“Turan”ın keçmiş baş məşqçisi Naci Şensoy ilk dəfə Azərbaycandan gedəndə yaxşı demişdi: “Burada futbolun inkişafı üçün hər şeydən əvvəl insanların təfəkkürü dəyişməlidir”. Əcnəbi mütəxəssis haqlıydı, sonra baş verənlər göstərdi ki, ən azı futbol adamlarının düşüncə tərzi dəyişməsə, ölkədə bu idman növünü inkişaf elətdirmək mümkün olmayacaq. Götürək AFFA-nın fəaliyyətini. Assosiasiyaya elə adamlar rəhbərlik edir ki, bir növ sıravi azərbaycanlının yaşayış səviyyəsi onlardan asılıdır. Neft pullarının xalqa qıymayanlar ölkə futbolunu necə inkişaf elətdirə bilər? Hər şeydən əvvəl təfəkkür dəyişməlidir, sonra futbol da olacaq.
Xəsis məmurlar
Klubların əksəriyyətini məmurlara tapşırıblar. Keçən dəfə yazmışıq, təkrarlamağa ehtiyac yoxdur. Məmurlar klubları sanki candərdi maliyyələşdirir. AZAL-ın prezidenti Cahangir Əsgərov mümkün qədər çalışır ki, çox pul xərcləməsin. Klub məhdud maliyyə ilə fəaliyyət göstərir. Transferlərə böyük pullar sərf olunmur, əvəzində baş məşqçi Nazim Süleymanovdan avrokuboklara vəsiqə istəyirlər. Cahangir Əsgərov futbolla o qədər maraqlanmır ki, heç vaxt onu hətta maliyyələşdirdiyi komandanın oyunlarında da görməzsiniz.
Azərbaycan Beynəlxalq Bankının Idarə Heyətinin sədri Cahangir Hacıyev iki klub saxlayırdı. O, həm “Inter”i, həm də “Simurq”u maliyyələşdirirdi. Keçən mövsüm Zaqatala klubunda böyük yeyinti olandan sonra qərara gəldilər ki, “Simurq”u ölkənin futbol səhnəsindən çıxarsınlar. Əyalət komandası artıq birinci divizionda oynamağa məhkumdur. Böyük ehtimalla, “Simurq” orada da oynamayacaq. Cahangir Hacıyev daha bu kluba pul xərcləməyi düşünmür. Bank rəhbəri heç “Inter”in futbolçularının pulunu düz-əməlli vermir.
Dövlət Yol Polisi Idarəsinin rəhbəri Ramiz Zeynalov da o məmurlardandır ki, futbolla ciddi maraqlanmır. Cahangir Əsgərov kimi, onu da stadionda görməzsiniz. “Turan”ın sponsoru antikorrupsiya kampaniyası başlayandan Tovuz klubuna pul xərcləməyi də yadırğayıb.
Mübariz Mənsimovun ferması
Futbol klublarının rəhbərləri arasında öz pulunu, demək olar, xərcləyən yoxdur. Çox düşünəndən sonra “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun adını çəkmək olar. Onun da nə istədiyi məlum deyil. Klubu qardaşı Mais Mənsimova tapşırıb, açıq-aşkar görünür ki, idarəçilik bərbaddır. “Xəzər Lənkəran” az qala, hər mövsüm yeni baş məşqçi gətirir. Gələn baş məşqçi də deyir ki, öz komandam olmalıdır. Başlayır milyonları havaya sovurmağa. Uzağa niyə gedirik, Mirça Redniki götürək. “Xəzər Lənkəran”a 16 legioner gətirib, lazımi nəticə yoxdur. Arada Mübariz Mənsimovun pulları gedir. Pullarının havaya sovrulması ən yaxşı halda iki ildə bir dəfə “Palmali” rəhbərinin yadına düşür. Onda da Mənsimov səs-küylü bəyanatlar verir. Ramiz Mirzəyevin dövründə demişdi ki, AFFA bizi müflis etmək istəyir. Ən qeyri-adi bəyanatı yəqin hamının yadındadır. Mübariz Mənsimov bir dəfə hirslənib bildirmişdi ki, Lənkəran stadionunu eşşək fermasına çevirəcək. Hələ ki, klub rəhbərindən xəbər yoxdur. Növbəti bəyanatını gözləyirik…
Sadıqov üçün tramplin
“Neftçi”yə ayrıca yazı həsr eləmək lazımdır. Son illər paytaxt klubunu, adətən, dövlət müəssisələri maliyyələşdirir. Indi “Neftçi”ni ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin qohumu olduğu deyilən Sadıq Sadıqova tapşırıblar. Açıq-aşkar görünür ki, futbol Sadıqova da lazım deyil, yəqin o, bu il heç “Barselona” – “Real” qarşılaşmalarına da baxmayıb. Sadəcə, Abdullayev qohumunu AFFA prezidenti eləmək istəyir. Bunun üçün də Sadıq Sadıqovun ən azı bir il futbol sahəsində işləməsi vacibdir. “Neftçi”ni çempion eləmək şousu da Sadıqov üçün düzəldilib. AFFA prezidenti kim olmalıdır? Əlbəttə ki, komandanı ilyarım ərzində çempionluğa qovuşduran klub prezidenti. Sadıqovdan qəhrəman obrazı düzəltdilər, heç kimin yadına da düşmür ki, hakimlər “Neftçi”nin oyunlarında nə hoqqadan çıxırdı.
Bığla saqqal arasında
Elə bilirsiz, futbol “Bakı”nın prezidenti Hafiz Məmmədova, “Qarabağ”ı maliyyələşdirən “Azərsun Holdinq”in rəhbəri Abdulbari Gözələ, “Muğan”a, hətta mövsümü birinci divizionda keçirmiş “Rəvan”a pul xərcləyən “Nurgün Motors”un bosslarına lazımdır? Onlar da futbola pul xərcləməkdən yorulublar. Hafiz Məmmədov hadisələrin gedişindən çox narazıdır, sadəcə, səsini çıxara bilmir. Abdulbari Gözəl futbol şousundan çoxdan bezib. “Azərsun”un rəhbəri bir neçə il əvvəl “Qarabağ”a pul ayırmağı dayandırmaq istəyirdi. Əvvəlcə klubdan tamamilə imtina etmək istədilər. Gördülər, ölkə rəhbərliyinin reaksiyası sərt olacaq, təklif etdilər ki, “Qarabağ” gənclərlə birinci dəstədə oynasın. Sonda ölkə başçısı Ilham Əliyevin işə qarışması vəziyyəti dəyişdi. Abdulbari Gözəl söz verdi ki, yenə klubu maliyyələşdirəcək, amma çox pul xərcləyə bilməyəcək.
“Nurgün Motors” yavaş-yavaş başa düşür ki, futbola pul xərcləmək şirkəti müflis etmək üzrədir. “Muğan”a pul buraxırdılar, bu yandan da “Rəvan” Premyer Liqaya vəsiqə qazandı. “Nurgün Motors” klublardan birindən imtina etmək fikrindədir.
Hanı “Karvan”, “MKT-Araz”, “Şəmkir”?
Bir neçə il əvvəl ölkənin futbol səhnəsində başqa iddialı klublar var idi. “MKT-Araz”ı fövqəladə hallar naziri Kəmaləddin Heydərov maliyyələşdirirdi. Elə “Karvan”a da ona yaxın adamlar pul xərcləyirdi. Sonradan Heydərov üç kluba vəsait qoymaqdan yoruldu. Qərara aldı ki, “MKT-Araz”la “Karvan”ı ixtisara salsın, qalsın yalnız “Qəbələ”. “MKT- Araz”la “Karvan” indi də yaşayır. Sadəcə, bu klublar birinci divizionda oynayır, özü də ümidi təkcə yerli icra strukturlarınadır.
Bir vaxtlar iş adamı Şahbaz Süleymanov “Şəmkir”i yağ içində böyrək kimi saxlayırdı. Zaman keçdikcə o bunun mənasız proses olduğunu başa düşdü. Gördü ki, futbol xeyir gətirmir, əvəzində dilə-dişə düşür, milyonları gedir. Həm də “Saşa” ləqəbli iş adamının maddi vəziyyəti ağırlaşmağa başladı. Bir müddət əvvəl həyatına sui-qəsd edilən, amma ölümdən yan ötə bilən Şahbaz Süleymanov indi məişət problemlərini çətinliklə həll edir.
Ramin Musayevin pulları
Həmişə yüksək liqa haqda danışırıq. Amma ölkənin futbol təsərrüfatında birinci divizion da var. Oradakı klubların əksəriyyətini ayrı-ayrı rayonların Icra Hakimiyyətləri saxlayır. Vəziyyət o dərəcədə ağırdır ki, bəzən Peşəkar Futbol Liqasının rəhbəri Ramin Musayev cibindən pul xərcləməli olur. Məsələn, deyirlər ki, “Şuşa”nı məhz Musayev maliyyələşdirir. PFL prezidenti bunu öz xoşuna eləmir. Mövsümün gedişində “Şuşa”nı türkiyəli iş adamları himayəyə götürmüşdü. Sonradan gördülər ki, futbol təsərrüfatında nələr baş verir, geri çəkildilər. Klubun da adı ağırdır, Musayev geri çəkilə bilmədi. Deyilənlərə görə, PFL-in rəhbəri futbolçuların məvacibini cibindən vermək məcburiyyətində qalıb.
Ramin Musayevi təkcə “Abşeron”la “Rəvan” xilas etdi. “Rəvan”la bağlı yuxarıda yazmışdıq, “Abşeron”u isə ölkənin birinci xanımı Mehriban Əliyevanın bacısı Nərgiz Paşayevanın maliyyələşdirdiyi söylənilir. Komanda Premyer Liqaya vəsiqə qazanıb. Qarşıdakı mövsümdə transferlərə böyük vəsait sərf olunacağı gözlənilir. Görəsən Paşayevlər futbola pul xərcləməkdən nə vaxt yorulacaqlar?