Vaşinqtonun Azərbaycana artan diqqəti hakimiyyətdən demokartiya sahəsində konkret addımların atılmasını tələb edir
Regionda baş verən proseslərin, ölkə daxilində hakimiyyətin yürütdüyü repressiv siyasətin güclənməsinin fonunda ABŞ-ın Azərbaycana marağı artıb. Bu maraq özünü ABŞ-dan Azərbaycana ünvanlanan bəyanatlarda açıq şəkildə göstərir. Bundan başqa, BMT-nin növbəti sessiyasında Azərbaycan rəsmiləri ilə görüşlər Amerikanın Azərbaycanı diqqət mərkəzində saxladığını deməyə əsas verir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində sentyabrın 25-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoria Nuland ilə görüşüb.
Tərəflər Azərbaycan-ABŞ münasibətlərinin durumu, əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin haqqında fikir mübadiləsi aparıblar. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə olunub.
Əslində bu görüş xronoloji ardıcılıqda ABŞ-ın marağını sübut edən sonuncu məqamdır. Bundan əvvəl isə ABŞ-ın Azərbaycanda baş verənlərə ciddi önəm verdiyini sübut edən başqa olaylar var.
Bu sırada, heç şübhəsiz, birinci yeri ABŞ prezidenti Barak Obamanın çıxışında Azərbaycanda vətəndaş cəmiyyətinə olan basqılardan söz açmasıdır. Əslində, bu bəyanat yüksək tribunadan iqtidarın ünvanına səslənən növbəti sərt mesajdır. Çıxışında Azərbaycandakı vəziyyətə toxunan Obama ölkəmizdəki reallıqları kəskin tənqid edib. Bundan başqa, Obamanın çıxışında diqqət çəkən məqamlardan ən əsası prezidentin ABŞ-ın xarici siyasətdəki prioritetlərin bir daha dilə gətirilməsidir. Xüsusilə onun altı cızılır ki, Amerikanın vətəndaş cəmiyyətlərinə dəstəyi ölkənin milli təhlükəsizlik məsələsidir. Və yalnız demokratik prinsiplərə hörmət edən ölkələr Vaşinqtonla yaxın münasibətlər saxlaya bilərlər.
ABŞ-ın Azərbaycana diqqətinin daha bir təzahürü ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melianın səsləndirdiyi fikirlərdir. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ABŞ prezidentinin Azərbaycanın ünvanına tənqidləri səsləndirərkən obyektiv məlumatlandırılmadığı ilə bağlı açıqlamasına cavab verən Melia vurğulayıb ki, ABŞ prezidentinin yanlış məlumatlandırılmasından söhbət belə gedə bilməz. “Obama həmin bəyanatı verməmişdən öncə yaxşı məlumatlandırılıb. Biz durumu izləyirik və mən tezliklə Azərbaycana səfər edəcəyimi gözləyirəm”,- deyə Tomas Melia bildirib.
Bütün bu məqamlar sadalanarkən, heç şübhəsiz, ABŞ-ın dövlət katibi Con Kerrinin “Əsrin Kontraktı”nın imzalanmasının 20 illik ildönümü ilə əlaqədar I.Əliyevə ünvanladığı təbrik məktubunu da unutmaq olmaz. Məktubda Azərbaycanın keçmişdə demokratiya sahəsində böyük uğurlara imza atdığı vurğulansa da, hazırda həmin uğurların təkrarlanmadığı dilə gətrilib.
Bəs, ABŞ-ın bu diqqətinin müqabilində Azərbaycan hakimiyyəti hansı addımları atır? Yenə də ənənəyə sadiq qalaraq ABŞ-ın təşəbbüsləri nəzərə alınmır və istəklər qulaqardına vurulur. ABŞ kimi dövlətə qarşı bu cür siyasətin ciddi fəsadlar verməsi isə qaçılmazdır.
Fuad Qəhrəmanlı: “ABŞ-la münasibətlər elə mərhələyə çatıb ki, Azərbaycan demokratik azadlıqlar, insan hüquqlarının qorunması ilə bağlı konkret addımlar atmalıdır”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Obamanın Azərbaycanla bağlı son bəyanatı, Azərbaycanla əlaqəli səsləndirdiyi fikirlər ən yüksək səviyyədə hakimiyyətə ünvanlanan ciddi xəbərdarlıq sayıla bilər. Bundan sonra Azərbaycan tərəfi adekvat addımlar atmazsa, münasibətlərin açıq qarşıdurma müstəvisinə keçə biləcəyini deyən F.Qəhrəmanlı vurğuladı ki, o zaman hakimiyyətə qarşı sanksiyaların tətbiqi gündəmə gələ bilər: “Ona görə Azərbaycan hakimiyyəti bir tərəfdən daxili ictimai rəy üçün əvvəlki ritorikaya uyğun olaraq bəyanatlar verməklə məşğuldur. Hakimiyyət Azərbaycan cəmiyyətində o fikrin yaranmasını istəmir ki, ABŞ-ın insan haqları ilə bağlı sərt mövqeyi hakimiyyətdə narahatlıq, qorxu yaradıb. Ona görə hakimiyyət daxili rəy üçün əvvəlki ritorika ilə bəyanatları verməkdə davam edəcək. Azərbaycan rəsmilərinin son bəyanatları buna xidmət edə bilər. Digər tərəfdən, diplomatik müzakirələr yolu ilə Azərbaycan hakimiyyəti çalışacaq ki, yaranan gərginlik yumşalsın. ABŞ-la danışıqların aparılmasına hakimiyyət daha çox can atacaq ki, münasibətlərin qarşıdurma müstəvisinə keçməsinin qarşısını alsın. Bu baxımdan iki ölkə arasında ciddi müzakirələr gedəcək. Artıq qarşılıqlı səfərlərin olacağı ilə də bağlı bəyanat verilib”.
F.Qəhrəmanlının sözlərinə görə, iki tərəf arasındakı ciddi müzakirələr hakimiyyətin təhlükəsizlik, enerji məsələləri ilə bağlı uzunmüddətli vədləri artıq baş verənlərdə ABŞ-ın loyal mövqedən çıxışına gətirib çıxara bilməz. ABŞ-Azərbaycan münasibətlərinin hazırda ciddi mərhələyə çatdığını deyən F.Qəhrəmanlı vurğuladı ki, artıq Azərbaycan demokratik azadlıqlar, insan hüquqlarının qorunması ilə bağlı konkret addımlar atmalıdır: “Güman ki, ABŞ-dan gələn geniş nümayəndə heyətinin səfərində də bu məsələlərə toxunulacaq. Azərbaycan hansı addımlar atdığını dəqiq ifadə etməlidir. Təbii ki, bir nömrəli məsələ siyasi məhbusların həbsdən buraxılmasıdır. Siyasi məhbuslar problemi qalacaqsa, bu artıq münasibətlərin gərginləşməyə doğru inkişaf etməsi demək olacaq. Vətəndaş cəmiyyətinə basqılar davam edəcəksə, bu artıq o deməkdir ki, bu müzakirələrin heç bir mənası qalmır. Ona görə qarşıdakı dönəm münasibətlərin aydınlaşması mərhələsi sayıla bilər. ABŞ Obamanın bəyanatından sonra Azərbaycan hakimiyyətinin hansı addımlar atmağa hazır olduğunu öyrənməyə çalışacaq. Bundan sonra hakimiyyətin mövqeyi adekvat olmayacaqsa, bu artıq qarşıdurmanın daha da sərtləşməsinə, Azərbayacana münasibətdə sərt ritorikanın seçilməsinə və sanksiyaların həyata keçirilməsinə gətirib çıxara bilər. Belə demək mümkündürsə, artıq ”qırmızı xətt” keçilib. Münasibətlərin gələcək səviyyəsini hakimiyyətin atacağı addımlar müəyyənləşdirəcək”.
Vəfa Quluzadə: “ABŞ geosiyasi mövqeyinə görə Azərbaycanla əvvəlcədən ciddi şəkildə məşğul olmalı idi”
Politoloq Vəfa Quluzadənin qənaətincə, ABŞ geosiyasi mövqeyinə görə Azərbaycanla əvvəlcədən ciddi şəkildə məşğul olmalı idi. Azərbaycanla ABŞ-ın əlaqələrinin geniş perspektivi olduğunu deyən V.Quluzadə vurğuladı ki, təəssüf ki, hazırda iki ölkə arasında anlaşılmazlıqlar var: “Anlaşılmazlıq isə ondan ibarətdir ki, Azərbaycan ABŞ-ın tələb etdiklərini edə bilmir. Amma Azərbaycan başqa sahələrdə Amerika ilə gözəl əməkdaşlıq edib. Düşünürəm ki, Azərbaycan öz kursunu dəyişməyəcək və Qərbyönlü yolda qalacaq”. Azərbaycanın Rusiya ilə əlaqələrinə gəlincə, V.Quluzadə vurğuladı ki, bu münasibətlər sırf iqtisadi və maliyyə xarakteri daşıyır: “Əslində, Rusiya-Qərb qarşıdurması Azərbaycana sərf elədi. Rusiyada heç zaman Azərbaycana bu cür münasibət olmayıb. Azərbaycan yaranmış vəziyyətdə kənd təsərrüfatı məhsullarını satmaqla öz mənfəətini götürməlidir. Burada ciddi siyasi dəyişiklik yoxdur. Amma baş verənlərin çözülməsində əsas rolu ABŞ oynamalıdır. Hazırda Rusiya düşdüyü durum üzündən Azərbaycanla münasibətləri korlamaq istəmir. Ona görə Rusiya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmininə ciddi etiraz etmir”.
Xəyal