Millət vəkili Əli Məsimli büdcədə 615 milyon manatlıq profisit yarandığını deyib
Natiq Cəfərli: «7 ayda 99,9% büdcə xərclənibsə, nəzərdə tutulan xərclər edilibsə, 615 milyon manat profisit necə yarana bilər?»
Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib ki, 2014-cü ilin 7 ayı ərzində neftin 1 barrelinin qiyməti 110 dollar ətrafında qalxıb-enib: “2014-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirlərinin 98, xərclərinin isə 99,9 faiz icra olunub. 1,7 milyard büdcə kəsiri nəzərdə tutulurdu, amma bu ilin 7 ayında büdcəmizdə 615 milyon manatlıq profisit yaranıb. Deməli, neftin qiymətinin 100 dollardan bir qədər yuxarı və ya 100 dollardan bir qədər aşağı olmasından asılı olmayaraq 2014-cü ilin büdcəsini lazımı səviyyədə icra etmək mümkündür”.
ReAL Vətəndaş Hərəkatının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli Əli Məsimlinin dediyi bəzi fikirlərlə razı olduğunu deyir: “2014-cü ilin büdcəsində bir problem olmayacaq, ortalama, neftin qiyməti ilin sonunda 100 dollar civarında olacaq. Əsas məsələ 2015-ci ildə büdcəyə neftin qiymətini neçədən hesablamaları olacaq. Bütün göstəricilər və analizlər qiymətin 100 dollardan aşağı olacağını göstərir”.
Natiq Cəfərli bunun obyektiv və subyektiv səbəblərinin olduğunu deyir. Iqtisadçı ekspertin fikrincə, obyektiv səbəblər bunlardır: “Birincisi, ABŞ özünü neftlə tam təmin edərək, avqust ayından ixraca başlayıb, neft hasilatına görə gələn il ABŞ dünyada birinci yer tutacaq. Ikincisi, slans nefti amilidir. Üçüncüsü, Iranın üzərindən embarqonun götürülməsi və bu ölkədən dünya bazarına əlavə gündə 3 milyon barrel neftin girməsi ehtimalı var. Dördüncüsü, Liviyada hasilatın bərpasıdır. Beşincisi, kürd neftinin dünya bazarına çıxması, Altıncısı, enerjiyə qənaət edən və bərpa olunan enerji texnologiyaların daha geniş yayılmasıdır”.
Subyektiv amili Natiq Cəfərli iqtisadiyyatı neft-qazdan asılı olan Rusiyanın cəzalandırılmasında görür: “Hökumət 100 dollardan aşağı hesablasa, büdcədə ciddi azalmaya getməlidir, ya da Neft Fondundan transfertləri xeyli artırmalı, büdcə kəsirində ciddi artıma getməlidir. Bunu etməz məncə, onda ”analoqu olmayan inkişaf” mahnısı dəbdən düşəcək. Yox, 100 dollarla hesablasa, onda qiymət düşəndə daha ciddi problemlərlə üzləşəcəyik və “analoqu olmayan inkişaf” mahnısı, ümumiyyətlə, oxunmayacaq. Əli müəllimlə razılaşmadığım bir məsələ var: 7 ayda 99,9% büdcə xərclənibsə, nəzərdə tutulan xərclər edilibsə, 615 milyon manat profisit necə yarana bilər? Həm də, büdcə kəsirinin olduğu bir şəraitdə bu mümkün deyil. Birdəki, Azərbaycanda bir pis ənənə var, hökumət 4-cü rübdə büdcəni daha intensiv xərcləyir, tam əminəm ki, 4-cü rüb yenə digər rüblərdən daha artıq xərcləmələr olacaq”.
Ramin DEKO