«Azərbaycanda bir sıra nöqsanlar var. Onlardan biri seçki məcəlləsidir. Mənim fikrimcə, məcəllədəki çatışmazlıqlara görə Azərbaycan parlamentində güclü müxalifət yoxdur. Parlamentin rolu sadəcə qanunlar qəbul etmək yox, həm də hökumətə nəzarətdən ibarət olmalıdır. Bu olmadıqca ölkədə demokratiya olmayacaq».
Bu sözləri AŞPA prezidenti Anne Brasseur sentyabrın 24-də Bakıda keçirdiyi mətbuat konfransında səsləndirib.
Onun konfransda səsləndirdiyi əsas fikirlərindən sitatlar:
– 3 günlük səfərim zamanı prezident, baş prokuror, ədliyyə naziri, parlament sədri, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdüm. Parlament üzvləri ilə özəlliklə Qarabağ məsələsini müzakirə etdik.
– İkinci məsələ Avropa Şurasının standartlarıdır. Azərbaycan bu quruma üzv olarkən bütün öhdəliklərə əməl etməyi öz üzərinə götürüb. Onlarda ən başlıcası demokratiya, qanunun aliliyi, insan haqlarının qorunmasıdır. Bütün üzv ölkələrdə müəyyən nöqsanlar var. Avropa Şurası hər hansı ölkəni tənqid edirsə, bu, sadəcə tənqid deyil. Bu, Avropa Şurasını inkişaf etdirmək üçün yardımdır.
– Bu gün səhər İlqar Məmmədov, Tofiq Yaqublu, günorta Hilal Məmmədovla görüşdüm. Digər məhbuslarla da görüşmək istədim. Onlar məhkəməyə qədər həbsdədirlər. Azərbaycan qanunlarına görə, istintaq atında olan şəxslərlə görüşmək olmaz.
– Son zamanlar baş verən həbslər narahatedicidir. Eləcə də QHT-lərlə bağlı vəziyyətə də nəzər salınmalıdır. Onların qeydiyyatında problemlər var. Eləcə də ifadə azadlığı olmalıdır ki, müxalifətin də səsi eşidilsin. (azadliq.org)