Belousov: «AB-nin sanksiyalarına cavab olaraq Rusiya maşın və geyim idxalına qadağa qoya bilər»
Rusiya prezidenti Putinin köməkçisi Andrey Belousov bildirib ki, Avropa Birliyinin sanksiyalrına cavab olaraq Rusiya Qərb ölkələrində avtomobil və bəzi geyimlərin idxalına embarqo qoya bilər. «Bir sıra məhsullar var ki, bizim avropalı tərəfdaşlar daha çox Rusiyadan asılıdır, nəinki biz onlardan. Məsələn, bura avtomobil, bəzi yüngül sənaye məhsullarını aid etmək olar ki, onları biz özümüz istehsal edə bilirik. Bəzi geyimləri göstərmək olar», – deyə Belousov qeyd edib. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi qadağan edilə biləcək bəzi məhsulların siyahısını hazırlayıb.
Qeyd edək ki, Avropa Birliyi Şurasının rəhbəri Herman Van Rompey sentyabrın 12-dən Rusiyaya qarşı yeni sanksiyaların qüvvəyə minəcəyini deyib.
Yeni sanksiyalara əsasən, Avropa Birliyi Rusiyaya dərin sularda, Arktikada və şist yataqlarda neft hasilatına dair yardım etməyəcək. Sanksiya siyahısına Rusiya rəhbərliyi, iş adamları, qondarma Donetsk respublikası rəhbərliyi və Krım hakimiyyəti nümayəndələrinin adları daxil edilib.
Yeni sanksiyalar Rusiyanın beş dövlət bankına və üç iri enerji şirkətinə kredit verilməsini qadağan edir.
azadlıq.info