Zahid Oruc Avropa Parlamentinin qərarına «şantaj»la cavab verdi
Milli Məclisin deputatı Zahid Oruc Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib ki, bizi zorla anti-Rusiya blokuna qoşmaq istəyirlər: “Nə vaxt ki, Azərbaycanla Rusiya arasında ən yüksək səviyyədə münasibətlər və əməkdaşlıq dərinləşir, o zaman Avropanın ”demokratiya” damarı tutur və ölkəmiz əleyhinə bəyanat səsləndirir.
Nə zaman Iranla əlaqələrində istiləşmə və hər hansı problemin aradan qaldırılması özünü göstərir, qarşımıza bu cür tələblərlə çıxırlar. Nə vaxt ki, Azərbaycan özünün iqtisadi və siyasi əlaqələrini müstəqil qaydada müəyyənləşdirməyə çalışır, bu yöndə bizə xarici təsirlər edirlər. Həmin qətnamə ilə guya Azərbaycanı öz tərəflərinə çəkirlər. Əslində isə bizi digər dairələrə meyl etməyə məcbur qoyurlar. Biz regional siyasətimizi Avropadan soruşmadan quracağıq. Məcburən bizi hansısa ittifaqa qoşmaq mümkün deyil” – deyə Zahid Oruc bildirib.
Zahid müəllim demək istəyir ki, bizi zorla demokratik, insan haqlarına hörmətlə yanaşan, bəşəri dəyərlərə xidmət edən dövlətə çevirmək olmaz. Çünki, Azərbaycan hakimiyyətnin öz “yol”u var. Biz, bu “müqəddəs yol” haqqında illərdi eşidirik və bu bilgimizi artırmaq üçün təkrara ehtiyacımız yoxdur.
Sadəcə olaraq, Zahid Orucun “bizi anti-Rusiya blokuna qoşmağa çalışırlar” ifadəsi, bəzi məqamlara diqqət çəkməyi zəruri edir.
Əslində, anti-xalq siyasəti yürüdən bir hakimiyyətin, anti-Rusiya blokuna qoşulmaq istəməməsi məntiqlidir. Sadəcə olaraq, hər dəfə prinsipial məsələlər ortaya çıxanda, hakimiyyət təmsilçiləri özünüifşaya imza atır. Əvvəla, Azərbaycandan Rusiya ilə müharibə aparmaq tələb olunmur. Rusiya Ukraynaya qarşı təcavüzkar siyasət həyata keçirib və Krımı ilhaq edib. Hər bir demokratik və hüquqi dövlət, başqa bir ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmalı, onlara qarşı təcavüzü pisləməlidir. Azərbaycan isə, belə məqamlarda ikiqat məsuliyyət hiss etməlidir. Çünki, Azərbaycanın da 20 faiz ərazisi işğal olunub və bu işğalın “memar”ı Rusiyadır.
Başqa maraqlı məqam ondan ibarətdir ki, aylar öncə Rusiyanı Azərbaycanda dövlət çevrilişi etməkdə, Azərbaycanı “sendviç”kimi əzməkdə ittiham edənlər, indi Rusiya ilə isti münasibətlərin pozulmasında Qərbi ittiham edirlər. Yəni, qısa zaman kəsiyində hakimiyyət gah Rusiya, gah da anti-Rusiya mövqeyi nümayiş etdirib.
Zahid Oruc “bizi digər dairələrə meyl etməyə məcbur qoyurlar” deməklə, sanki Qərbi şantaj edir və qorxudur. Amma, söhbətin hansı dairədən getdiyini açıqlamır.
Söhbət Rusiyadan gedirsə, Azərbaycan hakimiyəti böyük mənada onun dairəsindən onsuz da çıxamyıb. Mənasız bir bloka qoşulmaqdan gedirsə, “Qoşulmayanlar bloku”na qoşulmaqla bunu da ediblər. Qalır, hansısa terror təşkilatına qoşulmaq ki, bu da real görünmür.
Sadəcə olaraq Avropa Parlamentində qəbul olunan qərar o qədər ağır olub ki, özlərini yüngülləşdirmək üçün arqument axtarırlar. Hələ ki, demokratiya küləklərindən qorunmaq üçün, yenidən Rusiyanın “çadır”ına sığınmaq qərarı veriblər. Amma başa düşmürlər ki, bu dəfə sığındıqları çadır, küləyin gücünə tab gətirməyəcək.
Reallıq budur ki, Azərbaycanda avtoritar bir rejim mövcuddur və bu rejim demokratik dünyanın “məclis”inə qoşulmaq istəmir. Çünki, bu məclisdə yalan “tost”lara görə əl çalmırlar.
Sonda bir sual vermək istəyirik? Siz hansı blokda təmsil olunursunuz ki, anti-Rusiya blokuna qoşulmaq istəmirsiniz? Zəhmət olmasa, blokunuzun rəsmi adını deyin.
Akif