“Cəsarətimiz, ləyaqətimiz, prinsiplərə sədaqətimiz, xalqımıza sevgimizlə sizi və bütün ölkə insanını bu rejimdən xilas edəcəyik, şübhəniz olmasın”
AXCP-nin qərargah üçün icarəyə götürdüyü və bu ilin martında partladılıb sökülən mülkün sahibi Azər Əsgərov mətbuatda bu partiyanı və onun sədrini ittiham edən fikirlər səsləndirib. Onun fikrincə, AXCP və şəxsən sədr Əli Kərimli onu yetərincə müdafiə etməyiblər. Azər Əsgərov AXCP rəhbərliyindən yalnız sədr müavini Gözəl Bayramlını fərqləndirib.
Əli Kərimli artıq özünün Facebook səhifəsində Azər Əsgərovun AXCP-yə ittihamının haqsız olduğunu izah edib. Bunun ardınca da onun müavini Gözəl Bayramlı məsələyə Facebook səhifəsində münasibət bildirib.
Gözəl Bayramlı yazır ki, Azər Əsgərovun suçlamalarından partiya sədri Əli Kərimlinin yazısından sonra xəbər tutub: “Partiyamızın sədri Əli Kərimlinin yazısı vasitəsilə öyrəndim ki, AXCP-nin partladılan qərargahının sahibi Azər Əsgərov cəbhəçiləri onu yaxşı müdafiə etməməkdə ittiham edib, Əli bəyə münasibətdə isə “Onun ayaqqabısının bir tayı götürülsəydi, dünyanı dağıdardı” fikrini ifadə edib.
Azər bəyin qəzəbini, hisslərini başa düşürəm, həmişə də başa düşməyə çalışmışam. Təəssüf edirəm ki, Azər bəy onu və minlərlə vətəndaşımızı öz mülkündən məhrum edən, evini başına uçuran, hüquqlarını pozan hakimiyyəti yox, AXCP-ni və konkret olaraq onun sədrini hədəf seçib, ittiham edir”.
Gözəl Bayramlı qeydlərini Azər Əsgərova xitabla davam etdirir: “Hörmətli Azər bəy, sizin başınıza gətirilənləri biz cəbhəçilər öz başımıza gətirilən iş bilib, sizə dəstək olmaq üçün bütün imkanlarımızdan istifadə etmişik, hər zaman sizin yanınızda olmuşuq. Bundan sonra da belə edəcəyik, çünki biz haqqı pozulan hər bir vətəndaşımızın yanında olmağı özümüzə şərəf bilirik. Bu gün hakimiyyətin xalqdan oğurladığı pullarla maliyyələşən mətbuat orqanlarının sizin fikirlərinizi tirajlamağı isə sizi müdafiə etmək yox, hakimiyyətin AXCP-yə düşmən münasibətinin ifadəsidir. Belə olmasaydı, indiyə qədər öz saytlarında, qəzetlərində sizə yer ayırardılar, yaxud sizi müdafiə edən bircə dənə yazı paylaşardılar.
Azər bəy, mən və mənim kimi minlərlə cəbhəçi 20 ildən çoxdur rejimin ağır basqıları, hücumları altında siz və sizin kimi haqqı pozulan milyonlarla ölkə insanı üçün mücadilə verməkdəyik. Bu mübarizədə qazancımız həbsxana, təhqir, işsizlik, ağır məhrumiyyətlər olub. Bizim əlimizdə sizi müdafiə üçün hansı imkan olub, onu sizdən əsirgəməmişik. Əli Kərimli bu məsələni daim diqqətdə saxlayıb, bunun üçün əlindən gələn hər şeyi edib. Mənim, Həsən Kərimovun və digər partiya funksionerlərinin, cəbhəçilərin sizin yanınızda olmağı, bu problemi daimi gündəmdə saxlamağı Əli Kərimlinin, AXCP-nin mövqeyi, sizə olan münasibəti deyilmi? “Azadlıq” qəzetinin sizə dəstəyi bizim münasibətin ifadəsi deyilmi? Əgər bu gün hakimiyyət düşməncəsinə münasibət göstərib, sizə çatan kompensasiyanı ödəmirsə, biz bunun üçün nə edə bilərik ki? Bu hakimiyyət bizi 7 dəfə qərargahdan məhrum edib, heç bir məhkəmə instansiyasında şikayətimiz təmin edilməyib. İndi buna görə günahkar bizmi oluruq?
Hədəfimiz rejimdir, Azər bəy! O rejim ki, qardaşınızı Türkiyədə sizin evinizə göndərərək, “Xalq Cəbhəsini qərargahdan çıxar, yoxsa mülkünü partladarıq, yandırarıq” dedi. Rejimin AXCP-yə və onun sədrinə münasibəti ortadadır.
Qalan cəsarətimiz, ləyaqətimiz, prinsiplərə sədaqətimiz, xalqımıza sevgimizdir. Olan bu resurslarımızla sizi və bütün ölkə insanını bu rejimdən xilas edəcəyik. Buna şübhəniz olmasın. Və bu prosesdə sizin AXCP-ni və onun sədrini ittiham edən fikirlərinizi tirajlayan saytlar, qəzetlər bizim yanımızda olmayacaq. Çünki, onları sizin və ya bir başqasının problemi heç maraqlandırmır da, sadəcə Əli Kərimli haqqında fikir ifadə etdiyiniz üçün onlara cəlbedici görünmüsünüz. Az bir zaman içində buna özünüz şahid olacaqsınız. İstəyirsiniz, yoxlayın, sabah həmin saytların birinə daim hədəfinizdə olan nazir və ya digərləri barədə bir yazı verin çap etsinlər…”.