Xaliq Bahadır xanbahadir@mail.ru
Müxalifət adına satılmış qəzet redaktorlarından biri bizi “kor tutduğunu buraxmayan kimi” rejimi çox ələşdirməkdə suçlayır. Başlıcası da, keçirdiyi son “müşavirə” ilə bağlı bizim R.Mehdiyevi çox ələşdirməyimiz bunlarda kəskin reaksiya doğurur. Soruşmaq gərəkir: siz ey adını müxalifət qoyub rejimə qulluq yolu tutanlar, bizim rejimi, başlıcası da rejim ideoloqu R.Mehdiyevi ələşdirməyimiz nədən sizi bir belə öfkələndirir? Bu öfkələnmə hansı öhdəliklərdən irəli gəlir?
Ötən yüzilin 70-80-ci illərində MK-da ideoloci katib olaraq Azərbaycan xalqını qan-tər içində komunizmin qələbələrinə sürükləyən, 93 çevrilişindən sonra yenidən hakimiyətə qayıdaraq Rusiyanın yedəyində bizə “suveren demokrtiya” aşılayan, 2007-ci ildə böyük bir konfrans keçirib Azərbaycanın “demokratiyaya keçid” dönəmini yaşadığını bildirən bir adam – R.Mehdiyev – 2014-cü ildə Putinin Ukrayna üzərinə yürüşündən qanadlanaraq bizə açıq-açığına DIKTATURA HIMNI oxuyursa, biz də sizə qoşularaq satılıb susmalıyıqmı? Yox, biz üstümüzə Rəsulzadəyə bağlı ad götürüb bu adı illər uzunu antiRəsulzadə rejimi ilə alver obyektinə çevirənlərdən deyilik – biz Rəsulzadə yolunu gedənlərik!
Bilirik, Rəsulzadə bayrağı altında əliyevçi rejim qulluqçusuna çevrilmək asan iş, yüngüllüklə gediləsi yol deyil: Rəsulzadə-Müsavat adında, dünyalarca ağırlıq, dünyalarca sanbal var – demokratiya ağırlığı, Demokratiya sanbalı. Bizim üçün o ağırlıq, o sanbal dünyalarca sevinc, dünyalarca könül xoşluğu, könül yüngüllüyüdürsə, Rəsulzadə adı altında əliyevçi diktaturaya satılanlar üçün ağrı-acısına dözülməyəcək yükdür. Nə etməli: özü yıxılan ağlamaz; siz bizə öfkələnirkən biz də sizə acıyırıq – ən azı çox uzaq keçmişlərin yol yoldaşı kimi! Sizə qatılıb satılmadığımıza görə bizi bağışlayın!
R.Mehdiyev beş-altı il qabaq belə buyruqda bulunmuşdu: “Mətbuat hakimiyətin siyasi maraqlarından kənara çıxmamalıdır”. Belə kəskin, andidemokratik buyruqda bulunurkən o, görünür, komunist diktaturası dönəmini, MK-da ideoloji katib olduğu çağları göz önünə gətirmişdi. Biz, bəlkə də, administrator-filosof deyən kimi edərdik, ancaq onun indiki hakimiyətinin gerçəkdən siyasi hakimiyət olduğunu görsəydik. Dünənki taxta-şalban, “şmotka” alverçiləri bu hakimiyətdə yüksək postlara yiyələnərək korporativ dövlət yaratmaqla, başqa cür desək, korrupsiyanı DÖVLƏT SIYASƏTINƏ çevirməklə milyonçu-milyarder olurlarsa, bunu necə siyasi hakimiyət adlandırmaq olar? Axı, yoldaşlar, belə siyasi hakimiyət olmur! Korrupsiyanın DÖVLƏT IDEOLOGIYASINA dönüşdüyü yerdə gerçək siyasi hakimiyətdən danışmaq olmaz. Yalançı siyasi hakimiyətsə bizlik deyil; biz istəyirik Azərbaycan hakimiyəti gerçəkdən siyasi hakimiyət olsun – belə hakimiyət dövlətçi hakimiyət sayılır, dövləti qorumağa, qoruyub gücləndirməyə yükümlü hakimiyət. Korrupsiyalaşmış dövlət daha dövlət deyil; toplumdan ayrı düşmüş, ordu-polis gücünə bağlı antidövlətdir.
Bax, 21-ci yüzildə ortaya toplumdan ayrı belə bir dövlət çıxırkən hakimiyət-rejim istər-istəməz ideoloji dayaqlarını itirmiş olur. Bundan sonra bütünlüklə blokadaya alınmış olsa belə, bir “Azadlıq” qəzeti televiziyalar başda olmaqla 300-500 informasiya resursu olan bir hakimiyətdə böyük qorxu doğurur. Diktatura ideoloqu R.Mehdiyev sözügedən yığıncaqda TƏK qorxularının adını dilə gətirdi: “Azadlıq” qəzeti. Çağındaca alqışlamışdım, bir daha alqışlayıram! “Nyu York Tayms” qəzeti bunların ora-bura milyonlar ötürməklə “nüfuz” bazarlığına baş vurmalarından yazır. Doğru-düzgün sosial siyasət yürüdərək toplumla birkələşmək yerinə, bir yandan toplumu yağmalamaqla özlərini “nüfuz”dan salır, o biri yandan ABŞ-da, Avropada satlıq “nüfuz” axtarırlar. Bir yandan “analoqu olmayan inkişafdan” danışır, o biri yandan alternativ informasiya resurslarını bütünlüklə yox etməyə çalşırlar – yalanlarının üstü açılmasın deyə…