Siyavuş Novruzov: “Avropa Parlamenti ilə əməkdaşlıq məsələsinə yenidən baxmalıdır, Avronest-dən isə ümumiyyətlə çıxmaq lazımdır”
Avropa Parlamentində Azərbaycandakı vəziyyətlə bağlı müzakirəyə YAP-dan isterik reaksiya verilib. Partiyanın icra katibinin müavini Siyavuş Novruzov AP-da qəbul olunan qətnamə müzakirə edilən saatlarda mətbuata bildirib ki, sənədi “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu gözü götürməyən qüvvələrin, erməni lobbisinin bilavasitə dəstəyi, himayəçiliyi, təsiri nəticəsində fəaliyyət göstərən” şəxslər təqdim edib.
S.Novruzov deyib ki, Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq məsələsinə yenidən baxmalıdır, Avronest-dən isə ümumiyyətlə çıxmaq lazımdır: “Bu təşkilat Azərbaycanla Avropa arasında əməkdaşlığın gücləndirilməsində, qarşılıqlı əməkdaşlığın inkişafında rol oynamalı idi, lakin belə olmadı. Onlar kimlərinsə “donos”ları əsasında Azərbaycan haqqında yersiz, heç bir reallığa söykənməyən müzakirələr aparırlar”.
YAP-çı deputatın açıqlamasını “Trend” yayıb.