onu qaralaya bilməzsən. Ağı nə qədər qaranlıqda boğsan, yenə oradan öz rəngində çıxacaq. Qara gecələrdən günəşli sabahların doğduğu kimi…