Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Yadigar Sadıqov “Media forum” saytının suallarını cavablandırıb.
Yadigar Sadıqov ötən il iyunun 27-də Lənkəranda tutulub. Lənkəran sakini Rəşid Kərimovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə ittiham olunan Yadigar Sadıqov 2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 22-də Şirvan Apellyasiya Məhkəməsi həbs cəzasını 4 ilə endirib.
– Saxlanma şəraitiniz necədir? Səhhətinizdə problemlər varmı?
– Əksər cəzaçəkmə müəssisəsi kimi 14 saylı Cəzaçəkmə Müəssisəsi də sovet dövründə inşa olunduğu üçün müasir tələblərə cavab vermir. Həmçinin digər cəzaçəkmə müəssisələrinə nisbətən ən pis təbii şəraitə malikdir. Külək olan kimi tozanaq qalxır, nəfəs almaq çətinləşir, tibbi maskalar taxırıq. Su təchizatında ciddi problemlər var. Düzdür, köhnə dustaqların dediyinə görə, son bir ildə xeyli müsbət dəyişiklik olub, məhbusların vaxtlarını keçirməyi üçün iki çayxana, klub, bilyard zalı yaradılıb. Amma nə qədər dəyişiklik olsa da, insan iqlimi dəyişə bilməz. Təkcə elə yerləşdiyi ərazinin təbii şəraitinə görə 14 saylı Cəzaçəkmə Müəssisəsi insan sağlamlığı üçün təhlükəlidir və qapadılmalıdır.
Hazırda səhhətimdən şikayətim yoxdur. Şüvəlan təcridxanasında olarkən səhhətimdə problemlər vardı. Orada qeyri-sağlam həyat keçirirdim. Gəzmək və idmanla məşğul olmaq mümkün deyildi. Bu da səhhətimə təsir göstərirdi, oynaq ağrılarım vardı. İndi yaxşıyam.
– Həbsdə gününüz necə keçir?
– Saat 7-də qalxırıq və səhər yoxlamasına qədər iki saat ərzində 2 kilometr yarım gəzirəm, idman eləyirəm. Qalan vaxtım əsasən mütaliə, yazı-pozu və digər məhbuslarla çay stolu arxasında söhbətləşməklə keçir. Hərdən bilyard, şahmat, nərd və domino oynayırıq. Klubda televizora baxıram. Yatmamışdan öncə də bir saata yaxın gəzirəm. Günümüz elə də rəngarəng deyil.
– Təcridxana məmurlarının və dustaqların sizə münasibəti necədir?
– Məmurların münasibəti normaldır. Məhbuslar arasında əvvəllər tanış olduğum, hətta Bakı İstintaq Təcridxanasında bir kamerada qaldığım adamlar da var. Hər biri məni hörmətlə qarşıladı. Amma dustaq ənənəsinə görə, yeni gələni öz yerliləri qarşılayır. Məni də cənub bölgəsindən olan dustaqlar qarşıladılar. Məni müəssisədəki rəsmi və qeyri-rəsmi qaydalarla tanış etdilər, adaptasiyama yardımçı oldular.
Dustaqlar arasında məni qiyabi tanıyan, hətta oğlumun adını çəkib “Məhəmməd necədir?” soruşanlar da oldu. Ötən il oğluma yazdığım doğum günü təbrikimi oxuyub yadda saxlayıblar.
– Ən qısa formada izahat verəsi olsanız, nə deyərdiniz: sizi nə səbəbə həbs ediblər?
– Deyilənlərə görə, mən daha intellektual və kreativ üsullarla mübarizə aparırdım. Yəqin ki, buna görə həbs olunmuşam.
– Həbsxana insanın həyata baxışında, dünyagörüşündə nə kimi dəyişikliklər edir?
– Dünyagörüşümdə ciddi dəyişiklər yoxdur. Cinayət və cəza, həbsxanalara aid baxışlarımda yeniliklər var. Yəqin ki, bir gün hamısını açıqlayacağam.
– Ölkədə baş verənləri izləyə bilirsinizmi? Gedən prosesləri necə qiymətləndirirsiniz?
– Cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra mətbuatı mütəmadi olaraq izləyə bilmirəm. Bir çox hadisə haqda sonradan xəbər tuturam. Yəqin ki, tam məlumatsız qaldığım hadisələr də olur. Amma proseslərin ümumi məcrasını görürəm. İqtidar ölkəni maksimum qapatmağa, müəyyən səbəblərdən “dəmir pərdə” arxasında olmasa da, “jalüz” arxasında gizlətməyə çalışır.
– Müsavat Partiyası sentyabrın 27-də qurultay keçirir. Sizcə, partiyanın nizamnaməsini dəyişib bir nəfərin ardıcıl olaraq iki dəfədən çox Müsavat başqanı seçilməsinə imkan verməyən məhdudiyyəti ləğv etmək, yəni həm də İsa Qəmbərin başqan postunda qalmasına şərait yaratmaq lazımdırmı?
– Qurultay nizamnaməyə istənilən dəyişikliyi etməyə, o cümlədən sözügedən məhdudiyyətin ləğvinə səlahiyyətdardır. Amma bu, İsa bəyə şamil edilə bilməz. Çünki qanunun geriyə qüvvəsi yoxdur. İsa bəy də dəfələrlə səsləndirib ki, məhdudiyyət ləğv olunacağı halda belə öz namizədliyini irəli sürməyəcək. Bu həm partiyanın, həm də İsa bəyin nüfuzuna ciddi xələl gətirər, 2009-cu ildə Azərbaycan Konstitusiyasına edilən dəyişikliyə yönəlmiş tənqidlərimizi qeyri-səmimi xarakterizə edər.
– İsa Qəmbər başqanlıqdan getdikdən sonra ona xüsusi statusun verilməsinə ehtiyac varmı?
– Ehtiyac görmürəm, hətta zərərli hesab edirəm. Başqa partiyaların təcrübəsi göstərir ki, belə statuslar idarəetməyə və qərarların qəbuluna müdaxilə üçündür. O zaman partiya rəhbərliyinin dəyişdirilməsi formal xarakter alır, yeni rəhbərin də nüfuzu aşağı düşür. Əminəm ki, belə təkliflər səslənərsə, İsa bəy özü də bunun əleyhinə olacaq.
– Müsavat başqanı postu uğrunda aparılan mübarizədə niyə Arif Hacılının namizədliyini dəstəkləyirsiz?
– Dəstək bəyanatında səbəbləri əsasən göstərmişəm. Qubad İbadoğlu ilə şəxsi münasibətlərim daha yaxın olub, nəinki Arif Hacılı ilə. Lakin Arif bəyin siyasi baxışları mənim üçün daha açıqdır və öz baxışlarımla üst-üstə düşür. Taktiki məsələlərdə, partiyadaxili seçkilər zamanı fikir ayrılıqlarımız çox olub. Yəqin ki, yenə də olacaq. Amma ümumi istiqamət, strategiya məsələsində Arif bəylə tam həmfikirik.
Qubad bəy Müsavatın önəmli fiqurlarından biridir. Belə bir ziyalının və iqtisadçının partiyamızda olmasından həmişə məmnunluq duymuşam. Amma bəzi önəmli fikir ayrılıqlarımız var. Fikrimcə, Qubad bəy daha çox iqtisadçıdır. Müsavat başqanlığı isə çox mühüm siyasi postdur. Şəxsən mən onu ölkə prezidentindən sonra ikinci mühüm siyasi post hesab edirəm. Bu, Müsavat Partiyasının ölkənin siyasi tarixində oynadığı rol və qoyduğu izlə bağlıdır. Təsadüfi deyil ki, Müsavat üzvü olmayanlar belə başqanlıq məsələsində mövqelərini ortaya qoyur, namizədlərdən kimi dəstəklədiklərini açıqlayırlar. Heç bir başqa partiya ilə bağlı bunu müşahidə etməmişdik.
Bəyan etdiyim mövqe partiya maraqlarını ehtiva edir, şəxsi heç nə yoxdur.
– Siyasi motivlər əsasında həbs olunduğuna inanan adamların bəzisi həbsxanadan çıxandan sonra Azərbaycanı tərk edir. Sizin də belə bir fikriniz varmı?
– Ən cüzi mübarizə imkanları qaldıqca ölkəmi tərk etməyəcəyəm.
– Əlavə etmək istədiyiniz nələrsə varmı?
– Cəmiyyətə Paulo Koelyonun “Kimyagər” romanında oxuduğum ifadə ilə müraciət etmək istəyirəm – “ən qaranlıq an – şəfəqdən öncəki andır”.