Yaxud Elman Rüstəmov Avropa Birliyi ilə münasibətlərinin qurbanı ola bilər
Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun Azrbaycana qalmaqallı səfərindən sonra iqtidar düşərgəsində narahatlıq yaranıb. Qeyd edək ki, Kurts Bakıda olarkən ölkəmizdə insan haqlarının vəziyyətilə ilə bağlı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla gərgin müzakirələr aparıb. Müzakirələrdən sonra keçirilən mətbuat konfransı da gərginlik və qalmaqalla müşayiət olunub. Bu barədə ötən saylarımızda məlumat verdiyimizdən təfsilata varmırıq.
Lakin iqtidarı narahat edən təkcə bu məsələ deyil. Avstriyanın xarici işlər naziri Elmar Məmmədyarovla Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun Vyanada keçirilən “rüşvət məhkəməsi”ndə dindirilməsi məsələsini ciddi müzakirə edib.
Qeyd edək ki, Avstriya Mərkəzi Bankının “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı törəmə şirkətinin Azərbaycan və Suriya üçün pul əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin mərkəzi bank rəhbərlərinə rüşvət verilməsi ilə bağlı cinayət işi üzrə Vyanada məhkəmə prosesi gedir.
Bu cinayət işində Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun da adı keçir.
Məhkəmə prosesində Elman Rüstəmovun da dindirilməsi gündəmə gəlib. Avqustun 5-də keçirilən prosesdə baş bankirin videokonfrans vasitəsilə dindirilməsi nəzərdə tutulmuşdu. Lakin bu baş tutmadı. Bundan sonra məsələ ilə bağlı Azərbaycan Xarici Işlər Nazirliyinə müraciət olunacağı da bəyan edildi.
Məlumata görə, Kurts-Məmmədyarov müzakirələri zamanı Elman Rüstəmovun məhkəmədə dindirilməsinin zəruri olduğu Azərbaycanın xarici işlər nazirinin diqqətinə çatdırılıb.
Bildirilir ki, hakimiyyətin narahatlığı bu məsələnin fonunda Ukrayna ilə bağlı oxşar proseslərin Azərbaycanda təkrarlana biləcəyi ehtimalıdır. Məsələ burasındadır ki, “Avromaydan” hadisələri başlayanda məhz Avstriyada Ukraynanın keçmiş baş naziri Nikolay Azarov və ailə üzvlərinin biznes imperiyası üzə çıxarılmışdı. Bu məsələ Ukrayna mətbuatında işıqlandırılandan sonra Avstriya Azarovun oğlu Aleksey Azarovun bank hesabları dondurdu. Həmçinin keçmiş baş nazirin oğlunun 5 milyon avro dəyərində daşınmaz əmlakına həbs qoyuldu. Oxşar proseslər Ukraynanın prezidenti Viktor Yanukoviç və yaxın ətrafı ilə bağlı da baş verdi. Avstriyanın bu addımlarından sonra Azarov istefaya getdi.
Azərbaycan hakimiyyətində belə qənaət yaranıb ki, Avstriya Elman Rüstəmovla bağlı da eyni addımları ata bilər və bu, iqtidar üçün acı nəticələr doğurar.
Elman Rüstəmovun adı konkret cinayət işində hallanır. Özü də o, məhkəmə ifadələrində cinayətin subyektlərindən biri kimi xarakterizə olunur. Bu isə o deməkdir ki, Elman Rüstəmov məhkəmədə ifadə verməklə məsuliyyətdən yaxa qurtara bilməyəcək. Baş bankir də işə təqsirləndirilən şəxs qismində cəlb oluna bilər. Əgər Vyana məhkəməsi hələ də Elman Rüstəmovun məhkəmədə dindirilməsində israrlıdırsa, bunun baş tutması üçün bütün lazımi addımların atılacağı şübhə doğurmur. Azərbaycan iqtidarı düşünür ki, Vyana məhkəməsinin dirəniş göstərməsi bu işin planlı şəkildə hakimiyyətə qarşı aparılan kampaniyanın təzahürü sayıla bilər.
Elman Rüstəmovla bağlı məsələnin izlərinin hakimiyyətin ən yuxarı pillələrinə qədər gedib çıxacağı da şübhəsizdir. Hər halda kifayət qədər ehtiyatlı adam olan Elman Rüstəmovun bu əməliyyatı özbaşına həyata keçirməsi inandırıcı görünmür.
Beləliklə, ya hakimiyyət proseslərin daha da dramatikləşməməsi üçün Elman Rüstəmovu qurban verməli, ya da Avstriya ilə qarşıdurmaya getməli və bu ölkədən gələcək zərbələrə hazır olmalıdır.
Analitik informasiya şöbəsi